Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artır

Xüsusi Xəbər
İyun ayının 1-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirildi. Açılış mərasimində ölkə prezidenti cənab İlham Əliyev iştirak etdi. İyunun 4-dək davam edən Bakı Enerji Həftəsi öz brendi altında 3 böyük tədbiri – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumunu birləşdirib. Bu il sərgilərdə və forumda 30 ölkədən 249 şirkət iştirak edir.
Ötən əsrin sonunda Azərbaycanda mühüm hadisə baş verdi, respublikamızdan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı gerçəkləşdi. Bunun nəticəsində Azərbaycan ixrac fəaliyyətinə başladı və bir sıra ölkələrin tələbatlarını ödədi. Eyni zamanda, respublikamız tərəfdaşları ilə birgə qaz mənbələrinin, xüsusən də, dünyada ən iri qaz yataqlarından sayılan “Şahdəniz”in kəşfiyyatına başladı.
Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri isə 2007-ci ildə istismara verildi. Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql edilməyə başladı. Bundan bir il əvvəl – 2006-cı ildə isə Xəzəri Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi reallaşdı. Bütün bunlar neft-qazın beynəlxalq bazarlara çıxarılmasında yeni marşrut və mənbə kimi mühüm əhəmiyyətə malik idi.
Həmin vaxtdan etibarən, Bakı–Tbilisi–Ceyhan, ümumiyyətlə, Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. Bu, əlbəttə, proqnozlaşdırmanın, etibarlılığın və bu cür nəhəng, texniki və maliyyə baxımından çətin infrast¬ruktur layihələrin icrasında ölkəmizin gücünün, bu sahədə qazanılan bilik və bacarığın təzahürüdür. Həmçinin bu layihələrin çox mürəkkəb siyasi mühitdə həyata keçirilməsi də xüsusi diqqət çəkir.
Prezident İlham Əliyev belə bir tarixi məqamla bağlı Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında deyib: “Bu, regional enerji təhlükəsizliyi məsələlərinə aid olan mühüm tarixi hadisə idi. Əlbəttə ki, o, Azərbaycan ilə onun qonşuları – Türkiyə və Gür¬cüstan arasında regional əməkdaşlığı gücləndirdi. Bununla belə, planla¬rımız bundan da böyük idi. Təbii ki, biz Azərbaycanın nəhəng qaz ehtiyatlarını istifadə etmək istəyirdik və əlbəttə, bu məqsədlə bizə yeni boru kəməri lazım idi. Mən deyərdim, XXI əsrin boru kəməri – Cənub Qaz Dəhlizinə ehtiyac duyulurdu. Cənub Qaz Dəhlizinin 2020-ci ilin sonun¬cu günündə uğurla tamamlanması ümumi iradəmizi, komanda daxilində işləmək və böyük uğurları qazan¬maq bacarığımızı nümayiş etdirir. Bir çox ölkələri keçən, dənizin dibindən tutmuş uca dağ zirvələrinə qədər gedən 3500 kilometrlik vahid boru kəmərləri sistemi qüdrətimizin və dostluğumuzun təzahürüdür. Buna görə, Azərbaycanın ilkin mərhələdə başlatdığı enerji layihələri regional əməkdaşlıq üçün çərçivə yarat¬dı və onlar hazırda qlobal enerji layihələrinə çevrilib”.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi çox sayda müxtəlif maraqlı tərəfləri özündə birləşdirən mürəkkəb bir layihədir. Dəhlizin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin böyük əhəmiyyəti barədə deyib: “Milli səviyyədə koordinasiya bizə bu nəhəng layihənin – XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizinin icrasını həyata keçirməyə kömək etdi. Dəyəri 33 milyard ABŞ dolları təşkil edən bu layihə enerji və tikinti şirkətlərinin, investorların fəal iştirakı ilə reallaşdı. Əlbəttə, onların, eləcə də beynəlxalq maliyyə institutlarının töhfəsi çox dəyərli idi”.
Prezident İlham Əliyevin rəsmi açılış mərasimində vurğuladığı kimi, Cənub Qaz Dəhlizi, eyni zamanda, nəhəng “Şahdəniz” qaz-kondensat yata¬ğında hasilatı artırmağa imkan yaradır. Bu, hazırda artıq özünü büruzə verir. Cəmi bir il beş aydır ki, Azərbaycan həmin müasir infrastrukturdan öz qaz ehtiyatları¬nın nəqlində istifadə edir.
Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm Azərbaycan, həm də tərəfdaşlar üçün zəruridir. Ölkəmiz hasilatın və ixracın artırılmasında uğurlar əldə edir. Ötən il Azərbaycan tərəfindən 22 milyard kub¬metr təbii qaz ixrac olunması, cari il isə bu rəqəmin 24 milyard kubmetrə çatdırılacağı proqnozu bunun bariz ifadəsidir.
Ölkə rəhbəri nitqində bildirib ki, hazırda vəziyyət tamamilə fərqlidir və Azərbaycan qazına olan tələbat sürətlə artır. Təbii ki, ölkəmiz bunu nəzərə alır, eyni zamanda, potensial istehlakçılar tərəfindən də bir il ərzində qazın böyük həcmdə hasil edilməsinin mümkünsülü¬yü başa düşülməlidir: “Bunun üçün bizə müqavilələr lazımdır. Biz danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz ənənəvi tərəfdaşlar və sərmayədarla, eləcə də enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat artsın”.
Dövlətimizin başçısı çıxışında bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliliyi məsələlərinə də toxunub, respublikamızda yenilənən enerjinin reallaşdırılmasının mühüm önəm daşıdı¬ğını diqqətə çatdıraraq, artıq bu sahədə ciddi işlər görüldüyünü bildirərək, deyib: “Azərbaycanda olan siyasi və iqtisadi sabitlik, neft, qaz və elektrik enerjisi ilə bağlı infrastrukturun yaradılmasında gözəl nəticələrimizdir. Yeri gəlmişkən, Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və təcrübə – bütün bu amillər mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investi¬siya yatırmağa imkan verib. Bu il biz artıq dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə iki təməlqoyma mərasimi keçirmişik. Hazırda biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il bu iki stansiya istifadəyə veriləcəkdir və bu, yalnız baş¬lanğıcdır. Çünki biz artıq yenilənən enerji sahəsində bir çox aparıcı enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindəyik”.
Bütün bunlar hazırda Azərbaycan hökuməti tərəfindən ciddi şəkildə nəzərdən keçirilir və bərpaolunan enerjiyə nə qədər çox sərmayə qoyulacağı, nəticədə nə qədər qaza qənaət ediləcəyi və ixrac olunacağı araşdırılır.
Rafiq Kərimov,
“Tərəqqi” medallı, təqaüddə olan energetik

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir