Yeni Azərbaycan Partiyası – Dövlətçiliyin və Sabitliyin Təminatçısı

Baş səhifə


Azərbaycanın müasir siyasi tarixində Yeni Azərbaycan Partiyasının yaranması xüsusi əhəmiyyət daşıyır. 1990-cı illərin əvvəlləri ölkə üçün mürəkkəb və taleyüklü dövr idi. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan daxili siyasi böhran, iqtisadi çətinliklər və Ermənistanın davam edən hərbi təcavüzü ilə üz-üzə idi. O dövrdə cəmiyyətin təhlükəsizliyi və dövlətçiliyin möhkəmlənməsi üçün güclü və milli maraqlara əsaslanan siyasi qüvvəyə böyük ehtiyac vardı. Məhz bu reallıq “91-lər”in tarixi müraciətində öz əksini tapdı. Ölkənin ziyalıları, ictimai-siyasi xadimləri və milli məsuliyyət hissi ilə hərəkət edən şəxslər xalqın ümummilli lideri Heydər Əliyevin yenidən siyasi proseslərə qayıdışını tələb edən müraciət verdilər. Bu müraciət yalnız siyasi təşəbbüs deyildi, həm də Azərbaycan dövlətçiliyinin xilası, milli birlik və sabitliyin təmin olunması üçün tarixi çağırış idi.
1992-ci il 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis edilməsi ölkənin siyasi meydanında lider siyasi qüvvənin formalaşmasına yol açdı. YAP ilk gündən özünü xalqın partiyası kimi təsdiqlədi. Onun ideoloji xətti milli dövlətçilik, sabitlik, inkişaf və xalqla birliyi əsas prinsiplər kimi müəyyən etdi. Qısa müddətdə partiya cəmiyyətin bütün təbəqələrində dəstək qazandı və Azərbaycan siyasi sistemində aparıcı rol oynamağa başladı. YAP təkcə siyasi təşkilat deyil, həm də dövlətin güclü idarəçiliyinin və ictimai dəstəyin təmin olunmasında mühüm institut olaraq formalaşdı.
Yeni Azərbaycan Partiyasının inkişaf yolunda keçirilən qurultaylar xüsusi mərhələlər kimi tarixə düşmüşdür. Ümumilikdə 7 qurultay partiyanın fəaliyyət strategiyasının, ideoloji xəttinin və təşkilati strukturunun müəyyənləşdirilməsində həlledici rol oynamışdır. Hər bir qurultay partiyanın qarşısında duran yeni vəzifələri müəyyənləşdirmiş, fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi və struktur islahatlarına imkan yaratmışdır. Bu qurultaylar YAP-ın regionda nüfuzunu möhkəmləndirməsinə və Azərbaycan cəmiyyətində siyasi aparıcı qüvvə kimi rolunu artırmasına şərait yaratmışdır. Xüsusilə Prezident İlham Əliyevin partiyanın Sədri seçilməsi YAP-ın inkişafında yeni mərhələ açdı. Onun rəhbərliyi ilə partiya təşkilati baxımdan gücləndi, sıraları genişləndi, ideoloji və fəaliyyət prinsipləri müasirləşdi və YAP təkcə ölkə miqyasında deyil, Cənubi Qafqazda da ən nüfuzlu siyasi təşkilata çevrildi.
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açdı. Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr qoydu. Partiyanın VII qurultayı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Yeni qərarların qəbulu YAP-ın gələcək fəaliyyətinə bələdçilik edir. Yeni tərkib formalaşdı, yeni Nizamnamə qəbul olundu. Dövlət başçısı, YAP Sədri İlham Əliyevin tapşırığına uyğun olaraq müasir dövrün yeniliklərini, çağırışlarını özündə ehtiva edən yeni Proqram hazırlandı və 2021-ci ilin sonunda təsdiqləndi. Yeni Proqramın əsas devizi “Biz birlikdə güclüyük!” oldu. Prezident İlham Əliyevin VII qurultaydakı çıxışı isə partiyanın həm milli, həm də regional səviyyədə rolunu bir daha vurğuladı: “YAP son 30 ildə Cənubi Qafqazda qurulan ən böyük və nüfuzlu siyasi partiyadır. Hazırda YAP-ın 730.354 üzvü var… Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.” Bu sözlər YAP-ın gücünü, təşkilati potensialını və cəmiyyət qarşısında məsuliyyətini aydın şəkildə ifadə edir.
Yeni Azərbaycan Partiyası yalnız ölkə daxilində deyil, həm də regionda nüfuzlu siyasi institut kimi fəaliyyət göstərir. Partiyanın təşəbbüsü ilə aparılan partiyalararası dialoq ölkədə sağlam siyasi mühitin formalaşmasına, qarşılıqlı anlaşma və əməkdaşlığın genişlənməsinə xidmət edir. YAP həm dövlət maraqlarının qorunmasına, həm də demokratik dəyərlərin inkişafına töhfə verir. Eyni zamanda partiya milli birlik və həmrəylik uğrunda yeni səhifə açaraq müxtəlif sosial və siyasi qrupları bir araya gətirir, dövlət siyasətinə dəstək verən konstruktiv platforma yaradır.
Bu gün YAP yeni zirvələrə doğru inamla addımlayır. Partiya dövlətçilik ideyalarına sadiq qalaraq Azərbaycanın inkişaf strategiyasının həyata keçirilməsində aparıcı missiyasını davam etdirir. O, həm sosial-iqtisadi inkişafın, həm modernləşmənin, həm də milli maraqların təmin olunmasında etibarlı dayağa çevrilmişdir. Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələrini əhatə edən geniş sosial bazası və regionda nüfuzlu mövqeyi ilə Azərbaycanın gələcək hədəflərinə doğru inamla irəliləyir.
Bir sözlə, Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyası yeni Proqramda əksini tapan hədəfləri zamanında reallığa çevirməklə Ümummilli Liderin şah əsəri olan müasir müstəqil, eyni zamanda, qalib Azərbaycanın daha da qüdrətlənməsinə öz töhfəsini verəcək. YAP “Biz birlikdə güclüyük!” deyib bu hədəfə tezliklə nail olmaq üçün bütün qüvvə və bacarığını səfərbər edib.

Xalidə Sadıqova,
Salyan şəhər 2 saylı uşaq bağçasının müdiri, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir