Ağdam bölgəsi Azərbaycan xalqının tarixində və mədəni irsində xüsusi yeri olan, minilliklər boyunca müxtəlif sivilizasiyaların yaşayıb inkişaf etdiyi qədim bir məkan kimi tanınır. Arxeoloji qazıntılar və elmi araşdırmalar göstərir ki, bu ərazi hələ qədim dövrlərdən etibarən insanların məskunlaşdığı, mühüm ticarət yollarının kəsişdiyi, strateji və mədəni əhəmiyyət daşıyan bir məkan olub. Üzərliktəpə kimi qədim yaşayış yerlərində aparılan tədqiqatlar bölgədə Eneolit və Tunc dövrünə aid mədəni qatların mövcudluğunu təsdiqləyir. Şahbulaq qalası, Qərvənd kurqanları, orta əsrlərə aid məscid və qəbir abidələri Ağdamın tarix boyu xalqımızın mədəni zənginliyinə necə töhfə verdiyini bariz şəkildə ortaya qoyur. Bu irs yalnız memarlıq və arxeoloji dəyər daşımır, həm də milli kimliyimizin, tarixi yaddaşımızın ayrılmaz hissəsi kimi əhəmiyyət kəsb edir.
Bu qədim və zəngin coğrafiyanın taleyinə 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalı ilə ağır bir zərbə vuruldu. İllərlə erməni təcavüzünün hədəfində olan Ağdam bölgəsi işğaldan sonra sistemli şəkildə dağıdılmağa başladı. Ev və yaşayış məhəllələri məqsədyönlü şəkildə yandırıldı və yerlə-yeksan edildi, mədəniyyət ocaqları viran qoyuldu, Azərbaycan xalqına məxsus tarixi abidələr tamamilə məhv edildi. Qəbiristanlıqlar traktorlarla dağıdıldı, muzey eksponatları talan edildi, məscidlər təhqir olundu. Bütün bunlar Rəsmi İrəvanın həyata keçirdiyi və beynəlxalq humanitar hüquqa zidd olan müharibə cinayətlərinin miqyasını daha da açıq şəkildə ortaya qoyurdu. Bu vandalizm təkcə maddi irsin yox edilməsi deyildi – bu, bütöv bir mədəniyyətin silinməsinə yönəlmiş planlı və məqsədyönlü siyasətin təzahürü idi.
Ağdamın keçdiyi bu ağır yol zamanla şəhərin simvolik olaraq “Qafqazın Xirosiması” adlandırılmasına səbəb oldu. Bu ifadə Ağdamın işğal illərindəki real mənzərəsini təsvir etmək üçün ən dəqiq bənzətmələrdən biri kimi qəbul edildi. Bir vaxtlar Azərbaycanın sənaye, mədəniyyət və sosial həyatının mühüm mərkəzlərindən olan şəhər tamamilə xarabalığa çevrilmiş, sanki xəritədən silinmişdi. Bütün ölkə ictimaiyyəti üçün Ağdam xalqımızın yaşadığı faciənin, dağıntıların, həsrətin və eyni zamanda qayıdış arzusunun rəmzinə çevrilmişdi. Lakin bu dağıntılar xalqımızın iradəsini, qətiyyətini və bir gün öz torpaqlarına dönmək inamını sarsıda bilmədi. Ağdamın yenidən dirçələcəyi, xalqımıza qovuşacağı günün gələcəyinə inam həmişə güclü oldu.
Bu inam 2020-ci ildə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərlə gerçəkliyə çevrildi. Vətən müharibəsi yalnız hərbi qələbə deyildi, həm də illərdir davam edən ədalətsizliyə son qoymaq, işğal altında olan torpaqlarımızı azad etmək üçün tarixi missiyanın həyata keçirilməsi idi. Azərbaycanın güclü ordusu, xalqımızın birliyi, Müzəffər Ali Baş Komandanın iradəsi nəticəsində əldə edilən möhtəşəm qələbə bölgədə yeni reallıqlar yaratdı. Hərbi zəfərin siyasi-hüquqi təsdiqi isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla oldu. Bu sənəd Ermənistanın kapitulyasiyasını rəsmiləşdirdi və işğalçı qüvvələrin Ağdamdan qeyd-şərtsiz çıxarılmasını təmin etdi. Ermənistan ordusunun bir güllə belə atılmadan Ağdamdan çəkilməsi Azərbaycanın diplomatik qələbəsinin, hərbi gücünün və beynəlxalq arenada qazandığı üstün mövqeyin təcəssümü idi.
Bu gün Ağdamın tarixi yeni mərhələyə qədəm qoyub. İşğaldan azad edildikdən sonra burada Azərbaycan dövlətinin həyata keçirdiyi genişmiqyaslı yenidənqurma işləri şəhərin simasını tamamilə dəyişməyə başlayıb. Artıq Ağdam təkcə bir zamanlar dağıntılar şəhəri kimi xatırlanmır; o, bu gün böyük quruculuğun, inkişafın, intibahın mərkəzinə çevrilir. Şəhərin Baş planı əsasında inşa olunan müasir infrastruktur, salınan geniş yollar, çəkilən kommunikasiya xətləri, qurulan yeni yaşayış massivləri və sosial obyektlər Ağdamın sabahını formalaşdırır. Tarixi abidələrin bərpası, mədəni irsin yenidən canlandırılması bölgənin qədim kimliyini qorumağa xidmət edir, eyni zamanda müasir şəhər nümunəsinin yaradılması ilə tarixi miras gələcəyə daşıyır.
Bu quruculuq işləri Ağdamın yalnız fiziki olaraq deyil, həm də mənəvi olaraq dirçəlişini təmin edir. Şəhərin yeni həyatı Azərbaycan xalqının yaratmaq əzminin, gücünün və milli birliyinin bariz göstəricisidir. Ağdamın dağılmış küçələri bu gün yenidən canlanır, insanları öz yurdlarına qayıtmağa dəvət edir. Bütün bu proseslər Azərbaycanın gücünün, müstəqil iradəsinin və tarixi ədaləti bərpa etmək əzminin parlaq təzahürüdür. Ağdam bu gün yalnız keçmişin acılarından yox, həm də gələcəyin ümidlərindən bəhs edən bir şəhərə çevrilir. Bu torpaqlar yenidən həyat qazanır, yenidən Azərbaycan olur.
Əliağa Mustafayev,
YAP Salyan rayon təşkilatının veteran üzvü
