TDT-nin 12-ci Zirvə Görüşü Türk dünyasının vahid və güclü siyasi-iqtisadi məkana çevrilməsi istiqamətində mühüm addım oldu

Baş səhifə


Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Azərbaycanın Qəbələ şəhərində keçirilən 12-ci Zirvə Görüşünün geosiyasi əhəmiyyəti həm keçirilən məkan, həm də seçilmiş mövzu ilə sıx bağlıdır. Zirvə Görüşünün əsas mövzusu – “Regional sülh və təhlükəsizlik” TDT-nin regionda sabitlik və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş strateji baxışını əks etdirir.
Zirvə Görüşünün sonunda imzalanan Qəbələ Bəyannaməsi Türk Dövlətləri Təşkilatının gələcək inkişaf xəritəsini müəyyənləşdirən strateji sənəd kimi tarixə düşdü. Bəyannamədə təşkilata üzv ölkələr arasında siyasi həmrəyliyin dərinləşdirilməsi, iqtisadi inteqrasiyanın sürətləndirilməsi və ortaq layihələrin həyata keçirilməsi üzrə mühüm öhdəliklər əks olundu. Bu sənəd Türk dünyasında vahid və güclü əməkdaşlıq modelinin qurulmasına yönələn siyasi iradənin bariz göstəricisidir.
Tədbirdə çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev TDT-nin rolu və gələcək vizyonu barədə mühüm mesajlar verib. Onun çıxışında tədbirin keçirildiyi Qəbələnin tarixi və mədəni önəmi, xüsusilə Qafqaz Albaniyası irsinə istinad son dövrlərdə tarix üzərindən aparılan saxtalaşdırma cəhdlərinə tutarlı cavab olmaqla yanaşı, Türk dünyasının dərin tarixi köklərinə və Azərbaycanın bu mədəni irsdəki mərkəzi roluna diqqət çəkib.
Bakının siyasi mərkəz rolunun tədricən Şuşa, Xankəndi, Naxçıvan, Qəbələ kimi qədim şəhərlərlə paylaşılması dövlətin məqsədyönlü şəkildə regional inkişafa və təhlükəsizliyin bərpasına verdiyi önəmi göstərir. Bu yanaşma postmüharibə dövründə sərhəd bölgələrinin sabitlik və rifah məkanına çevrilməsinin ən parlaq nümunəsi kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyev çıxışında dəfələrlə vurğuladı ki, türk dövlətlərinin bir araya gələrək məhz Azərbaycanda Zirvə Görüşü keçirməsi təsadüfi deyil. Onun sözlərinə görə, bu gün TDT, sadəcə, əməkdaşlıq və ya müzakirə platforması deyil, birbaşa mühüm geosiyasi mərkəzə çevrilib. Azərbaycanın təşkilatın institusional əsaslarının möhkəmləndirilməsi üçün maliyyə dəstəyi ayırması da bu fikri təsdiqləyir. Bu, müasir dövrdə dağılmaqda olan qlobal sistem fonunda birləşən və güclənən türk mərkəzinin formalaşdığını göstərir. Analizlər göstərir ki, bu yeni regional gücün qloballaşma modelinin əsas memarı məhz Azərbaycan rəhbərliyidir.
TDT-ni qlobal gücə çevirən amillər artıq bir çox böyük dövlətlər üçün asanlıqla təsir edilə bilməyən strateji sahəyə çevrilib. Bunun əsas səbəbi odur ki, bu gün bir çox ölkədə, o cümlədən regionumuzda daxili iqtisadi və siyasi sabitlik ciddi sınaqlarla üzləşir. Lakin Türk dünyası əməkdaşlıq və qarşılıqlı etimad sayəsində bu çətinlikləri sabitlik və inkişaf yolu ilə uğurla dəf edir.
Macarıstanın Avropadakı mövqeyi ilə Türküstan coğrafiyası arasında yerləşən Azərbaycan, faktiki olaraq Şərq və Qərb sivilizasiyaları arasında unikal əməkdaşlıq dəhlizi rolunu oynayır. Bu mövqe həm Şimal, həm də Cənub sərhədləri istiqamətində baxıldıqda aydın görünür. Məhz buna görə də Azərbaycan böyük güclər arasında toqquşma risklərinin artdığı yeni beynəlxalq nizamda təhlükəsiz əməkdaşlıq axtaran tərəflər üçün ideal körpü və sabitlik mərkəzi kimi ön plana çıxır.
Türk dünyası, eyni zamanda, gənclərin dünyasıdır. Əhalisinin yaş tərkibi onun potensialını və demoqrafik üstünlüyünü açıq şəkildə nümayiş etdirir. Təhlillər göstərir ki, yaxın gələcəkdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin əhalisi bir milyarda yaxınlaşa bilər, bu da türkləri dünyada böyük potensiala malik edir. Müsbət demoqrafik saldo, yəni gənc və artan əhali TDT üçün qalıcı və gələcəyə yönəlmiş vahid gücün əsas dayağıdır. Bu potensial indiki beynəlxalq şəraitdə ölçüyəgəlməz dərəcədə güclü görünür.
Zirvə Görüşünün əsas şüarı “Regional sülh və təhlükəsizlik”dir. Bu yanaşma ilk dəfə Naxçıvan Sazişi ilə təsdiqlənmiş və bu gün TDT üzvləri üçün həssas geosiyasi bölgələrdə qoruyucu zireh rolunu oynayır. Orta Asiyada, Qafqazda və Avropada qlobal güclərin maraqları həmişə əməkdaşlığa söykənmir. Azərbaycanın yanaşması sayəsində TDT özünü qorumaq və ehtiyac olduqda əməli hərbi gücə çevrilmək istiqamətində böyük addımlar atır. Hazırda qlobal nizam pozulub və onu idarə edən hüquq normaları tapdanır. Bu şəraitdə TDT-nin üzv dövlətləri üçün birlik və ayrılmama prinsipi həyati əhəmiyyət daşıyır.
Bir sözlə, Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü Türk dünyasının vahid və güclü siyasi-iqtisadi məkana çevrilməsi istiqamətində mühüm addım oldu. Bu görüş göstərdi ki, ortaq dil, tarix və mədəniyyətlə birləşən Türk dövlətləri qlobal çağırışlara birlikdə cavab vermək, ortaq güc mərkəzi kimi çıxış etmək əzmindədirlər. Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbir bir daha sübut etdi ki, birlikdən güc doğar və bu güc Türk dünyasının sabahına inamla baxmaq üçün möhkəm zəmin yaradır.

Emin Məlikov,
Salyan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir