“Aprel ayının 22-də Şuşa şəhərində dünya azərbaycanlılarının V Qurultayı keçirildi. Cənab Prezident tərəfindən bu qurultaya “Zəfər Qurultayı” adı verildi. Bunun da müəyyən səbəbləri var. Bildiyimiz kimi, 30 ildir işğal altında olan torpaqlarımızın azad olunmasından sonra ilk dəfə Dünya Azərbaycanlılarının qurultayı Şuşada keçirildi. Bu hadisə tarixi əhəmiyyət kəsb edir. Çünki 44 günlük müharibənin kulminasiya nöqtəsi elə Şuşa şəhəri olub”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aqil Məmmədov deyib.
Onun sözlərinə görə, Şuşa şəhəri işğaldan azad edildikdən sonra artıq Ermənistan çıxılmaz vəziyyətə düşdüyünü anlayaraq kapitulyasiya aktına imza atdı: “Hesab edirəm ki, Şuşada keçirilən bu cür tədbirlərimiz bundan sonra geniş vüsət alacaq. Şuşada nəinki mədəniyyət, eyni zamanda siyasi tədbirlər də həyata keçiriləcək”.
Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, bugünkü gündə 60-dan çox ölkədə yaşayan soydaşlarımız Azərbaycana gəlib ermənilərin 30 ildə viran qoyduğu yerləri öz gözləri ilə gördülər: “Onlar V Qurultaya gələrək artıq bu yerlər barədə əyani təsəvvür sahibi oldular. Bu qurultayda Prezidentin dünya azərbaycanlılarına verdiyi tövsiyə və tapşırıqlar bir növ diaspor fəaliyyətimizin yol xəritəsi kimi qəbul edilməlidir. İlham Əliyev V Qurultayda bir çox məsələyə toxundu. Cənab Prezident qeyd etdi ki, Azərbaycan diasporu öz fəaliyyətini bundan sonra daha yaxşı formada inkişaf etdirməlidir. 44 günlük müharibədə dünyanın hər yerində yaşayan azərbaycanlılar bir yumruq kimi birləşmişdi. Lakin müharibə bitdi deyə arxayınlaşmaq lazım deyil. Əksinə işimizi daha da planlı şəkildə davam etdirməliyik. Prezident İlham Əliyev xaricdə yaşayan azərbaycanlıları ildə bir dəfə də olsa həmvətənləriylə əlaqə qurmaq, ölkədə baş verən hadisələrin və inkişafın canlı şahidi olmaq üçün Azərbayacana dəvət etdiyini vurğuladı. Eyni zamanda, qurultayda Azərbaycan dili ilə bağlı məsələyə də toxunuldu. Qeyd olunduğu kimi biz Azərbaycan dilini daim yaşatmalı, təbliğ etməliyik. Cənab Prezident qurultayda Azərbaycanın haqq səsini mütəmadi olaraq dünya ictimaiyyətinə çatdırmaq kimi vəzifəni də dünya azərbaycanlılarının nəzərinə çatdırdı. Düşünürəm ki, bu qurultay siyasi baxımdan da əhəmiyyətli idi. Bu siyasi tədbirin keçirilməsi ilə bütün dünya gördü ki, ermənilərin viran qoyduğu “Azərbaycanın tacı” hesab edilən Şuşada həyat öz axarına düşüb”.

www.102info.az
