Ümummilli liderimiz Heydər ƏIiyev demişdir: «Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.»
Bəli, gənclik cəmiyyətin ən aktiv təbəqəsidir. Azərbaycanın inkişafında, ictimai-siyasi həyatında, ölkədə keçirilən istənilən tədbirlərdə gəncliyin rolu getdikcə artmaqdadır. Bizlər bu gün Azərbaycan vətəndaşı, Azərbaycan gənci olmağımızla fəxr edir, qürur duyuruq. Bu qürur bizdə davamlı inkişafda olan, monolit bünövrəsi Ulu öndərimiz Heydər ƏIiyev tərəfindən qurulmuş, günbəgün inkişaf edən, bayraqları uca zirvələrə qalxan güclü və sivil bir dövlətdə, doğma Azərbaycanımızda yaşamağımızdan irəli gəlir. Dövlətin gələcəyi və inkişafı gənclərin sağlam düşüncəsindən bəhrələnir. Gənclik cəmiyyətdə özünütəsdiq etmişdir. Gənclər cəmiyyətin ən həssas, hər an qayğıya ehtiyacı olan hissəsidir.
XX əsrin 90-cı illərində pərakəndə şəkildə fəaliyyət göstərən Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq məqsədilə ümummilli lider Heydər Əliyev qəti addımlar atdı. 1994-cü il 26 iyun Gənclər, İdman və Turizm Nazirliyinin (indiki Gənclər və İdman Nazirliyi) yaradılması, 1996-cı il fevralın 2-si ilk Azərbaycan Gənclər forumunun keçirilməsi, 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Qanunun qəbul edilməsi buna ən gözəl nümunədir.
Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə Ümumilli Lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşşəbbüsü irəli sürülmüşdir.
2 fevral 1996-cı ildə keçirilən müstəqil Azərbaycan gənclərinin ilk forumunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak etmişdir. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Ulu Öndər Heydər Əliyev “2 Fevral – Azərbaycan Gəncləri Günü”nün elan edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
II forum 1999-cu ildə Bakı şəhərində keçirilib. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin iştirakı ilə keçirilən forumda gəncliyin bugünkü vəziyyəti, mövcud nöqsanlar və qarşıda duran vəzifələr ətraflı müzakirə edilmişdir. Bölmələrdə aparılan müzakirələr də çox səmərəli olmuşdur. Bunlar hamısı gənclərin II forumunun nə qədər böyük əhəmiyyət daşıdığını göstərir. Gənclərin II forumu Azərbaycan gəncliyinin bu gününün və sabahının aydın güzgüsüdür. III forum 2003-cü ildə, IV forum 2005-ci ildə, V forum 2008-ci ildə, VI forum 2011-ci ildə, VII forum 2014-cü ildə, VIII forum 2018-ci ildə, IX Forum isə 2020-ci ildə keçirilib. Onu da qeyd edək bu forumların hər biri Bakı şəhərində keçirilib.
Qeyd etmək lazımdır ki, 2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər.
Qürurverici və sevindirici haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.
Şaxtaya, soyuğa, qara baxmayaraq, Laçın-Xankəndi yolunda etiraz aksiyasına qatılan iştirakçıların böyük əksəriyyətini gənclər təşkil edirdi. Bütün Azərbaycanın ürəyi Laçın yolunda döyünürdü. Onlar böyük əhvali-ruhiyyə ilə öz haqlı tələblərini dünyaya bəyan edirdilər. Könüllü gənclər və ekoloqlarımız etiraz aksiyasında Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edirdilər. Aksiyaya qoşulan könüllü gənclərimizin sayı gün keçdikcə daha da artırdı. Dövlətimizin Azərbaycan könüllülərinə, gənclərə böyük motivasiya verib, qürur və fəxr hissi yaşadıb. Xalqımız gecə-gündüz şaxtalı-qarlı havada orada öz haqlarını tələb edən gənclərlə fəxr edir.
Azərbaycanda gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda dövlətimiz gənclərə böyük dəstək verir. Bu gün gənclərimiz öz sahəsində, fəaliyyətində inamla çalışırlar. İndi gənclərimiz, idmançılarımız beynəlxalq tədbirlərdə və yarışlarda iştirak edərkən tamamilə başqa bir həvəslə çıxış edirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər
Reyhanə Axundova,
Salyan Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı