Xankəndidə qalanan Novruz tonqalımız

Baş səhifə

Artıq dördüncü Novruzdur ki, Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda bayram tonqalları qalanır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində Novruz tonqallarını alovlandıran cənab Prezident İlham Əliyev bu il Novruzun yolunu Xankəndi şəhərində alovlandırdığı bayram tonqalı ilə işıqlandırdı.

Qeyd edildiyi kimi, mart ayının 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Bu çox böyük və əlamətdar hadisədir. 30 ildən çox bir müddətdən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Xankəndi, Xocalı və digər işğal altında olmuz şəhərlərimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalandırıldı. Bu da ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun böyük dərəcədə artmasına səbəb oldu.

Ölkə başçısı Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edərək bildirdi ki, Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində öz ərazilərinin böyük hissəsini döyüş meydanında azad edib. Ölkəmiz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü, suverenliyini bərpa edərək BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özü döyüş meydanında bərpa etdi. Qeyd edildi ki, “Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq”.

İyirmi il ölkəmiz torpaqlarımızın azad olunmasına hazırlaşmışdır. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedib. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmlənmiş, dostlarımızın sayı böyük dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər və bu münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratmışdır.Biz iqtisadi inkişafa, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.

Ötən illər ərzində ölkə rəhbərliyi qarşısında düran əsas vəzifə   torpaqlarımızı işğalçılardan azad etmək idi. Bu məqsədlə hərbi gücümüzü artırmaq əsas vəzifəmiz olmuşdur. Ordumuzun, bütün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artmışdır, maddi-texniki təchizat ən yüksək səviyyədə həll olunurdu və İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı bunu bütün dünyaya nümayiş etdirdi. Ən önəmlisi, elə bir gənc nəsil yetişdirildi ki, bu gənc nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmişdir. Bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi, üç il bundan əvvəl torpaqlarımızı azad etmək üçün ölümə getməyə hazır idilər və ölümə gedirdilər. Biz bütün şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik. İstənilən ölkə, istənilən xalq bununla fəxr edə bilər, o cümlədən biz. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.

Bu gün Azərbaycan tarixi hadisələrlə zəngin bir dövrü yaşayır. Azərbaycan öz tarixində heç vaxt olmadığı qədər müstəqil və güclü dövlətə malikdir. O, regionda və dünyada sayılır və dövlətimizlə hesablaşırlar. Bunun arxasında əzmkarlıq, mübarizlik və düşünülmüş uzaqgörən siyasət dayanır.

Aysel Əsədova,

Salyan şəhər 18 saylı uşaq bağçasının müdiri

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir