
Tbilisinin Krtsanisi rayonunda yerləşən Gürcüstanın Xalq artisti İbrahim İsfahanlının adını daşıyan küçə əsaslı təmir-bərpa olunub.
APA-nın yerli bürosu xəbər verir ki, şəhər meri Kaxa Kaladze küçədə görülmüş işlərlə tanış olub.
O, Krtsanisi rayonunda yol infrastrukturunun inkişafı üzrə növbəti layihənin başa çatdırıldığını bildirib.
Kaladze küçədə yeraltı kommunikasiyaların, elektrik xətləri, su kəmərinin, kanalizasiya şəbəkəsinin çəkildiyini və bərpa olunduğunu qeyd edib.
Tbilisi meriyasının məlumatına əsasən, İbrahim İsfahanlı küçəsində səkilər, bordürlər quraşdırılıb, dayaq divar və işıqlandırma şəbəkəsi də qurulub. Layihənin dəyəri 527 min lari təşkil edib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin yaxınlığında yerləşən küçəyə ad bildirən yeni lövhələrin yaxın zamanlarda vurulacağı gözlənilir.
Qeyd edək ki, İbrahim İsfahanlının (1897-1967) adı küçəyə aktyorun 100 illik yubileyinin qeyd olunduğu 1997-ci ildə verilib. O, Tbilisidəki Azərbaycan teatrının aparıcı aktyoru və rejissoru olub, geniş tamaşaçı auditoriyasına “Böyük dayaq” filmindəki (1962) mühasib Yarməmməd rolunun ifaçısı kimi yaxşı tanışdır.
