Düz 30 il bundan əvvəl elan olunan 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Gününün bərpası xalqımızın tarixinə həkk olundu. Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurmuş, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa etmişdir. Tarixin müxtəlif dövrlərində təbii sərvətləri və strateji-coğrafi mövqeyinə görə, zaman-zaman güclərin diqqət mərkəzində olan Azərbaycan təzyiqlərə məruz qalaraq mücadilə edib və öz azadlığı, müstəqilliyi uğrunda qanlı savaşlarda olub. Gərgin ictimai-siyasi proseslərdə xalqın müstəqillik arzusu və mübarizəsi heç vaxt tükənməyib. Ölkəmizin çoxəsrlik tarixində 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik, parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması yeni səhifə oldu. Bu gün müstəqillik tarixinin ən şərəfli, qürurlu zamanı yaşayan Azərbaycan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad edərək Zəfər tarixini yazdı. Müasir dövrün qlobal çağırışlarına dəstək verən müstəqil Azərbaycanda həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb. Bu gün, məhz uğurlu iqtisadi inkişaf strategiyasının nəticəsidir ki, Azərbaycan modeli dünyada tanınır və qəbul edilir. Bütün bu və ya digər amillər 30 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlər – tarixi gerçəklikləridir.
30 illik tarixi yolda Türkiyə dost ölkə olaraq Azərbaycanın yanında olmuşdur. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
2020-ci ildə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin 44 gün ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdiyi zaman Türkiyə dövləti ilk gündən son ana – Zəfər qazanılana qədər qardaş Azərbaycanın yanında oldu.
44 günlük Vətən müharibəsində Azərbaycan və Türkiyə arasındakı tarixi qardaşlıq və dostluğun sarsılmazlığını bir daha bütün dünya görmüş oldu. Bu müharibə bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluğa, qardaşlığa söykənir. Türkiyə Prezidentinin 44 günlük Vətən müharibəsi zamanı çıxışlarında səsləndirdiyi fikirlər, atdığı qətiyyətli addımlar, Azərbaycanın yanında olması bu dostluğun, qarşılıqlı münasibətlərin göstəricisidir. Çətin sınaq günlərində Azərbaycan ilə Türkiyənin möhkəm və etibarlı dostluğu özünü göstərmiş oldu. Əsl qardaşlıq münasibəti dünyaya nümunəyə çevrildi. Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında Cənab İlham Əliyev çıxışında bildirdi ki, bütün dünya gördü ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə bizim yanımızda idi. “Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır”- deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq”-deyə prezident bildirib.
İşğaldan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunan ərazilərimizə səfəri bu münasibətlərin davamlığını göstərir. Türkiyə Prezidentinin Füzuli Beynəlxalq Hava Limanın açılışında, eləcə də bir sıra məkanlarda təməlqoyma mərasimlərində iştirakı qardaş ölkənin hər zaman Azərbaycanın yanında olmasından xəbər verir.
100 il sonra – 1921-ci il 13 oktyabrda imzalanmış Qars müqaviləsindən sonra Türkiyənin Azərbaycana dəstəyini ən güclü formada nümayiş etdirən rəsmi sənəd Şuşa Bəyannaməsi imzalandı. Şuşa Bəyannaməsi regiondakı yeni reallıqlara, inkişafa, sülhün tam təminatına böyük təkandır. Qars müqaviləsinə istinad edilən Bəyannamə öz formatına görə ondan daha əhatəli sənəddir. Bu sənəddə Zəngəzur dəhlizinin açılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi, iqtisadiyyat, təhsil, müasir texnologiyalar üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi, iki ölkənin silahlı qüvvələrinin fəaliyyət qabiliyyətinin birlikdə artırılması və digər tədbirlər böyük əhəmiyyət kəsb edir. Sənəddə Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsipləri öz əksini tapmış oldu.
Bu gün həqiqətən, dostluq və qardaşlığa söykənən münasibətlər ən yüksək nöqtədədir. Bu günlərdə “TEKNOFEST” festivalının Azərbaycanda keçirilməsi bu dostluq münasibətlərinin davamlı olmasının təzahürüdür. Bu festivalın ölkəmizdə keçirilməsi mövcud əlaqələrdən dünyaya bir mesaj oldu. Festival Azərbaycana mənəvi və siyasi dəstəkdir. Festivalda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra mühüm mesajlar verdilər.Cənab Prezident “Bu gün “TEKNOFEST” bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır. Əminəm ki, “TEKNOFEST”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar”. Türkiyənin qardaş, dost ölkə olaraq Azərbaycanın yanında olması əlaqələrin möhkəm təməl üzərində qurulmasını bir daha təsdiqləyir. Bütün dünyaya dostluq və qardaşlıq nümunəsi olan Azərbaycan Türkiyə birliyi hər ötən gün daha da möhkəmlənir.
Habil QURBANOV
Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri
