Üçtərəfli əməkdaşlıq formatı gələcək uğurların və strateji layihələrin xəbərçisi kimi tarixə düşdü

Baş səhifə

Azərbaycanın xarici siyasətində türkdilli dövlətlərlə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Ölkəmizin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyəti isə xüsusi önəm daşıyır. 22 avqust 2025-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana səfərə getmişdir. Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə üçtərəfli sammit keçirilib və sammitin yekunlarına görə Birgə Bəyanat qəbul edilib. Bu Bəyannamə bərabərlik, qarşılıqlı fayda və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında ölkələr arasında ticari-iqtisadi əməkdaşlığı gücləndirmək məqsədini daşıyır. Tədbirin sonunda Azərbaycan, Türkmənistan və Özbəkistan respublikalarının rəhbərləri bu üç ölkə arasında yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər. Bildiyiniz kimi, hazırda işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilməkdədir. Qarabağın yenidən qurulmasında qardaş ölkələrin iştirakı isə böyük mənəvi və siyasi dəyərə malikdir.Türkmənbaşı Sammitində əldə olunan razılaşmalar və imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə mühüm töhfə olacaqdır. Azərbaycanın həm Özbəkistan, həm də Türkmənistanla siyasi əlaqələrinin yüksək səviyyədə və möhkəm əsaslar üzərində qurulması Üçtərəfli Zirvə Görüşünün effektivliyini artıran əsas amillərdən biri kimi dəyərləndirilir. Cənab Prezident İlham Əliyevin Sammitin yekunlarına dair mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, hazırda Azərbaycanın həm Özbəkistan, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Cari ilin iyul ayında Türkmənistan Xalq Məsləhətinin sədri dövlət başçımızın dəvəti ilə Azərbaycanda səfərdə olmuşdur. İki gün ərzində aparılan müzakirələr göstərdi ki, bir çox məsələlərdə ölkə rəhbərlərinin mövqeləri üst-üstə düşür. Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviçin burada Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdüyünü xatırladan cənab Prezident İlham Əliyev bunu türkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsi, qardaşlığın təcəssümü kimi qiymətləndirdi. Cənab Prezident əmin olduğunu bildirdi ki, Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək. Əlbəttə ki, Sammitin gedişində əldə olunmuş razılaşmaların nəticələri olaraq Azərbaycan və Türkmənistan arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumu, Füzuli şəhəri ilə Türkmənistanın Arxadağ şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol və Azərbaycan, Türkmənistan və Özbəkistan arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu kimi mühüm sənədlərin imzalanması da üç qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə böyük töhfə olacaq.Cənab Prezident İlham Əliyevin bəyanatında Azərbaycan-Özbəkistan əlaqələrinin səmimi dostluq münasibətləri üzərində qurulduğu xüsusi qeyd olundu. Dövlətimizin başçısı bu gün Xankəndidə Özbəkistanın inşa etdiyi böyük tikiş fabrikinin fəaliyyət göstərdiyini xatırlatdı. Qeyd olundu ki, bu, Azərbaycana- dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir. Özbəkistanın ilk qardaşlıq hədiyyəsi isə, Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin inşası olmuşdur. Əminliklə demək olar ki, Azərbaycan-Türkmənistan-Özbəkistan əlaqələri bundan sonra da səmimi dostluq və qardaşlıq münasibətləri əsasında inkişafda olacaq və hər üç ölkənin xalqlarının rifahına xidmət edəcəkdirZirvə görüşünün ən mühüm nəticələrindən biri Azərbaycan, Türkmənistan və Özbəkistan arasında üçtərəfli əməkdaşlıq formatının yaradılmasıdır. Bu əməkdaşlıq nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft-qaz sahələrini və mədəni əlaqələri əhatə edəcək. Beləliklə, üç qardaş ölkə təkcə ikitərəfli deyil, həm də çoxtərəfli əməkdaşlıq müstəvisində yeni model formalaşdırır. Bu model bölgədə sabitlik, inkişaf və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəm təməlini qoyur. Üçtərəfli əməkdaşlıq formatı isə gələcək uğurların və strateji layihələrin xəbərçisi kimi tarixə düşdü.Azərbaycan, Türkmənistan və Özbəkistan arasında qurulan bu üçtərəfli əməkdaşlıq platforması, Türk Dövlətləri Təşkilatının məqsəd və məramına uyğun olaraq yalnız bugünün problemlərini həll etməyə deyil, həmçinin sabahın daha güclü, daha firavan və daha qüdrətli Türk dünyasının qurulmasına xidmət edir.

Telman Ağabəyov,Salyan şəhər bələdiyəsinin sədri, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir