1990-cı illərin əvvəlləri Azərbaycan üçün son dərəcə mürəkkəb və taleyüklü bir dövr olmuşdur. Ölkədə siyasi idarəetmənin zəifləməsi, iqtisadi çətinliklərin dərinləşməsi, Ermənistanın davam edən hərbi təcavüzü və ictimai-siyasi sabitliyin pozulması dövlətçiliyin təhlükə altında olduğunu açıq şəkildə göstərirdi. Belə bir şəraitdə Azərbaycan cəmiyyəti ölkəni çöküşdən xilas edə biləcək, dövlətçiliyi qoruyub inkişaf etdirəcək güclü siyasi qüvvəyə ehtiyac duyurdu. Məhz bu obyektiv zərurət 1992-ci il 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaranmasını şərtləndirdi.
YAP-ın təsis edilməsi Azərbaycan xalqının milli iradəsinin təcəssümü idi. Çünki partiyanın meydana çıxması xalqın daxili tələbatından, dövlətçilik naminə birləşmək istəyindən qaynaqlanırdı. Yeni Azərbaycan Partiyası ilk gündən özünü xalqın partiyası kimi təsdiqlədi. Onun ideoloji xəttinin mərkəzində milli dövlətçilik maraqları, müstəqil və güclü Azərbaycan dövləti yaratmaq amalı, sosial ədalət və siyasi sabitlik prinsipləri dayanırdı. Xalqın geniş dəstəyini qazanan YAP qısa müddətdə real ictimai dayağa çevrildi və ölkənin siyasi həyatında aparıcı qüvvə rolunu oynamağa başladı.
Yeni Azərbaycan Partiyasının bu misilsiz yüksəlişi ilk növbədə Ulu Öndər Heydər Əliyevin siyasi liderliyi ilə bağlıdır. 1992-ci ilin çətin çağlarında ölkənin hər yerindən Ona ünvanlanan müraciətlər, xalqın Heydər Əliyevə olan sarsılmaz inamının və ümidinin bariz ifadəsi idi. Ulu Öndərin YAP-ın Sədri seçilməsi partiyanın taleyində dönüş nöqtəsi oldu. Onun müdrik siyasəti qısa müddətdə Azərbaycanı dağılmaq təhlükəsindən xilas etdi, dövlət institutlarını bərpa etdi, ölkədə sabitlik, inkişaf və milli həmrəylik mühiti yaratdı. Heydər Əliyevin rəhbərliyi ilə YAP təkcə bir siyasi təşkilat kimi yox, bütöv bir dövlətçilik məktəbi kimi formalaşdı.
Ulu Öndərin məşhur fikri – “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” – partiyanın mahiyyətini, missiyasını və tarixi rolunu ən dəqiq ifadə edən tezisdir. Dünənin partiyası – çünki Azərbaycanı parçalanma və dağılma təhlükəsindən xilas etmiş, dövlət quruculuğunun əsaslarını formalaşdırmışdır. Bu günün partiyası – çünki ölkədə siyasi sabitlik, sosial-iqtisadi tərəqqi, modernləşmə və güclü idarəetmə məhz YAP-ın siyasi xəttinin nəticəsidir. Gələcəyin partiyası – çünki Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərin reallaşması, ölkənin daha güclü və nüfuzlu dövlətə çevrilməsi bu xəttin davam etdirilməsi ilə birbaşa bağlıdır.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi Yeni Azərbaycan Partiyasının inkişafının növbəti mərhələsinin əsasını təşkil etdi. Prezident İlham Əliyevin YAP-ın Sədri seçilməsi partiyanın yeni dövrə qədəm qoyması demək idi. Onun rəhbərliyi ilə partiya daha da gücləndi, struktur islahatları keçirildi, fəaliyyət mexanizmləri müasirləşdirildi, təşkilati idarəetmə keyfiyyəti yüksəldi. Bu dövrdə YAP-ın sıraları genişlənərək ölkənin bütün regionlarını və cəmiyyətin bütün təbəqələrini əhatə edən böyük bir siyasi ailəyə çevrildi. Prezident İlham Əliyevin müasir yanaşması, siyasi iradəsi və yenilikçi idarəetmə modeli partiyanın dövlət siyasətinin həyata keçirilməsində aparıcı rolunu daha da möhkəmləndirdi. Bu gün YAP həm ölkədə həyata keçirilən genişmiqyaslı islahatların ideoloji dayağı, həm də sosial-siyasi sabitliyin təminatçısı kimi fəaliyyət göstərir.
Bir sözlə, Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi olmuşdur. Bu tarixi hadisə yalnız bir siyasi təşkilatın formalaşması deyil, həm də ölkənin gələcəyinin, müstəqilliyinin və milli birliyinin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. YAP bu gün də quruculuq, inkişaf və tərəqqi missiyasını uğurla davam etdirərək Azərbaycanın güclü dövlət kimi dünya miqyasında daha da möhkəmlənməsinə xidmət edir.
Kərəm Muradov,
Qərbi Azərbaycan İcmasının Salyan rayonu üzrə nümayəndəsi, YAP veteranı
