Bildiyimiz kimi, ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib. Prezident İlham Əliyevin forumdakı çıxışı və verilən suallara cavabları ölkə ictimaiyyəti və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Prezident İlham Əliyev çıxışında ölkəmiz üçün böyük uğurla başa çatan İkinci Qarabağ müharibəsindən sonra regionda baş verən dəyişikliklərə toxunaraq qeyd etdi ki, regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır: “Bu təbiidir, çünki biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin üzərində suverenliyini tam bərpa etməli idik. Biz bunu sülh yolu ilə etmək istəyirdik, eyni şəkildə biz təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdik. Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı”.
Məlum olduğu kimi, Ermənistan ordusunun Qarabağda qalmış tör-töküntüləri, separatçılar silahları yerə qoyub təslim olmadılar. Halbuki Azərbaycan tərəfindən dəfələrlə onlara xəbərdarlıq edilmişdi ki, əgər silahları yerə qoyub təslim olsalar, amnistiya tətbiq olunacaq. Təkrar-təkrar olunan xəbərdarlıqlar nəticə verməyəndən sonra Azərbaycanın Qarabağda suverenliyini tam bərpa etmək üçün antiterror tədbiri keçirməkdən başqa yolu qalmadı. Azərbaycan Prezidenti İlham Əliyev forumdakı çıxışında bu vacib məsələyə toxunaraq dedi: “Beləliklə, bir gündən də az sürən antiterror əməliyyatı bizə imkan verdi ki, suverenliyimizi bərpa edək. Yeri gəlmişkən, əməliyyat elə tərzdə aparılmışdır ki, mülki infrastruktura zərər dəyməyib və dinc əhali arasında itkilər olmayıb. Əməliyyat başlayan anda bəyan etdik ki, Ermənistan ordusu silahları yerə qoyan kimi biz dayanacağıq və onlara oraları tərk etməyə icazə verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olduqlarını bəyan edəndən sonra bütün fəaliyyətlər dayandırıldı”.
Çıxışını bitirdikdən sonra Prezident İlham Əliyev tədbir iştirakçılarının suallarını da cavablandırdı. Niderlandlı diplomat Denis Sammutun sülh sazişi ilə bağlı sualına Prezidentin verdiyi cavab forum iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Bu cavab həm də separatizmdən əl çəkmək istəməyən erməni revanşistlərinə sərt xəbərdarlıq idi: “Sülh sazişindən danışarkən bunun yalnız formal tərəfini fikirləşməməliyik. Bizə əslində nə lazımdır, yəni Azərbaycana nə lazımdır? Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə, təsdiqlənmiş zəmanət lazımdır. Bu, bizə niyə lazımdır? Çünki biz Ermənistanda nə baş verdiyini bilirik və həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var. Həmin paytaxtın adını qeyd etmədən belə, məncə, hamı kimi nəzərdə tutduğumu anlayır. Beləliklə, bu, bir təkan rolunu oynaya bilər. Hələlik bunlar təxribatçı məsləhətlərdir, lakin onların dağıdıcı məsləhətlərə çevriləcəyini istisna etmirik. Deməli, iki ölkə arasında daha müharibə olmayacağına, Ermənistanın vəziyyətlə tam razılaşdığına və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dediklərini həqiqətən nəzərdə tutduğuna dair zəmanətimiz olmalıdır. Onlar keçmiş “Dağlıq Qarabağ respublikası”nı unutmalı, sərhədin delimitasiyası məsələsində konstruktiv olmalıdırlar. Əsl sülh məhz budur”.
Prezident İlham Əliyev forum iştirakçılarının suallarını cavablandırarkən Qarabağda aparılan və gələcəkdə daha sürətlə davam etdiriləcək quruculuq və bərpa işlərindən, yaxın zamanlarda həyata keçiriləcək beynəlxalq əhəmiyyətli layihələrdən də ətraflı söz açdı. Dövlət başçısı özbəkistanlı diplomat Əzizə Umarovanın suallarına cavab verərkən bildirdi ki, hazırda Qarabağ bizim əsas prioritetimizdir. Bölgənin özü və ən əhəmiyyətlisi, evlərinə dönməyi gözləyən insanlardır.
Məhərrəm Piriyev,
YAP Salyan rayon təşkilatının əməkdaşı