Zəngəzur dəhlizi regionda yeni nəqliyyat imkanları yaradacaq

Cəmiyyət

“İnkişafımızın hədəflərindən biri regional bağlantı mərkəzinə çevrilmək idi. Çünki xəritəyə baxsanız, Azərbaycanın coğrafi üstünlüklərini görərsiniz. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir. Lakin nəqliyyat infrastrukturunun olmaması elə bir vəziyyət yaratmışdı ki, bizim coğrafiyadan istifadə edilmirdi. Mən tam əmin idim ki, biz bu vəziyyəti yaxşılaşdıra bilərik”. Dövlət başçısı İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfələrdən, tranzit imkanlarının genişləndirilməsi istiqamətində atdığı addımlardan, reallığa çevirdiyi layihələrdən geniş bəhs etdi. Bildirildi ki, Azərbaycan nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başladı. İlk olaraq yerli infrastrukturu inkişaf etdirmək üçün bu sahəyə böyük sərmayə yatırılmağa başlanıldı. Eyni zamanda, qonşularla bağlantı körpüləri quruldu. Azərbaycan mühüm tranzit ölkəsi olmaq arzusunu reallığa çevirmək üçün zəruri olan addımları atdı: “Beləliklə, “Bir kəmər, bir yol” layihəsinə qoşularkən bizim artıq hazır infrastrukturumuz var idi. Hazırda isə biz, nə ilə məşğuluq? İndi biz, sadəcə, texniki imkanları artırırıq. Məsələn, biz ticarət limanımızı genişləndiririk, çünki Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükaşırma baxımından problemlər yaradacaq. Bizim dəniz ticarət limanımız bir neçə il əvvəl açıldı. Onun ovaxtkı yükaşırma qabiliyyəti 15 milyon ton idi. Hazırda isə biz onun imkanlarını 25 milyon tona qədər çatdırırıq”. Hazırda gəmiqayırma zavodunun genişləndirilməsi planlaşdırılır. İldə 6-8 deyil, 10-20 gəmi inşa edilə bilər. Həm Azərbaycanda, həm də Xəzər dənizində buna tələbat artmaqdadır.

Azərbaycanın infrastruktur layihələrinin icrasına daha böyük önəm verməsi son iki ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində də özünün aydın ifadəsini tapır. Belə ki, bərpa işlərinə start veriləndə ilk olaraq yol-nəqliyyat infrastrukturunun yenilənməsi prioritet məsələ kimi öndə saxlanıldı. Hazırda bu ərazilərdə yeni avtomobil, dəmir yolları çəkilir, eyni zamanda, beynəlxalq status qazanmış hava limanları inşa edilir. Zəngilan və Füzuli Beynəlxalq Hava limanları istifadəyə verilib, Laçın Beynəlxalq Hava Limanının inşası davam edir. Bunları qeyd etməkdə məqsədimiz, Azərbaycanın gələcəkdə tranzit ölkə kimi mövqeyinin möhkəmlənməsinə geniş imkanların yaradıldığını təsdiqləməkdir.

Onu da qeyd edək ki, əhəmiyyətinə görə enerji layihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. Bu mühüm layihənin reallığa çevrilməsi Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirdi.

Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvü olan Azərbaycan Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü daim dəstəkləyir, qonşu ölkələrin qlobal layihələrə qoşulmaq istəklərini yüksək dəyərləndirir. Çünki Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir ki, infrastrukturun yenilənməsi ilə Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanı respublikamızın ərazisindədir.

Başqa sözlə desək, Avropa və Asiya arasında əlaqə yaradan Bakı-Tbilisi-Qars əraziləri yaxınlaşdırmaq istəyənlər üçün ən səmərəli yoldur.

Asiya və Avropanı birləşdirən yeni marşrutların keçdiyi əsas ölkələr arasında Azərbaycanın ön sıralarda yer aldığı təsadüfi deyil. Dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən biri olan, ixrac həcminə görə beynəlxalq reytinq cədvəlində ilk pillədə qərarlaşan Çinin Avropa, eləcə də Qara dəniz, Aralıq dənizi hövzəsində yerləşən ölkələrlə nəqliyyat xətləri vasitəsilə birləşməsində Azərbaycan getdikcə daha vacib rol oynayır. Burada o da xüsusi qeyd edilməlidir ki, Azərbaycanın malik olduğu nəqliyyat infrastrukturu, o cümlədən dəmir yolları Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün vacib hissəsidir.

Dövlət başçısı İlham Əliyevin sözügedən müsahibəsində diqqət göstərdiyi Zəngəzur dəhlizinin də həyati əhəmiyyət daşıdığı aydındır. Zəngəzur dəhlizi regionda yeni nəqliyyat imkanları yaradacaq.

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir