“Yekə kişisən, ağlama, ayıbdır, hamı bizə baxır”

Cəmiyyət

Emilya Tağıyeva yazır…

“Daha yekə kişisən (qızsan), ağlama, ayıbdır”. Yəqin, çoxları uşaq vaxtı belə sözlər eşidib. Analar, nənələr bu nəsihətdən sonra dərhal şirniyyat verir, yaxud oyuncaqla baş qatır. Əgər uşağı ram etmək mümkün olmurdusa, bu zaman hədəyə keçilir, ağlamağı dayandırmayacağı halda döyüləcəyi deyilir, ya da ümumiyyətlə etinasız davranılır (ağlayıb-ağlayıb dayanacaq).

Bu addımın bir səbəbi valideynin yorğunluğu, əsəbi olsa da, digər səbəbi uşağın ağrını unutması və göz yaşlarını görməmək üçün atılır. Lakin ağrını görməzdən gəlmək heç də həmişə yaxşı nəticə vermir. Axı uşağa “bəsdir”, “burda ağlamalı (qorxmalı) bir şey yoxdur”, “hamı bizə baxır” deməklə onun hisslərini dəyərsizləşdirir, emosiyalarını boğmasına məcbur edirik və bunun utancverici bir şey olduğunu şüuraltı ona təlqin edirik. Hədələyəndə isə bir də bunun üstünə qorxu gəlir. Nəticədə uşaq hisslərini gizlətmək məcburiyyətində qalır, ağrının öhdəsindən gəlməyi yox, ondan qaçmağı öyrənir. Sonradan bu hal yeniyetməlikdə də, yetkinlikdə də davam edir və bəzən faciə ilə nəticələnir…

Gündəlik həyatımızın bir parçası olan və ilk baxışdan adi hadisələrin faciə ilə nə əlaqəsi var, deyəcəksiniz. Fikrimi izah edim.

Özünəqəsd hadisələri bu gün artıq cəmiyyətdə adi hala gəlib. Təəssüf ki, bu xüsusən yeniyetmələrdə özünü göstərir.

Səbəblərə baxsaq, biri bullinqə məruz qalır, digəri imtahandan qorxur, üçüncüsü nəyləsə şantaj olunur… Həyatın astanasında gözləmədiyi çətinliklə üzləşən uşaq evdəkilərin bunu bilməsini istəmir, valideynlərinə “mən qorxuram” deməkdən utanır. Çünki o, “artıq böyüyüb”.

Həqiqətdə isə o hələ də uşaqdır, enişli-yoxuşlu ömür yolunun astanasında dayanan yeniyetmədir. Əgər uşaqlarımızın hiss etdiklərini əyani nümayiş edən cihaz olsaydı, yeniyetməlik yaşlarında özünü rahat göstərən, deyib-gülən, bəzən də vecsiz saydığımız övladımızın bu “həyat qapısının astanasında” beş yaşlı balaca kimi gözləri böyümüş halda dünyaya necə baxdığını görə, həyəcandan ürəyinin necə çırpındığını eşidə bilərdik. Bütün bu təzyiqlərə, həyəcana dözməyən uşaq ən asan yolu “qapıdan” geri qayıtmaqda görür…

Bəs nə etməli? Burada edilməsi olan əsas şey övlada həyatı bütün acısı ilə, şirini ilə dadmağa imkan verməkdir. Bu acı yıxılıb dizini sıyırması kimi yüngül bir səbəb də (böyüklərin gözündə) ola bilər, doğma adamını itirmə kimi dözülməsi çətin hadisə də… Bu halda edilə bilən ən yaxşı şey uşaqların hisslərini danmamaq, ona nə baş verdiyini başa salmaqdır. Məsələn: indi səni ağrıdır, ya ağırdır (yaxud qorxursan, kədərlisən, hirslisən və sair). Bu ən azı onun nə hiss keçirdiyini anlamağa kömək edir. Bundan sonra uşağa baş verənləri yaşamasına imkan vermək lazımdır. Ona deyilməlidir ki, bu halda qorxmaq, hirslənmək, qəmlənmək, etiraz, üsyan etmək normaldır, bunu anlayıram və yanındayam (Bu uşağın özünə qapanmasının qarşısını alır). Axırda isə birlikdə vəziyyətdən çıxış yolu axtarılmalıdır.

Əminəm ki, belə olacağı təqdirdə uşaq dəyərli olduğunu anlayacaq, böyüdükcə həyatı boyu qarşılaşdığı bütün çətinliklərdə emosiyalarını rahatlıqla göstərə biləcək, qəzəblənəndə, həyəcanlı olanda, narahatlıq keçirəndə valideynlərinə güvənəcək, nədən qorxduğunu, çəkindiyini, nəyin dərdini çəkdiyini deyə biləcək və hər zaman problemdən çıxış yolu tapmaq üçün yanlarında olacağına inanacaq.

Əslində valideyn üçün övlad hər zaman dəyərlidir, nə baş verirsə-versin, onları dinləməyə, yaxud  çətinlikdən çıxış yolu tapmasına hazırdır, amma təəssüf ki, doğru yoldan onlara yanaşılmadığı üçün, uşaqlar bunu bilmirlər və özlərini tənha hesab edirlər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir