Avqustun 2-də Türkiyənin Kilis şəhərində baş tutan mühüm tədbir Azərbaycanın enerji siyasətində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu tədbir Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı istiqamətində atılan ilk praktiki addım oldu. Sözügedən təşəbbüs Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Yaxın Şərq regionunda artan nüfuzunun və fəal siyasətinin bariz nümunəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Yaxın Şərqə açılan yeni enerji xətti barədə danışan deputat deyib ki, Azərbaycanın son illərdə həyata keçirdiyi xarici siyasət kursu təkcə Avropa və Mərkəzi Asiya ilə məhdudlaşmır. Dövlətimizin başçısının strateji baxışı nəticəsində Azərbaycan Yaxın Şərq regionunda da mühüm tərəfdaş kimi çıxış edir. Bu siyasətin davamı olaraq, Azərbaycanla Suriya arasında son aylarda intensivləşən təmaslar və enerji sahəsində əməkdaşlıq təşəbbüsləri ölkəmizin regiondakı mövqeyini daha da gücləndirir. Belə ki, Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan və Suriya prezidentlərinin görüşü və ardınca, iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri iki ölkə arasında münasibətlərin dərinləşməsinə təkan verib. Prezident İlham Əliyevin tapşırığı ilə Baş nazirin müavini Samir Şərifovun və Xarici İşlər Nazirliyinin nümayəndələrinin Suriyaya səfəri isə Azərbaycanın bu ölkənin bərpasında oynaya biləcəyi rolu araşdırmaq məqsədi daşıyırdı.
Vüqar İskəndərovun fikrincə, Azərbaycanın Suriya siyasəti təkcə enerji ixracı deyil, həm də bərpa və inkişaf dəstəyidir. Azərbaycan münaqişədən çıxmaqda olan Suriyanın bərpa və inkişaf mərhələsində dəstək göstərməyə hazır olduğunu açıq şəkildə bəyan edib. Bu, Azərbaycanın humanitar və iqtisadi siyasətindəki inklüziv yanaşmasının, eyni zamanda, beynəlxalq məsuliyyətinin göstəricisidir. Enerji əməkdaşlığı yalnız iqtisadi maraqları deyil, regionda sabitlik və inteqrasiyanın təmin edilməsinə də xidmət edir. Suriya qaz sahəsində təkcə idxalçı kimi deyil, həm də potensial tranzit ölkə kimi də mühüm rol oynaya bilər. Suriyanı İordaniya ilə birləşdirən qaz kəməri hər nə qədər dağıdılmış olsa da, onun bərpası mümkündür. Bu bərpa layihəsi reallaşarsa, Azərbaycan qazının Suriyadan keçməklə İordaniya və Misir bazarlarına çatdırılması üçün geniş imkanlar yaranar. Beləliklə, Azərbaycanın qaz ixrac coğrafiyası daha da genişlənərək Yaxın Şərqə qədər uzana bilər.
Ölkəmizin diversifikasiya siyasətindəki yeni mərhələdən danışan deputat deyib: “Azərbaycan bu günə qədər 12 ölkəyə, o cümlədən Avropaya qaz ixrac edir. Lakin rəqabətin artdığı qlobal enerji bazarında diversifikasiya, yəni, ixrac istiqamətlərinin artırılması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan qazının Suriya üzərindən Yaxın Şərqə çıxarılması bu baxımdan strateji əhəmiyyətə malikdir. Artıq Türkiyə vasitəsilə Suriyaya, oradan isə digər Yaxın Şərq ölkələrinə qaz nəqlinin mümkünlüyü real gündəm mövzusuna çevrilib. Həmçinin İraqa qaz ixracı üçün də potensial imkanlar gündəmdədir. Bununla yanaşı, Azərbaycanın elektrik enerjisi istehsalı sahəsindəki uğurları və artan potensialı Yaxın Şərq regionu üçün də əhəmiyyətlidir. Gələcəkdə Azərbaycan təkcə qaz deyil, həm də elektrik enerjisini region ölkələrinə ixrac edə bilər. Bu, Azərbaycanın enerji bazarında çoxşaxəli oyunçuya çevrildiyini bir daha göstərir”.
Azərbaycanın yeni enerji siyasətinin Prezident İlham Əliyevin iradəsi ilə formalaşdığını vurğulayan Vüqar İskəndərov hesab edir ki, bütün bu proseslər ölkəmizin son illərdə həyata keçirdiyi çevik, uzaqgörən və çoxvektorlu xarici siyasətinin nəticəsidir. Prezident İlham Əliyevin qətiyyətli iradəsi və strateji yanaşması sayəsində Azərbaycan regionda sabitliyin, əməkdaşlığın, inkişafın təşəbbüskarı və təminatçısı kimi çıxış edir. Suriya ilə enerji əməkdaşlığı isə bu siyasətin uğurlu təzahürlərindən yalnız biridir. Bu proses, eyni zamanda, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və diplomatik çevikliyinin göstəricisidir. Azərbaycanın enerji körpüsü bu dəfə Yaxın Şərqə sabitlik, inkişaf və qarşılıqlı fayda naminə uzanır.
