Ukraynanın Çerniqov vilayətinin Kryukov şəhərində Rusiya qoşunları tərəfindən yerli sakinlərlə birgə bir aya yaxın mühasirədə qalan Azərbaycan şirkətinə məxsus yük maşını və sürücüsü azad olunub.
İvano-Frankovsk vilayəti Azərbaycanlılar Konqresinin sədri, logistika xidməti rəhbəri Mətləb Nəcəfov “Report”un Şərqi Avropa bürosuna bildirib ki, Azərbaycanın “Volf transport” şirkətinə məxsus yük maşını və onun sürücüsü, Azərbaycan vətəndaşı, 1967-ci il təvəllüdlü Əliyev Arif Eynulla oğlu mühasirədən azad olunub, hazırda Ukraynanın Rumıniya ilə sərhədindədir.
Sənədləşmə işləri başa çatdıqdan sonra A.Əliyev Avropa ölkələri vasitəsilə Azərbaycana yola salınacaq. Azərbaycanlı sürücünü və onunla birgə Türkiyədən, Gürcüstandan olan sürücüləri Ukrayna Ərazi Özünümüdafiə Hissəsi mühasirədən azad edərək təhlükəsizliyini təmin edib.
Qeyd edək ki, Azərbaycan şirkətinə məxsus yük maşını müharibəyə qədər yükdaşıma məqsədi ilə Çerniqovda olmuş və müharibə başlayandan sonra Rusiya qoşunlarının şəhəri mühasirəyə alması nəticəsində mühasirəyə düşmüşdü.
www.102info.az
