
Azərbaycan Mərkəzi Bankı (AMB) “AniPay” ödəniş sistemi ilə bağlı yeni strategiya hazırlayır.
Bu barədə “APA-Economics”ə açıqlamasında AMB-nin sədr müavini Vüsal Xəlilov məlumat verib.
Onun sözlərinə görə, Ani Ödəniş Sistemi (AÖS) normal şəkildə fəaliyyət göstərir və banklarla inteqrasiya genişlənir. Hazırda hazırlanan strategiya isə sistemin gələcək inkişaf istiqamətlərini müəyyən edəcək.
V.Xəlilov bildirib ki, “AniPay”ın veb və mobil tətbiq versiyalarının fəaliyyəti ilə bağlı qərarlar məhz bu strategiya çərçivəsində qiymətləndiriləcək. Mobil və veb platformaların hazırkı istifadəçi həcmi geniş olmadığından məsələ Mərkəzi Bank üçün prioritet hesab edilmir.
O qeyd edib ki, gələcəkdə əlavə ictimai tələb yarandığı təqdirdə və ya bank sektorunun ehtiyacları artarsa, bu istiqamətdə əlavə addımlar nəzərdən keçirilə bilər.
Xatırladaq ki, “AniPay”ın veb və mobil tətbiq versiyalarında yay aylarından məhdudiyyətlər mövcuddur və yeni istifadəçi qeydiyyatı dayandırılıb. Məhdudiyyətlərin xidmət keyfiyyətinin artırılması məqsədilə aparılan texniki işlərlə bağlı olduğu açıqlanıb.
