YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət edən 102 namizədlə görüş keçirib.
YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov Yeni Azərbaycan Partiyasının Sədri, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətdən, onun uğurlu nəticələrindən, partiyanın VII Qurultayında partiya üzvləri qarşısına qoyulmuş tapşırıq və hədəflərdən danışıb.
Ramil Orucov bildirib ki, bugünkü reallıqlar və faktlar sübut edir ki, aparılan düzgün və məqsədyönlü siyasətin bəhrəsi olaraq Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilməklə, dünyanın davamlı olaraq inkişafda olan dövlətidir. Söz yox ki, əldə olunan böyük nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurla həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Ulu Öndər Heydər Əliyevin ideyalarının, müəyyənləşdirdiyi strategiyanın reallığa çevrilməsində müasir dövrün müdrik lideri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çevik, praqmatik siyasəti mühüm rol oynayıb. Qürurverici haldır ki, partiya üzvlərimiz ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldırlar və ölkədə həyata keçirilən siyasi, iqtisadi, humanitar, sosial tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin, ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər.
Görüşdə o da qeyd edilib ki, vətəndaşların Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən, ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasına üz tutumasında partiyanın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət siyasətinin xüsusi rolu var Bu gün Yeni Azərbaycan Partiyası xalqın böyük əksəriyyətinin üz tutduğu ən etibarlı ünvan, insanların güvənc yeridir. Fəaliyyəti, ideyaları, apardığı siyasət, uzunmüddətli, dayanıqlı inkişaf konsepsiyası ilə ictimaiyyətin böyük dəstəyini qazanan Yeni Azərbaycan Partiyasının xalqla birliyi sayəsində dövlətçiliyimizin əsasları möhkəmləndirildi. İnsanlarda vahid milli ideologiya, azərbaycançılıq təfəkkürü formalaşdı.
Daha sonra partiya veteranları Hüseyn Budaqov, Anya Süleymanova, Azad Bayramov və Cabir Məmmədov çıxış edərək, Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafında, dövlətin güclənməsində, xalqımızın rifah halının yüksəlməsindəki misilsiz xidmətlərindən danışıb, namizədlərə tövsiyələrini veriblər.
Partiyaya üzv olmaq üçün müraciət edən namizədlər YAP-ın fəaliyyətini, Prezident cənab İlham Əliyevin uğurlu siyasətini dəstəklədiklərini qeyd edib, YAP-a üzv olmağın onlar üçün böyük fəxr olduğunu bildiriblər.
Daha sonra tədbir iştirakçıları ilə fikir mübadilələri aparılıb, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov onları maraqlandıran sualları cavablandırıb.






www.102info.az
