Tezliklə kəlbəcərlilərin də öz doğma yurdlarına köçmələrinin sevincini yaşayacağıq

Xüsusi Xəbər

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı. Döyüş meydanında 5 şəhərin, 4 qəsəbənin, 300-ə qədər yaşayış məntəqəsinin, bir sıra strateji yüksəkliklərin azad edilməsi Azərbaycan Ordusunun gücünün, qüdrətinin təqdimatı oldu. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları Bəyanatda əksini tapan müddəaların hər biri Azərbaycanın tarixi Qələbəsini, Ermənistanın biabırçı məğlubiyyətini təsdiqlədi. Həmin sənəddə noyabrın 15-də Kəlbəcərin, 20-də Ağdamın və dekabrın 1-də Laçının döyüşsüz Azərbaycana təhvil verilməsi öz əksini tapmışdı. Noyabrın 25-də xalqımız Kəlbəcərin qaytarılması sevincini yaşadı.
Dövlət başçısı cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi tariximizin bu qürurverici səhifələrinin daim vərəqlənməsinə çağırış kimi dəyərləndirilir. Şanlı Zəfərimizin təcəssümü kimi dəyərləndirilən bu sənədə əsasən, Kəlbəcər rayonunun işğaldan azad edildiyi tarix-25 noyabr Kəlbəcər Şəhəri Günü kimi təsis edildi. Bu tarixi günlər, eyni zamanda, torpaqlarımızın işğal günlərinin, ermənilərin başımıza gətirdikləri faciələrin unudulmamasını da bir tələb kimi qarşıya qoyur. Bu baxımdan Kəlbəcər Şəhər Günündə rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atdığını, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinə nail olduğumuzu böyük qürur hissi ilə təhlil etməklə yanaşı, bir daha Kəlbəcərin işğalını, 30 ildə Azərbaycan dövlətinin münaqişənin həlli istiqamətində atdığı addımları təhlil etməyi şərtləndirir.
Kəlbəcər füsunkar təbiətə, zəngin mədəni irsə malik rayondur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda türkçülüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Üçtərəfli Bəyanatın şərtlərinə əsasən, Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər simasının, barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. 1993-cü ilin aprel ayından etibarən Kəlbəcərdə qeyri-qanuni məskunlaşan ermənilər buranı tərk edərkən rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar.
Hazırda digər azad edilmiş ərazilərimiz kimi, Kəlbəcər rayonu da müasir tələblər səviyyəsində yenidən qurulur. Dövlətimizin başçısı Kəlbəcərin azad olunması ilə bağlı xalqa 2020-ci il 25 noyabr tarixli müraciətində bu əminliyi xüsusi vurğuladı ki, biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik. Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var. Artıq bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlayır. Nəinki Kəlbəcər, bütün şəhərlərimizə həyat qayıdacaq. Prezident İlham Əliyevin son 5 ildə Kəlbəcər rayonuna səfərləri çərçivəsində görülən işlərin xronologiyasına diqqət yetirdikdə cari ildə sakinlərinə qovuşacaq şəhərlər sırasında Kəlbəcər şəhərinin də adının olmasından qürur hissi keçiririk. Qısa zamanda görülən böyük həcmli işlərin əsasında soydaşlarımızın tezliklə bu torpaqlara qayıdışı, burada həyatın davam etdirilməsi dayanır. Bunun üçün təkcə bir səfər çərçivəsində Prezident İlham Əliyevin açılışında və təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Dövlət başçısının Kəlbəcərdə Tərtər çayı üzərində yerləşən “Yuxarı Vəng” Su Elektrik Stansiyasının, “İstisu” mineral su zavodunun, “İstisu” yarımstansiyasının açılış, ikinci yaşayış kompleksinin, inzibati binanın, İstisu qəsəbəsinin təməlqoyma mərasimləri keçirilib. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə, Təhsil Kompleksində aparılan işlər və bu il açılacaq modul tipli məktəbin layihəsi ilə, 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanışlıq oldu. Prezident İlham Əliyevin azad edilmiş ərazilərimizə davamlı səfərləri və icra edilən infrastruktur layihələri ümumilikdə Böyük Qayıdış Proqramının icrası barədə aydın təsəvvür yaradır.
Bu gün işğaldan azad edilmiş hər bir ərazimiz öz potensial imkanları ilə diqqətdədir. Dövlətimizin başçısı cənab İlham Əliyev bu çağırışı edir ki, Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək. Rayonun zəngin təbii qaynaqları, təbii ehtiyatları vardır. Bu imkanlardan səmərəli istifadə gələcəkdə Azərbaycanın davamlı inkişafında əhəmiyyətli rol oynayacaq. Tezliklə kəlbəcərlilərin də öz doğma yurd-yuvalarına köçmələrinin sevincini yaşayacağıq.

Emin Məlikov,
Salyan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbin direktor müavini, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir