Qarabağ münaqişəsi artıq tarixdə qalıb

Baş səhifə

Azərbaycanın müstəqillik illərində sahib olduğu iqtisadi qüdrəti Böyük Qələbə üçün zəmin yaratdı. Məhz Prezident cənab İlham Əliyevin yürütdüyü müstəqil siyasət nəticəsində Azərbaycan iqtisadi baxımdan inkişaf edərək torpaqlarının azad edilməsinə nail oldu. Çünki iqtisadi inkişaf bizim Qələbəmizin əsasını təşkil etdi. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, ordumuzu müasir silahlarla təchiz edə bilməzdik. Eyni zamanda Azərbaycan yeni neft strategiyası sayəsində Ermənistanı regionda həyata keçirilən transmilli layihələrdən kənarda saxladı. Ordu quruculuğunun təməl daşlarının Ümummilli Lider Heydər Əliyev tərəfindən düzgün qoyulması, uğurlu siyasi varis Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilməsi Böyük Qələbənin rəhninə çevrildi.

Dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfələrini verən, multikultural dəyərləri ilə seçilən, birgə yanaşı yaşamaq modelini nümayiş etdirən, müasirləşən və modernləşən Azərbaycan milli-mənəvi dəyərlərinə də böyük diqqət və həssaslıqla yanaşır. Vətənpərvər gəncliyin yetişməsi və bu kontekstdə hərbi potensialının gücləndirilməsi daim dövlətimizin diqqət mərkəzində olub.

Bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Müzakirə mövzusu yalnız Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsidir. Prezident cənab İlham Əliyevin bu məsələdə mövqeyi ortadadır. Prezident İlham Əliyev bəyan edib ki, Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Ermənilər də yaxşı bilirlər ki, Prezident İlham Əliyev verdiyi vədin, sözün hər zaman arxasında duraraq onu reallığa çevirən liderdir. Prezident İlham Əliyev dəfələrlə Qarabağda yaşayan ermənilərə səslənərək bildirmişdir ki, bu məsələdə düzgün addım atsınlar. Çünki onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan rəhbərliyinə də dəfələrlə mesaj göndərərək demişdir ki, müharibə artıq bitib və Qarabağ münaqişəsinə son qoyulub. İndi sülh danışıqlarına başlamağın vaxtıdı. Prezident cənab İlham Əliyev 31 oktyabr tarixində Soçi səfəri zamanı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə keçirilmiş ikitərəfli görüş zamanı da bildirmişdir ki: “Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Münaqişə iki il bundan əvvəl həll edilib. Bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb edən formatdır.”

Qarabağ Azərbaycanın daxili məsələsidir, beynəlxalq münasibətlərin mövzusu deyil. Kapitulyasiyadan 2 il keçməsinə baxmayaraq anti-Azərbaycan qüvvələr hələ də möhtəşəm Zəfərimizi qəbul edə bilmirlər. Ermənistan məhz həmin xarici dairələrin dili ilə danışır, onların sözünü deyir. Ermənistan uzun müddətdir beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparır, sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə regionda təhlükəsizliyin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj edir, 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasından boyun qaçırır. Ermənistan başa düşməlidir ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz. Bu gün isə Azərbaycan əsgəri Azərbaycanın dövlət sərhədində Ermənistanın təxribatlarına layiqli cavab verir. Ermənistan təxribatçı addımlarından əl çəkməsə daha ağır məğlubiyyətlərə düçar olacaq. Prezident cənab İlham Əliyevin qətiyyətli fikirlərindən Ermənistan rəhbərliyi və revanşist qüvvələr dərs çıxarmalıdırlar. İstənilən təxribat bu ölkə üçün ağır fəlakət olacaq. Bir də ki, qalib sərkərdənin söylədiyi kimi, Ermənistan tarixi yenidən yazmaq cəhdlərindən də çəkməlidir, çünki tarix Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin qüdrətli ordusu tərəfindən artıq yazılıb.

 

 

Gülşən Əzizova,

Salyan şəhər 5 saylı uşaq bağçasının müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir