Nadir istedada, böyük dühaya, xüsusi təfəkkür və düşüncə tərzinə, böyük ideyaların daşıyıcısı keyfiyyətinə, qeyri-standart qərarlar qəbul etmək bacarığına sahib olmaq tarixi şəxsiyyətlərə xas olan xüsusiyyətlərdir. Tarixdə elə şəxsiyyətlər olmuşdur ki, onların həyat və fəaliyyəti bütöv bir xalqın, dövlətin inkişaf yolunu müəyyənləşdirmişdir. Böyük siyasət və dövlət xadimləri yalnız təmsil etdikləri xalqın və dövlətin tarixində oynadıqları rolla deyil, həm də bütövlükdə dünyanın özünün idarə olunmasına və gələcək taleyinə yönəlmiş nəzəri baxışları və ideyaları ilə tanınırlar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev də məhz belə tarixi şəxsiyyətlərdəndir.
Heydər Əliyevin fəaliyyəti dünya siyasət sənətinin xəzinəsinə daxil olmuş, onun adı Azərbaycan xalqının rəmzinə, keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqət meyarına çevrilmişdir. Bu gün bizlər əminliklə deyə bilərik ki, Azərbaycanda elə bir sahə yoxdur ki, Heydər Əliyev dühası, Heydər Əliyev zəkası birbaşa oraya təsir göstərməsin. Təsadüfü deyildir ki, Azərbaycanın 1969-cu ildən başlanan dövrü tariximizə Heydər Əliyev dövrü kimi daxil olmuşdur.
On illərlə bütün şüurlu həyatını Azərbaycanın var olmasına, inkişafına və çiçəklənməsinə həsr etmiş dahi dövlət xadimi hakimiyyətdə olduğu ilk dövrdən etibarən yeni bir Azərbaycan yaratmışdı. Sovet dönəmində rəhbərlik etdiyi 14 ilə yaxın dövr ərzində o, milli ruhun, azərbaycançılıq məfkurəsininin yüksəldilməsinə çalışmaqla hazırki dövlət müstəqilliyimizin möhkəm təməlini qoymuşdu.
Ulu Öndərin hakimiyyətə ikinci dəfə gəlişi nəticəsində isə itirilmək təhlükəsi ilə üz-üzə qalmış dövlət müstəqilliyimiz məhz onun müdrik siyasəti nəticəsində əbədi və dönməz xarakter almışdır.
Qədirbilən xalqımız xalqı qarşısında göstərdiyi xidmətlərinə görə hər zaman öz Ümummilli Liderinə minnətdardır. Azərbaycan xalqı bu gün xoşbəxtdir ki, ömrünü xalqına həsr etmiş Ulu Öndər Heydər Əliyev kimi dahi lideri və onun layiqli davamçısı İlham Əliyev cənabları kimi dövlət rəhbəri vardır. Məhz bu sevgi və sədaqət, ölkə başçısına olan sonsuz inam sayəsində inanırıq ki, cənab Prezident İlham Əliyev cənabları xalqımızı və dövlətimizi bundan sonra da zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaqdır.
Samir Baxşiyev-YAP Siyəzən rayon təşkilatının sədri.
www.102info.az
