“Uşaqsız şəhər”in maraqlı sakinləri: Fədakar neftçiləri, həvəskar aşıqları, “Maradona”sı… – FOTOREPORTAJ

İqtisadiyyat

Bakının Pirallahı rayonunun inzibati ərazi vahidinə daxil olan “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) yataqları artıq uzun illərdir ki, istismardadır. Gündəlik neft hasilatı 3000 ton olan NQÇİ-də hasilatın il sonuna qədər artırılması planlaşdırılır.

Hazırda NQÇİ-də yeni layihələr icra edilir, əlavə quyular qazılır, meydançalar salınır.

Yataqların işlənməsinin dörd mərhələdən ibarət olduğunu deyən “Neft Daşları” NQÇİ-nin baş geoloqu Nasir Xalıqov hazırda işlənmənin dördüncü mərhələsində olduqlarını deyir:

“Neft Daşlarında bu vaxta qədər 2300-dən çox quyu qazılıb. Təbii ki, geoloq olaraq işimiz qalıq nefti və ehtiyatları realizə etməkdir. Hazırda bu məqsədlə layihəsi təqdim olunmuş əlavə üç meydançanın tikinti işlərinə başlanılıb. Paralel olaraq həmin meydançaların tikiləcəyi yerlərə yeni estakadalar çəkilir. Perspektivdə 30 quyuluq yeni platformanın tikintisi də nəzərdə tutulur”.

Baş geoloqun sözlərinə görə, Neft Daşları köhnə yataqlardan ibarət olsa da, ehtiyat potensialı nəzərə alınaraq onun 2050-ci ilə qədər istismar edilməsi proqnozlaşdırılır:

“İl sonuna qədər gündəlik 3000 ton olan neft hasilatının 3400 tona çatdırılması planlaşdırılır. Hazırda hasilatın artırılması üçün yeni quyular qazılır və geotexniki tədbirlər görülür”.

Neft Daşlarında yeni layihələrin realizasiyası üzrə işlər aparılır. Yeni quyuların qazılması, köhnə quyularda istismarın artırılması işləri gedir. Bu sahədə 30 ildən artıq iş təcrübəsi olan neftçi Sarvan Baxşıyev yataqlarda operator vəzifəsində çalışır.

Onun işi neft quyularına və hasilata nəzarət etmək, eləcə də quyulardakı problemləri aydınlaşdırmaq və manometr cihazlarını yoxlamaqdan ibarətdir.

Əlli yaşlı neftçi deyir ki, işin ən maraqlı tərəfi məhz qazmadan verilən quyuda hasilata nail olunmasıdır:

“Quyunun mənimsənilməsi, buradan hasilata başlanılması və istədiyimiz həcmdə neft çıxarılması işin ən maraqlı hissəsidir”.

Bu kiçik qəsəbədə inşaatçılar, qazmaçılar, geofiziklər, dalğıclar, yanğınsöndürənlər, həkimlər, nəqliyyatçılar bir yerdə çalışırlar. Şəhərciyin ümumilikdə dörd minə yaxın sakini var. Qəsəbədə nəqliyyat vasitəsi kimi gəmi və vertolyotdan istifadə edilir. 

“Azneft” İstehsalat Birliyinin Dəniz və Hava Nəqliyyatı Şöbəsinin rəisi Qalib Cəlilovun dediyinə görə, hazırda yeni gəmilərlə səfərlərin müddəti altı saat yarımdan iki saata qədər endirilib və Neft Daşlarında çalışanlar üçün gəmi ilə səfər etmək daha rahatdır.

Neft Daşlarında uzun illər təcrübəsi olan neftçilərlə yanaşı, sahəsinin peşəkarı olan gənc neftçilər də çalışırlar. Üstəlik, onların özlərinə məxsus maraqlı məşğuliyyətləri də var. Məsələn, neftçilərdən biri yaxşı futbol oynadığına görə “Maradona” ləqəbini daşıyır. O, uzun illərdir ki, Neft Daşlarında çalışır. Lakin iş başında olmadığından onunla söhbət edə bilmədik.

Buradakı yaşayış səviyyəsi heç də qurudakı qəsəbələrdən fərqlənmir. Çatışmayan bircə uşaqlardır. Buna görə də Neft Daşlarına bəzən “uşaqsız şəhər” də deyirlər. 

