Azərbaycanın Qarabağı erməni işğalından azad etdikdən sonra Qərbin siyasi təzyiqləri ilə üzləşməsi müasir dünyada ikili standartlar siyasətinin geniş tətbiq olunduğunu açıq şəkildə ortaya çıxarır. Bu eyni zamanda beynəlxalq riyakarlığın göstəricisidir.
Fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət çəkdi. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyasında ratifikasiya edilməməsi beynəlxalq riyakarlığın təzahürdür. Avropa Şurası Parlament Assambleyasının addımları dialoqa xidmət etmir. Bu cür təşəbbüslər parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmalıdır. Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.
Əslində ölkəmiz əməkdaşlıq və münasibətlərin inkişafında maraqlıdır. Bunu Qoşulmama Hərəkatının timsalında görmək mümkündür. Belə ki, Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi müddətində bu təsisatın beynəlxalq nüfuzu artıb. Yeni əməkdaşlıq sahələri yaradılıb və bu xüsusda parlament, gənclər ölçülərinin və qadın platformasının təsis olunması istiqamətində təşəbbüslər də irəli sürülmüşdür. Ancaq ölkəmizin uğurlarını qəbul etmək istəməyən ölkələr davamlı olaraq anti-Azərbaycan fəaliyyəti ilə məşğul olurlar. Bu ölkələrdən biri məhz Fransadır. Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı Prezident İlham Əliyev bu haqda fikir bildirərkən qeyd etdi ki, rəsmi Paris regionda vəziyyətin gərginləşməsinin səbəbkarıdır. Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir. Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürütdür. Ermənistanın silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür.
Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı olsa da siyasətində müstəqil olmaması, hər zaman havadarlarının göstərişləri əsasında hərəkət etməsi yenə də konkret addım atmasına mane olur. Sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif formatlarda və tərkiblərdə keçirilən görüşlərdə Ermənistan baş nazirinin Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən təklifini dəstəkləyib, görüşdən sonra tamamilə başqa fikirlər səsləndirməsi də bunun təsdiqidir. Hər iki tərəf biri-birinin ərazi bütövlüyünü dəstəkləyir. Reallıq budur ki, Fransa kimi ədaləti və beynəlxalq hüququ maraqlarına qurban verən dövlətlər, AŞPA kimi Fransanın və Almaniyanın əlində oyuncağa çevrilən təşkilatlar sülh müqaviləsinin imzalanmasında maraqlı olmadıqlarını açıq-aşkar nümayiş etdirirlər. Elə bu kontekstdə də Ermənistan geosiyasi seçimlərinə diqqət yetirməli və təhdid yarada biləcək bütün ehtimalları aradan qaldırmalıdır.
Asiyə Əliyeva,
Salyan rayon Qardili kənd tam orta məktəbin müəllimi, YAP fəalı