Kubra Məhərrəmova yazır…
İki gün Bakı səmasında Azərbaycanın və Türkiyənin qırıcı təyyarələri dövrə vurdu, qırıcılar “TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çərçivəsində uçuşlar həyata keçirdi. Çətin manevrlər edib, möhtəşəm aviaşoular təqdim olundu. Daha doğrusu festivalda göstəriləcək aviaşouların məşqi keçirildi.
Dünən isə uçuşlara bütün dünyada müharibə və ordu anlayışını alt-üst edən Səlcuq Bayraktar da qoşuldu.
O, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29” qırıcı təyyarəsi ilə azərbaycanlı pilot, polkovnik Zaur Rüstəmovla birlikdə “Akıncı” pilotsuz uçuş aparatı ilə yanaşı uçuş etdi.
Bakı səmasından Bakı buxtasının görüntüsünü yaydı.
Bakı buxtası tarixi boyu belə sevinməmişdi yəqin. “Akıncı”, Türkiyə Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” və “Solo Türk” aviaqrupunun şahinlərini Bakı səmasından görmək adama yalnız qürur hissi verir. Mənim səmamda mənim qardaşımdır. Mənim qanımdır. Özümünküdür. Ürəyimin parçasıdır.
Bəlkə də bu, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini quranların ən böyük arzusu olub. Tarix təsadüfləri sevməsə də, məhz iki gün sonra, 28 mayda bir daha bu tarixi günün ildönümü qeyd olunacaq. Elə “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı da bu ərəfələr keçirilir. Türkün tarixi boyu döyüşçü ruhu artıq yeni müstəviyə, elmə-texnologiyaya transfer olunur. Döyüşmək həm də təslim olmamaq deməkdir. Sona qədər, qələbəyə qədər çarpışmaq deməkdir.
Dünyada bir savaş brendinə çevrilən “Akıncı” sözünün mənası nədir bəs?
Akıncılar 14-cü əsrin birinci rübündən başlayaraq bir çox müharibələrdə Osmanlı İmperiyasının qələbəsində fəal rol oynayıb. Bu qoşunların vəzifəsi ölkə sərhədlərində hücumlar və kəşfiyyatlar həyata keçirmək idi. Sərhədlərə göndərilən akıncılar düşmən orduları haqqında topladıqları məlumatları orduya ötürür, pusqu qurur və digər diversiya addımları atırdı.
Akıncı qoşunlarının başqa bir vəzifəsi də casusluq etmək idi. Nişanlı akıncılar düşmən ordularına sızaraq, tələb olunan döyüş tapşırığını həyata keçirirdi. Akıncıların hücumları çox sürətli və ani olduğundan tarixə “ildırım hücumu” kimi düşüb.
Akıncılar el-oba içində böyük nüfuz və ad-san sahibi olan və akıncılıq atadan oğula keçən öhdəlik, vəzifə idi. Bəzi ailələrin şöhrəti sərhədləri aşaraq tarixin yaddaşına həkk olub. Onlardan Albaniya və Dalmaçyada Qazi Evrenos və oğulları, Mora və Yunanıstanda Qazi Turxan Bəy və oğulları, Bolqarıstanda Qazi Mihal Bəy və oğulları, Bosniya və ətrafında Malkoçoğlu ailəsini misal çəkmək olar.
Osmanlı Dövlətində ilk akıncı bəyi Evrenos bəy hesab olunur.
Yəqin ki, məhz bu adın pilotsuz uçuş aparatına verilməsi təsadüf deyil. Artıq heç kimə sirr deyil ki, Türkiyə dünya müharibə meydanına yeni reallıq gətirdi. Pilotsuz uçuş aparatları (PUA) tank erasının sonunu qoydu. Hərbi ekspertlərin fikrincə ABŞ ordusunda belə tanklar olsunmu, olmasınmı kimi müzakirələr gedir. Çünki “Bayraktar”ın Qarabağda, Ukraynada göstərdiyi şoudan sonra hərbçilər bu barədə ciddi düşünməyə başlayıb.
Qeyd edim ki, “Akıncı” “Bayraktar TB2”dən daha uzun və daha geniş olan 20 metrlik qanada sahib olaraq daha çox sursat daşıya bilir. O daha ağıllıdır, süni zəka nəticəsində daha çevikdir. Manevr imkanları genişdir. “Akıncı” da döyüş təyyarələrinin yerinə yetirdiyi tapşırıqları yerinə yetirir. “Akıncı” havadan bombardmanlar da həyata keçirə bilir. Təbii ki, bu hələ son deyil. Zamanla PUA-ların daha da inkişaf edilmiş modellərinə şahid olacağıq.
Bir kəlmə Osmanlı dövründə yerləri lərzəyə salam akıncılar reinkarnasiya olub desək yanılmarıq.
Məncə Tanrı döyüşmək və səmaları fəth etmək üçün türkü yaratdı. Türk də “Akıncı” və “Bayraktar”ı.
www.102info.az
