Tarixən zamanın müxtəlif kəsimlərində Azərbaycan və Türkiyə əsasən birgə fəaliyyət göstərmişlər. Yeganə sovetlər dövründə birbaşa əlaqələr qurula bilməmişdir. Lakin bütün bu maneələr bizim içimizdə olan türk sevdasını məhv edə bilməmişdir. Azərbaycan ötən əsrin sonralarında təkrar müstəqilliyinə qovuşduqdan sonra, uzun illər ayrı qalmış qardaşlar artıq kimsənin hansı mövqedə olmasından asılı olmayaraq, yenidən bütün əlaqələrini bərpa etməyə başlamışlar.
Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət də qardaş Türkiyə Cümhuriyyəti olmuşdur. 1991-ci ildən sonra Türkiyə və Azərbaycanın münasibətləri artan templə inkişaf edir və sarsılmaz təmələ malikdir. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı siyasi, iqtisadi, mənəvi, həmçinin də mühüm geostrateji mahiyyətə malikdir. Eyni milli kökə, eyni dilə, tarixi ənənələrə, qarşılıqlı dostluq və etimada əsaslanan münasibətlərimiz bütün sahələrdə sürətlə inkişaf edir və keyfiyyətcə yeni çalarlar almaqdadır.
Qeyd edək ki, iki dost, qardaş, müttəfiq ölkələr – Azərbaycan və Türkiyə növbəti dəfə sarsılmaz birlikləri, həmrəylikləri ilə növbəti dəfə dünyanı heyrətləndirdilər. Bakıda ilk dəfə 28 Mayda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı gələcəyimiz olan gənclərin bu qardaşlığa verəcəkləri töhfələrin aydın mənzərəsini təqdim etdi. Festivalda Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı bu birliyin dünyaya bir daha nümayişi idi. Qoy bütün dünya görsün ki bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Bütün bunlar, ölkələrimiz arasında,xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyev Festivalda çıxışı zamanı bildirdi ki, bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır.
Bəli, dünyada analoqu olmayan qardaşlığın, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanan reallığın təcəssümüdür. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərləri çərçivəsində səsləndirilən fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirir ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir.
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV: “Türkiyə və Azərbaycan bir-birinə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrilib”
Dövlətimizin başçısı bu gün ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq: “Mən dəfələrlə demişəm ki, Türkiyənin gücü, artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik»,-deyən Prezident İlham Əliyev söyləyib: “Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim və Azərbaycanın müstəqil siyasətini təmin edim. Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır”. Türkiyə və Azərbaycanın bundan sonra da yüksələn xətlə yalnız irəliyə gedəcəyinə əmin olduğunu bildirən Prezident İlham Əliyev çıxışını bu şüarlarla tamamlayıb: “Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı! Qarabağ Azərbaycandır!”
Ramilə Seyidova Siyəzən rayon Mərkəzi Kitabxanasının şöbə müdiri
www.102info.az