2006-cı ildən Neft Daşlarında çalışan və işdən qalan vaxtlarını maraqlı məşğuliyyətlə keçirən neftçilərdən biri də Məzahir Zeynalovdur. O hazırda quyuların yeraltı və əsaslı təmiri sahəsində mühəndis işləyir:

“Əslində, ailəmizdə hər kəs, demək olar ki, aşıqdır. Babam aşıq Mikayıl Azaflı, atam aşıq Roman Azaflı, bibim aşıq Gülərə Azaflıdır. Qardaşım da aşıq sənətini özünə məşğuliyyət seçib. Mən isə bu sahədə həvəskaram. Özümə peşə olaraq neft sənayesini seçdim. 2006-cı ildə hərbi xidmətdən qayıtmışdım, televiziyada bir veriliş əsnasında Neft Daşlarından bəhs edilirdi, ekranda gördüyüm andan etibarən buraya marağım artdı. Qərar verdim ki, bu sahəni seçməliyəm. Elə 2006-cı ildən də müraciət edərək Neft Daşlarında çalışmağa başladım”.

Neft Daşlarında iş səhər saat 06:30-da başlayır, 12 saat davam edir. On beş gün dənizdə olan neftçilər növbəti on beş günü quruda istirahətdə olurlar.

Məzahir deyir ki, burada boş vaxtlarını idman zalında, parkda istirahət edərək və saz çalaraq keçirir:

“Burada Elvin adlı iş yoldaşım var, o da saz çalmağı bacarır. Onunla birgə yoldaşlarla yığışıb sazda ifa edirik”.

Neftçi bildirir ki, gördüyü iş çətindir, ağırdır, lakin şərəflidir:

“Uzun müddət ailədən uzaq qalırıq, vaxtımızı daha çox burada keçiririk, amma buna dəyir. Bir oğlum, bir qızım var. Oğlum ikinci sinif şagirdidir, qızım isə bağçaya gedir. Hər dəfə Neft Daşlarına gələndə “neftçilərə gedirsən?” deyirlər. Oğlum daha çox musiqi və idman sahəsinə yönəlib. Qızım isə hələ balacadır”.

Onun sözlərinə görə, quru ilə əlaqəsi olmayan sahədə neft çıxarmağın öz çətinlikləri var:

“İnsan nə qədər heç nədən qorxmadığını desə də, burada çətinliyi hiss edirsən. İlk dəfə çalışdığım 18-87 saylı meydançada fərqli hisslər yaşadım. Gecə saatlarında başlayan külək, dənizin uğultusu, estakadaya çırpılan dalğalar… O anda estakadanın ayağının altından devriləcəyini düşünürsən. Burada ilk dəfə qorxulu anlar yaşadım və dörd-beş il həmin ərazidə çalışdım”.

Neftçinin də dediyi kimi, quru ərazi ilə əlaqəsi olmayan bir sahədə çalışmağın böyük çətinlikləri var, elə buna görə də Neft Daşlarına ilkin zamanlarda işçi cəlb etmək bir az çətin olub. Həmin illərdə ağır koloniyalardan (ağır cinayətlər törətmiş) məhkumları, Sibirdən qadın və kişiləri işə cəlb ediliblər. Aldığım məlumata görə, burada axırıncı çukça 2004-2005-ci ilə qədər Neft Daşlarında çalışıb.

1957-ci ilin noyabr ayının 20-dən 21-nə keçən gecə Neft Daşları tarixində ən faciəli gün kimi yaddaşa həkk olub. Həmin gün dəhşətli fırtına zamanı dalğanın hündürlüyü 13 metrə qədər qalxıb və bir sıra qurğular, kommunikasiya xətləri, estakada və estakadayanı meydançalar dağılıb. Fırtınalı gecədə güclü dalğalara tab gətirməyərək dağılan dəniz özülünün nəhəng metal hissələri altında qalan Mixail Kaveroçkin və onun briqadası – Süleyman Bağırov, Nikolay Duplixin, İbrahim Sadıqov, Məmməd Muradov, Bala Mirzəyev və başqaları həlak olublar.

Neft Daşlarında hər il noyabr ayının 21-də həlak olmuş 21 nəfər neftçinin xatirəsini yad etmək məqsədilə 21 ədəd gül dəstəsi dənizə buraxılır.

Nigar Məmmədova

FOTO: Tapdıq Abdullayev

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir