YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Şəhidin doğum günündə iştirak edib-FOTO

Baş səhifə

 

İmişli rayonunun Əliqulular kəndində Vətən müharibəsi şəhidi İsmayılov Rəcəb Nəcəf oğlunun doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatının sədri Səfa Ağayev və İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları şəhidin ailəsini ziyarət edib, dərin hüznlə başsağlığı veriblər.

Rayon təşkilatının sədri Səfa Ağayev Vətən müharibəsində qazanılan zəfərimizdə, alınan torpaqlarımızın hər qarışında neçə-neçə şəhidimizin qanının, hər birinin fərqli qəhrəmanlıq salnaməsinin olduğunu qeyd edib. O, bildirib ki, düşmənə qarşı mərdliklə vuruşan oğullarımızın bu gün qürurla danışdığımız, gələcək nəsillər üçün örnək olacaq qəhrəmanlıq hekayələrini dinlədikcə qürurlanmamaq olmur. Şəhidimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verən Səfa Ağayev Rəcəb İsmayılovun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Daha sonra şəhidin məzarı ziyarət olunub, önünə tər güllər düzülüb, ruhuna dualar oxunub.

Qeyd edək ki, Rəcəb İsmayılov Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 30-da Laçın rayonunun Güləbird kəndi uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarına layiq görülüb.

Səmil Şahlaroğlu 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir