Fəzail Ağamalı: “Qərbi Azərbaycan icmasının üzərinə çox böyük bir missiya düşür”

Baş səhifə

 

Qərbi Azərbaycan İcması yeni inzibati binaya köçüb. İcmanın yeni binası Şuşa İcra Hakimiyyətinin Bakının Nərimanov rayonu ərazisindəki uzun müddət istifadəsində olmuş təmirli binadır.

Musavat.com-a çatan məlumata görə, Qərbi Azərbaycan İcmasının yeni inzibati binasının açılışı və təşkilatın prezentasiyası yaxın günlərdə həyata keçiriləcək.

Qərbi Azərbaycan İcması Qarabağda yaşayan erməni icmasının və onun üzərindən erməni diasporunun status oyunlarına qarşı təşkil olunmaqdadır. Ermənilərin beynəlxalq arenada qaldırdığı və qaldırmaqda davam edəcəyi gedişlərə identik siyasi gedişlər baxımından bu plan çox mükəmməldir. Eyni zamanda Azərbaycana imkan verir ki, ölkəmiz də ermənilərlə eyni arenada və daha güclü səslə, daha böyük əsaslarla status məsələsi və iddiası qaldırsın. Əgər dünya erməniliyi 25-30 min erməni üçün status iddiası qaldırırsa, o zaman Azərbaycan da 3 milyona yaxın qərbi azərbaycanlı üçün eyni qaydada status iddiası ilə çıxış edəcək. Göyçəyə, Zəngəzura, İrəvana status istəməmiz üçün əlimizdə bütün imkanlar və sübutlar var. Bir sözlə, “Qərbi Azərbaycan İcması Azərbaycanın strateji maraqları və həm də gələcək önəmli iddiaları üçün qurulmaqdadır. Təşkilata hazırda millət vəkili Əziz Ələkbərli rəhbərlik edir. İcmanın olduqca məşhur üzvləri var. 20-dən yuxarı millət vəkili, yüzlərlə alim və ziyalılar, iş adamları, jurnalistlər, sadə vətəndaşlar bu təşkilatın özəyini təşkil edirlər.

 

Onlardan biri – Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidentinin 44 günlük Vətən müharibəsindən sonra qarşıya qoyduğu başlıca hədəflərdən biri də Qərbi Azərbaycandan olan soydaşlarımızın tarixi torpaqlarımıza qayıtmasıdır. Bunu cənab Prezident açıq şəkildə ifadə edib və kifayət qədər bu vəzifənin qarşıya qoyulmasının hüquqi, tarixi əsasları, kökləri var: “Ermənilər həmin tarixi ərazilərə on doqquzuncu əsrin iyirminci illərindən sonra Rusiya İmperiyası tərəfindən İrandan və Türkiyədən köçürülüblər. Eyni zamanda Azərbaycanın indiki Dağlıq Qarabağ ərazisinə də köçürülmə həyata keçirilib. Tarixi torpaqlarımız olan Qərbi Azərbaycan ermənilərin bu və ya digər şəkildə tarixi kökləri olmayan bir ulu yurdumuzdur. Ona görə də artıq dünyada gedən proseslər, dünya nizamının yenidən qurulması, geosiyasi və geoiqtisadi proseslərin fərqli durumda özünü ifadə etməsi, bütün bunlarla bərabər 44 günlük Vətən müharibəsinin nəticələri bizə tamamilə əsas verir ki, artıq Qərbi Azərbaycan torpaqlarına qayıtmaq prosesini sürətləndirək. Bu baxımdan son vaxtlar Qərbi Azərbaycan əsilli insanların daha aktiv şəkildə, daha açıq formada KİV-də həmin torpaqlara qayıtmaqla bağlı fikirlərini ifadə etməsi, bu məsələnin aktuallaşdırılması göstərir ki, bu məsələ millətimizin sosial sifarişinə çevrilib. Biz o torpaqlara qayıtmalıyıq. Bu, birmənalıdır. Hadisələrin gedişi də göstərir ki, bunun üçün artıq əlverişli şərait yaranmaqdadır. Rusiya-Ukrayna müharibəsi, Rusiyanın Ukrayna bataqlığından çıxmaq imkanlarının son dərəcə məhdud olması, dünyanın aparıcı dövlətlərinin bu gün Rusiyaya qarşı tutduğu mövqenin yaratdığı bir durumda Ermənistan daha çox Fransa və ABŞ-la əlaqələrini qurmağa və onların himayəsinə keçməyə çalışır. Zamanında Rusiya imperiyasının geopolitik layihəsi olan Ermənistan çıxılmaz bir durumdadır. Əhali sürətlə Ermənistandan köçür. Ermənistan dövlətində demoqrafik böhran da hökm sürür. Bu cür taleyi yaşayan dövlətlər tarix səhnəsindən silinib gedir, yaşamaq imkanları sadəcə olaraq möcüzə ola bilir. Ermənistan dövlətinin bu şəkildə buxarlanmasına və yox olmasına hər hansı bir möcüzə ilə mane olmaq mümkün olmayacaq. Belə bir vəziyyətdə eyni zamanda Qərbi azərbaycanlıların artıq təşkilati və hüquqi baxımdan addımlar atması tamamilə doğrudur və hüquqi, siyasi, tarixi əsaslara söykənir. Qərbi Azərbaycan İcması da bu yolda atılan mühüm addımdır. Mənim də daxil olduğum Qərbi Azərbaycan icmasının üzərinə çox böyük bir missiya düşür. Biz tarixi torpaqlarımıza qayıtmaq haqqında iradəmizi birmənalı şəkildə ortaya qoymalıyıq”.

 

F.Ağamalı qeyd etdi ki, Qərbi Azərbaycanlıların iddiası tamamilə beynəlxalq hüquq normalarına söykənən, tarixi faktlara əsaslanan istəkdir: “Əsrlər boyu ulu babalarımızın yaşadığı torpaqlara qayıtmaq bu günü bizim qarşımızda duran ən müqəddəs vəzifədir və bunun üçün artıq proses gedir. Tamamilə əminəm ki, yaxın zaman kəsiyində bu proses böyük bir hərəkata çevriləcək. Eyni zamanda təkcə hazırda 50 yaşdan yuxarı nəsillər deyil, əsli kökü Qərbi Azərbaycan torpaqlarından olan hər bir kəsin də o torpaqlara qayıtmaq üçün əsasları var. Oranın tarixi Azərbaycan torpaqları olduğunu gündəlikdən çıxarmalı deyilik. Artıq tarixi ədalətin bərpa olunması yetişir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir