Zəngəzur dəhlizi artıq sadəcə regional nəqliyyat layihəsi deyil, Azərbaycanın iqtisadi strategiyasında, beynəlxalq tranzit siyasətində və geosiyasi baxışında mühüm yer tutan qlobal bir təşəbbüsə çevrilib. Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda bu məsələ ilə bağlı səsləndirdiyi fikirlər bir daha sübut etdi ki, bu dəhliz Azərbaycan üçün yalnız Naxçıvanla quru bağlantı vasitəsi deyil, bütövlükdə Avrasiya miqyasında mühüm ticarət və logistika arteriyasıdır. Zəngəzur dəhlizi konsepsiyası Azərbaycanın gələcəyə hesablanmış, sistemli və çoxşaxəli iqtisadi vizyonunun tərkib hissəsidir.
Prezident İlham Əliyev forum çərçivəsində çıxışında bu layihənin əhəmiyyətini konkret faktlar və rəqəmlərlə ortaya qoyaraq bildirdi: “Biz isə daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsini nəzərdə tutmuruq. Söhbət beynəlxalq tranzit dəhlizdən gedir.” Bu açıqlama göstərir ki, layihənin miqyası təkcə milli sərhədlərlə məhdudlaşmır – əksinə, bu dəhliz Azərbaycanın logistika ambisiyalarının regional birgə əməkdaşlığa əsaslandığını təsdiqləyir.
Azərbaycanın nəqliyyat və logistika infrastrukturuna qoyduğu sərmayələr bu baxımdan diqqətəlayiqdir. Prezidentin qeyd etdiyi kimi, son illərdə bu sahəyə milyardlarla dollar investisiya yönəldilib. Xəzər dənizində inşa edilən və hazırda genişləndirilən beynəlxalq ticarət limanı, yükqaldırma qabiliyyətinin 25 milyon tona çatdırılması, həmçinin Gürcüstan üzərindən Türkiyə ilə birləşən dəmir yolu xətləri bu istiqamətdəki planların reallığa çevrildiyini sübut edir. Eyni zamanda gömrük sistemində rəqəmsallaşma və sadələşdirilmiş prosedurlar tətbiq olunur ki, bu da tranzit daşımaların sürətlənməsinə və iqtisadi səmərəliliyin artırılmasına yönəlib.
Dəhlizin potensialı isə ilk mərhələdə 15 milyon ton yük həcmi ilə qiymətləndirilir. Bu rəqəm Azərbaycanın tranzit ölkə kimi artan rolunu açıq şəkildə ortaya qoyur. Prezidentin sözlərinə görə, “biz demək olar ki, Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini başa çatdırırıq və yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi hazır olacaq.” Bu o deməkdir ki, Azərbaycanın infrastruktur baxımından öhdəlikləri yerinə yetirməsi ilə layihənin reallaşması üçün əsas texniki baza tamamilə hazırdır.
Zəngəzur dəhlizinin keçəcəyi yolun tarixi və hüquqi statusu da xüsusi önəm daşıyır. Prezident Əliyev bu barədə qeyd etdi ki, sözügedən dəmir yolu sovet dövründə məhz Azərbaycan dəmir yolunun tərkib hissəsi olub və Ermənistanın dəmir yolu sisteminə aid edilməyib. Bu fakt bir daha göstərir ki, bu yolun bərpası hüquqi və tarixi baxımdan tam əsaslıdır. Dəhlizin reallaşması nəticəsində isə Azərbaycan yalnız Naxçıvanla əlaqə qazanmayacaq, həm də Körfəz bölgəsinə və İran ərazisinə çıxış əldə edəcək.
Burada çox vacib geosiyasi məsələ də ortaya çıxır: Prezidentin də vurğuladığı kimi, Zəngəzur dəhlizinin açılması Şimal-Cənub dəhlizinə alternativ marşrut yaradacaq. Ənənəvi olaraq Rusiyadan Azərbaycana, oradan isə İrana və Rəştə qədər uzanan marşrutun yanında indi yeni bir istiqamət – Şərqi Zəngəzur və Zəngəzur bölgəsi üzərindən İrana, oradan Türkiyəyə çıxış da mümkün olacaq. Bu, region ölkələri üçün yalnız logistika deyil, həm də siyasi və iqtisadi cəhətdən daha balanslı, az riskli alternativlər deməkdir.
Sonda, III Şuşa Qlobal Media Forumu bu mövzunun məhz beynəlxalq informasiya platformasında təqdim olunması baxımından da xüsusi əhəmiyyət kəsb etdi. Prezident İlham Əliyevin bu məsələyə dair təqdim etdiyi mövqe, faktlar və perspektivlər, beynəlxalq media nümayəndələrinin və ekspertlərin nəzərinə çatdırıldı. Bu isə Azərbaycanın təkcə regionda deyil, daha geniş miqyasda etibarlı və irəlini görən tranzit tərəfdaş kimi qəbul edilməsini gücləndirir.
Təbriz İsmayılov,
Salyan rayonu Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, YAP fəalı
