XIX əsrdə qədim Azərbaycan torpaqlarına köçürülən hayların XX əsrin əvvəllərindən azərbaycanlılara qarşı vəhşilikləri, soyqırımları başlayıb. Belə dəhşətli hadisələrdən biri də 1918-ci il mart qırğınlarıdır. Hər dəfə “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” tarixini xatırlayanda 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin soydaşlarımıza qarşı xüsusi qəddarlıqla törətdikləri kütləvi qırğınların vəhşəti, Yer üzündən silinən ailələrin faciəsi, min bir işgəncə ilə öldürülən körpələrin, qadınların, yaşlıların müsibəti qəlbi parçalayır. Bu, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri ilk və yeganə qırğın deyildi. “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə onlar tarixin müxtəlif dönəmlərində bizə qarşı etnik təmizləmələr, soyqırımları həyata keçirmişlər. 31 Mart soyqırımı isə bu bəşəri cinayətlərin miqyasca, demək olar ki, ən dəhşətlisidir.
Soyqırımının törədilməsindən cəmi iki il sonra bolşeviklərin və artıq bolşevik cildinə girmiş daşnakların Azərbaycanda hakimiyyəti mənimsəməsi, qırmızı terrorun gücü ilə insanların düşüncələrinə, milli iradəsinə vurulan buxovlar, əfsuslar olsun ki, bu qanlı tarixi gündəmdə saxlamağa, 31 Mart canilərini layiqli cəzalarına çatdırmaq üçün sistemli iş aparmağa imkan vermədi. 70 illik sovet ideologiyasının tarixşünaslığımıza tətbiq etdiyi “vətəndaş müharibəsi”, “əksinqilabi qiyam” kimi saxtalaşdırılan mart hadisələri, əslində, bolşevik-daşnak ittifaqının azərbaycanlılara qarşı yeritdiyi növbəti soyqırımı siyasəti idi. Sovet hakimiyyəti bu milli faciəni unutdurmağa çalışdı. 31 Mart soyqırımına ideoloji don geyindirildi və yeni nəsillərə tamam başqa tərzdə təqdim edildi.
Bu soyqırımı əsl hüquqi-siyasi qiymətini Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra aldı. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdana qədər bu məsələyə heç bir siyasi qiymət verilməmişdi. Mart hadisələrinin 80-ci ildönümündə – 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı fərman erməni millətçilərinin hərəkətlərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət oldu. Bu fərman azərbaycanlıların timsalında ümumən bəşəriyyətə qarşı belə ağır cinayətləri törədənləri hər imkanda ifşa etmək, onların qanlı əməllərini bütün dövrlərdə lənətləmək, soyqırımı canilərinin, bu cinayətlərdə əli olan təsisatların beynəlxalq ədalət mühakiməsi qarşısında cavab verməsinə nail olmaq, beləliklə, dünyamızı gələcəkdə bu cür dəhşətlərdən qorumaq üçün elan olunmuş proqram sənədidir. Bu milli faciəni qəlbimizdə, yaddaşımızda hər zaman saxlamaqdan, keçmişi indiki və gələcək nəsillərə də xatırlatmaqdan ötrü həmin mühüm sənədlə 31 Mart tarixi hər il “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd edilməkdədir.
31 Mart soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılmasına qərar verildi. 2013-cü il sentyabrın 18-də kompleksin açılışı oldu. Azərbaycan Prezidenti İlham Əliyev açılış tədbirindəki çıxışı zamanı ermənilərin tarixin müxtəlif dövrlərində ayrı-ayrı məkanlarda azərbaycanlılara qarşı törətdikləri soyqırımlarının, eləcə də İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlərin və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürlərinin tədqiqini qarşıya vəzifə kimi qoymuşdur.
Dövlət rəhbərimizin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli sərəncamı və bu tarixi qərar əsasında ildönümü tədbirlərinin keçirilməsi də erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədinə xidmət etmişdir.
Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verildi. 200 ildən çoxdur ermənilərin “Böyük Ermənistan” xülyası çərçivəsində törətdikləri vəhşiliklərin, şəhidlərimizin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Erməni daşnaklarının vəhşicəsinə qətlə yetirdikləri soyqırımı qurbanlarımızın illərdən bəri səmalarda dolaşan nigaran ruhları da zəfərimizlə rahatlıq tapdı. Soyqırımı tarixini yaşatmaq, gələcək nəsillərə ötürmək, bu həqiqətləri daha aydın, dolğun şəkildə dünyaya çatdırmaqda davam etmək və hər dəfə baş qaldırdıqda erməni faşizmini vurub əzmək isə bizim bundan sonra da şəhidlərimizin müqəddəs ruhu qarşısında ehtiram borcumuzdur.
Aqşin Babayev
YAP Salyan rayon təşkilatının sədr müavini
