Türk Dövlətləri Təşkilatının Gələcəyi: Azərbaycan Diplomatiyasının Yeni Səviyyəsi

Cəmiyyət

Azərbaycan Respublikası bu gün dünyanın əksər dövlətləri ilə çoxşaxəli və dinamik ikitərəfli münasibətlərə malikdir. Bu münasibətlər təkcə siyasi əlaqələrlə məhdudlaşmır, həmçinin iqtisadi, humanitar, mədəni və enerji sahələrində əməkdaşlığı da əhatə edir. Belə bir çoxistiqamətli xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, sabitlik daşıyıcısı və regional lider statusunu gücləndirir.

İkitərəfli əlaqələr yalnız dövlətlərarası münasibətlər çərçivəsində strateji əməkdaşlıq deyil, eyni zamanda xalqlar arasında qarşılıqlı anlaşma, etimad və mədəni yaxınlaşma üçün münbit zəmin yaradır. Azərbaycan bu münasibətlərin inkişafında təşəbbüskar, çevik və prinsipial mövqeyi ilə seçilir. Xüsusilə İkinci Qarabağ müharibəsində əldə olunan Qələbə bu münasibətlərin məzmununa və yönünə yeni impuls verdi. Bu tarixi Zəfər yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də Azərbaycan dövlətinin suverenliyinin və milli iradəsinin qlobal səviyyədə qəbul olunmasının təməlini qoydu.

Azərbaycanın artan beynəlxalq nüfuzu və regional gücə çevrilməsi bir sıra beynəlxalq platformalarda, o cümlədən Türk Dövlətləri Təşkilatında da özünü aydın şəkildə göstərməkdədir. 2025-ci il may ayının 21-də Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü bu reallığın daha bir təsdiqi oldu. Azərbaycanın bu mühüm görüşdə təmsil olunması və Prezident İlham Əliyevin orada çıxış etməsi, ölkəmizin türk dünyasında və ümumiyyətlə beynəlxalq sistemdə artan nüfuzunun göstəricisi kimi dəyərləndirilməlidir.

Budapeştdə keçirilən Zirvə görüşündə Prezident İlham Əliyevin çıxışı həm məzmun, həm siyasi baxış, həm də strateji çağırışlara verdiyi cavablar baxımından diqqətçəkən oldu. Bu çıxış Azərbaycan Respublikasının bu gün yalnız bölgə səviyyəsində deyil, qlobal miqyasda etibarlı tərəfdaş və prinsipial aktor kimi qəbul olunduğunu göstərdi. Prezidentin çıxışı göstərdi ki, Azərbaycan bu birlikdə liderlik mövqeyini yalnız tarixi və coğrafi üstünlüklərinə deyil, həm də institusional təşəbbüskarlıq, real əməkdaşlıq və uzunmüddətli strateji baxışa əsaslanaraq qoruyur və inkişaf etdirir.

Təsadüfi deyil ki, yaxın gələcəkdə TDT-nin növbəti Zirvə görüşünün Azərbaycanda keçirilməsi planlaşdırılır. Bu, Azərbaycanın artıq təşkilat daxilində koordinasiya və təşəbbüs mərkəzinə çevrildiyini göstərir. Digər dövlət başçılarının Azərbaycana rəsmi dəvət olunması həm də diplomatik protokol çərçivəsində deyil, siyasi həmrəyliyin və strateji koordinasiyanın təzahürü kimi qiymətləndirilməlidir.

Azərbaycanın türk dövlətlərinə 20 milyard ABŞ dollarından artıq sərmayə yatırması bu ölkənin TDT çərçivəsində iqtisadi inteqrasiyanın aparıcı qüvvəsi olduğunu göstərir. Bu sərmayələr yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, vahid türk iqtisadi məkanının formalaşmasına, qarşılıqlı ticarət dövriyyəsinin artmasına və enerji-logistika dəhlizlərinin reallaşmasına xidmət edir.

Bu prosesin mühüm institusional aləti kimi “Türk İnvestisiya Fondu” fəaliyyətə başlayır. Bu fond türk dövlətləri arasında birgə investisiya təşəbbüslərini maliyyələşdirməklə yanaşı, regionda kapitalın səmərəli dövriyyəsinə, risklərin bölüşdürülməsinə və davamlı iqtisadi artımın təmin olunmasına şərait yaradacaq. Fondun yaradılması həm də TDT-nin iqtisadi inteqrasiyasının artıq təsadüfi əməkdaşlıqdan sistemli və institusional mərhələyə keçdiyini göstərir.

Budapeşt Zirvə görüşünün nəticəsi olaraq qəbul edilən və 71 bənddən ibarət olan Budapeşt Bəyannaməsi, Türk dünyasının gələcək inteqrasiya istiqamətlərini müəyyən edən strateji sənəd kimi çıxış edir. Bəyannamədə TDT-nin hüquqi əsaslarının qorunması, eyni zamanda təşkilatın yeni dövrün çağırışlarına uyğun struktur və fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi prioritet olaraq müəyyən edilmişdir. Bəyannamədə xüsusi yer ayrılan və strateji əhəmiyyət daşıyan sənədlərdən biri “Türk Dünyası Xartiyası”dır. Bu sənəd Türk dövlətləri arasında ortaq dil, tarix, mədəniyyət və ənənələrə əsaslanan həmrəyliyin yalnız ideoloji baza kimi deyil, funksional və institusional bir model kimi inkişaf etdirilməsini hədəfləyir. Xartiyanın imzalanması ilə TDT üzvləri “ortaq türk kimliyi”ni beynəlxalq hüququn subyekti olaraq qəbul etdiklərini və bu kimliyi qlobal sistemdə fəal aktor kimi tanıtdıqlarını nümayiş etdirdilər.

Ümumilikdə, Budapeşt Zirvə görüşündə qəbul edilən sənədlər və verilən mesajlar göstərir ki, TDT yalnız etno-mədəni bağlılıq əsasında deyil, ortaq siyasi iradə, inteqrasiyaya yönəlik strateji maraqlar və uzunmüddətli inkişaf hədəfləri əsasında formalaşır. Azərbaycan isə bu inteqrasiya prosesində aparıcı rol oynayaraq, Türk dünyasının vahid güc mərkəzinə çevrilməsi üçün zəruri siyasi və iqtisadi alətləri səfərbər edir.

Bir sözlə, Azərbaycanın Budapeşt Zirvəsindəki iştirakı və Prezident İlham Əliyevin çıxışı, ölkəmizin Türk dünyasındakı liderlik statusunu bir daha təsdiqlədi. TDT çərçivəsində Azərbaycanın rolu artıq sadəcə iştirakçılıq deyil, istiqamətvericilik, təşəbbüskarlıq və strateji iradə nümayişidir. Azərbaycanın iqtisadi, diplomatik və mədəni siyasəti türk dövlətlərini yalnız keçmişlə birləşdirmir — gələcəkdə də güclü və dayanıqlı bir birlik kimi möhkəmləndirir.

Faiq Çobanov,

Salyan rayon Qardili kənd tam orta məktəbin direktoru, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir