Cari ilin 24 avqust tarixində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə bir çox məsələlərə toxunularaq Qazaxıstan və Azərbaycanın bir-birinə yaxın dövlətlər olduğu vurğulanmış, ikitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyü qeyd olunmuşdur.
Dünya tarixində çoxsaylı misallar gətirə bilərik ki, liderlər arasında dostluq münasibətləri onların mənsub olduqları xalqları da bir-birinə səmimi tellərlə bağlayır. Bu da bir həqiqətdir ki, liderlərin dostluğunun əsasında qlobal problemlərin həllinə ortaq baxış dayanır. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev və Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyev arasında baş tutan görüş zamanı Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” – “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə Qazaxıstan Respublikası tərəfindən verilən ən yüksək qiymət kimi dəyərləndirmək olar.Bir məsələni də qeyt etmək yerinə düşər ki, Qazaxıstanın Qarabağın yenidən qurulmasında geniş tərkibdə iştirakı nəzərdə tutulub və bu istiqamətdə mühüm addımlar atılmaqdadır. Belə ki, Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir. Bu əməkdaşlıq da uğurla inkişaf edir.
Azərbaycan-Qazaxıstanın İqtisadi-ticari münasibətlərinin inkişafına da bu görüşdən sonra sözsüz ki, təkan veriləcək. Cari ilin birinci rübündə ölkələr arasında ticarət dövriyyəsi keçən ilki göstərici ilə müqayisədə 3 dəfə artmışdır. Əmtəə dövriyyəsinin artırılması üçün hələ böyük ehtiyatlar var. Gələcək iqtisadi-ticari əməkdaşlığın bəzi istiqamətləri barədə fikir mübadiləsi aparılmış, qarşılıqlı tədarüklərin artırılması məsələsi müzakirə olunmuşdur.Həmçinin,investisiya sahəsində də böyük perspektivlər var. Həm Qazaxıstanda, həm də Azərbaycanda çox müsbət investisiya mühiti, xarici investisiyaların böyük həcmi var. Bu istiqamətdə də səyləri birləşdirməyin, Azərbaycanda, Qazaxıstanda, ola bilsin, başqa ölkələrdə də birgə investisiya layihələrində iştirak etmək hər iki ölkə tərəfindən planlaşdırılır. İki ölkə arasında 1 milyard dollar dəyərində əmtəə dövriyyəsi tərəflərin qarşılıqlı fəaliyyəti dərinləşdirmək niyyətini nəzərə almaqla, tamamilə realdır.
Təbii ki, səfər zamanı ikitərəfli əməkdaşlıqda yeni səhifə açıldığı heç kəsə sirr deyil. Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı tərəflər arasında 20-dən artıq sənəd imzalanmışdır. Bu qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcək. Bir məsələyə də toxunmaq istərdim ki, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin çox böyük bir xüsusi əhəmiyyəti vardır.İlk öncə bu Bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir. Biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək. Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Həmçinin, Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq.
Elmar Əhmədov,
YAP Salyan rayon təşkilatının sədri