WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun
XIII sessiyasının (WUF13) təşkili ilə əlaqədar yaradılmış Təşkilat
Komitəsinin dekabrın 11-də növbəti iclası keçirilib.

Trend xəbər verir ki,
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, Prezident
İlham Əliyevin təsdiq etdiyi Azərbaycanın milli inkişaf
strategiyasında şəhərsalma fəaliyyətinin prioritet istiqamətlərdən
biri olduğunu deyib. Ölkəmizdə bu sahədə formalaşdırılmış müasir
yanaşmaların iqtisadi dayanıqlılığın möhkəmləndirilməsinə, sosial
rifahın artırılmasına və iqlim dəyişikliklərinə səmərəli
uyğunlaşmanın təmin olunmasına xidmət etdiyini söyləyib.

Samir Nuriyev son beş il ərzində xüsusilə Qarabağ və Şərqi
Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa
və quruculuq işlərinin Azərbaycan dövlətinin şəhərsalma sahəsində
strateji baxışını, sistemli planlaşdırma prinsiplərini rəhbər
tutduğunu və yüksək icra potensialını aydın şəkildə nümayiş
etdirdiyini vurğulayıb. Azərbaycanın postmünaqişə dövründə tətbiq
edilən sürətli bərpa və quruculuq işlərinin yeni inkişaf modelini
formalaşdırdığını deyib.

Təşkilat Komitəsinin sədri bu nailiyyətlərin Azərbaycanın
təcrübəsinə beynəlxalq səviyyədə də marağı artırdığını, ölkəmizi bu
sahədə etibarlı tərəfdaş kimi tanıtdığını qeyd edib. O, WUF13-ün
2026-cı ildə Bakı şəhərində keçirilməsinin Azərbaycanın beynəlxalq
şəhərsalma proseslərinə verdiyi töhfənin, dayanıqlı inkişaf
istiqamətində həyata keçirdiyi siyasətin və etibarlı tərəfdaş kimi
qazandığı yüksək etimadın bariz göstəricisi olduğunu söyləyib.

Samir Nuriyev WUF13-ə hazırlığın dövlətimizin başçısının birbaşa
diqqət mərkəzində olduğunu vurğulayaraq, ilk iclasdan ötən müddətdə
bu tədbirə hazırlıq çərçivəsində görülmüş işləri qeyd edib.

Daha sonra ümumi hazırlıq prosesinin gedişatı, substantiv,
kommunikasiya, təşkilati-logistika sahələrində görülmüş işlər və
gündəlikdə duran digər məsələlər üzrə Təşkilat Komitəsinin
üzvlərinin məruzələri dinlənilib.

İclasın sonunda Təşkilat Komitəsinin sədri Azərbaycan
Respublikası Prezidentinin bu mötəbər tədbirin yüksək səviyyədə
təşkili və keçirilməsi ilə əlaqədar qarşıya qoyduğu vəzifəyə uyğun
olaraq WUF13-ə hazırlıq prosesi, o cümlədən Tədbirlər Planının
icrası və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir