
Bakı. Trend:
Qazaxıstanda fəaliyyət göstərən Yessenov Universitetində 8
Noyabr – Azərbaycanın Zəfər Gününə həsr olunan açıq dərs
keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, dərsdə
şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, Azərbaycanın
qəhrəmanlıq ruhuna və ədalətin bərpasına həsr olunan videoçarx
göstərilib.
Universitetin Azərbaycan Mərkəzinin direktoru İlkin Orucov
açılış nitqində Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətini,
xalqımızın qüdrət, birlik və ədalət rəmzinə çevrildiyini
vurğulayıb. Direktor tələbələrdə vətənpərvərlik ruhunun aşılanması,
milli kimliyin və tariximizin təbliğinin mərkəzin fəaliyyətinin
əsas istiqamətlərindən biri olduğunu qeyd edib.
<!—->
<!––>
Görüşün xüsusi məqamlarından biri Vətən müharibəsinin
iştirakçısı, universitetin tələbəsi Vüsal Məhərrəmlinin çıxışı
olub. O, şəxsi xatirələrini bölüşərək gənc nəsli vətənə məhəbbət,
dözüm və sülhə inam duyğularına səsləyib. Onun səmimi və
ruhlandırıcı çıxışı iştirakçılarda dərin təəssürat yaradıb.
Gənclər Zəfər Gününün təkcə şanlı keçmişimizin xatirəsi deyil,
həm də azad və firavan Azərbaycanın gələcəyi qarşısında məsuliyyət
hissi olduğunu diqqətə çatdırıblar.
