ULU ÖNDƏR HEYDƏR ƏLIYEVIN AZƏRBAYCANIN XILASKARI KIMI YENIDƏN BÖYÜK SIYASƏT MEYDANINA  QAYITMASI -3 SENTYABR 1991 – ŞƏRH

Baş səhifə

 

Xalqımız üçün son dərəcə ağır və təzadlı dövrdə Ulu Öndər Heydər Əliyev Azərbaycanın xilaskarı kimi yenidən böyük siyasət meydanına qayıtdı. Həyatının ən ağır və çətin dövrü olan 1987-1990-cı illərdə öz xalqı kimi təklənən, siyasi cəhətdən təcrid olunan bu böyük şəxsiyyət Yanvar faciəsinin dəhşətlərinə məruz qalmış xalqına başsağlığı vermək, onun cəlladlarını açıq ittiham etmək üçün səsini ucaltdı. Keçmiş SSRİ rəhbərliyində yüksək vəzifələrdən erməni lobbisinin fəal səyi nəticəsində məcburi istefa verəndən sonragı üç illik sükut ərzində Ulu Öndər Heydər Əliyev ilk dəfə idi ki, geniş siyasi meydana çıxıb, Bakıya qoşun yeridilməsini hərbi müdaxilə adlandıraraq törədilmiş faciədə Qorbaçov başda olmaqla Sov.İKP rəhbərliyini günahlandırır, ağır günlərdə doğma xalqı ilə həmrəylik ifadə edirdi.

Ulu Öndər Heydər Əliyevin fəal siyasətə qayıdışı o dövrə təsadüf edir ki, daim xalqı üçün döyünən, yaşayan ürək gəzdirən bu böyük şəxsiyyətin susması daha mümkün deyildi. Ölkəmizin taleyinin hərraca qoyulduğu, fəlakətə sürükləndiyi bir vaxtda səsini qaldıran, Azərbaycan həqiqətlərini bütün dünyaya bildirən Ulu Öndər Heydər Əliyevə qarşı kampaniya, gözlənildiyi kimi və çox təəssüf ki, azərbaycanlıların adından, respublikada hakimiyyətdə olanların əli ilə başlandı.

O dövrdə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının xalq deputatı kimi fəaliyyət göstərən Ulu Öndər Heydər Əliyev Naxçıvan parlamentində təkcə muxtar respublika üçün yox, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, siyasi həyatın demokratikləşməsi prosesinə güclü təkan verən qərarların qəbul edilməsinə nail oldu. Muxtar Respublika Ali Sovetinin onun sədrliyi ilə keçən birinci sessiyası muxtar respublikanın adından “sovet sosialist” sözlərini çıxarmış, ali dövlət hakimiyyət orqanının adında dəyişiklik etmiş, Muxtar Respublikanın üçrəngli dövlət bayrağı və digər rəmzləri haqqında qərarlar qəbul etmiş və Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırmışdı.

Ulu Öndər Heydər Əliyevin Qarabağ probleminin həlli ilə bağlı irəli sürdüyü təkliflər “Qarabağ heç vaxt indiki qədər bizim olmayıb” məddahlığı ilə qarşılanır, hadisələrin düzgün qiymətləndirilməməsi ucbatından siyasi proseslər getdikcə millət, xalq üçün təhlükəli xarakter almağa başlayırdı. Nəticədə Xocalı soyqırımı törədildi, Şuşa kimi alınmaz qala düşmənə verildi, Qarabağ Azərbaycandan qoparıldı, yüz minlərlə soydaşımız yurdyuvasından didərgin düşdü.

Ümumi Azərbaycan evimizin divarından hər gün bir kərpic düşdüyü vaxt Naxçıvan Muxtar Respublikasının əhalisi böyük uzaqgörənlik göstərən Ulu Öndər Heydər Əliyevi Naxçıvan Muxtar Respublikasının rəhbəri seçdi. Azərbaycana hakimiyyətdə təmsil olunmaq üçün qayıtmadığını dəfələrlə vurğulayan Ulu Öndər Heydər Əliyev xüsusi bəyanatında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin

sədrliyinə öz razılığı olmadan seçildiyini bildirdi. Lakin Ulu Öndər Heydər Əliyevin Ali Məclisin sədri seçilməsi tələbi ilə sessiya keçirilən binanın qarşısına toplaşan yüz min nəfərlik izdihamın rəyini nəzərə almamaq mümkün deyildi.

Ulu Öndər Heydər Əliyev bununla əlaqədar demişdir: “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim… Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin dövründə üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.

Xalqın gücü dahi Heydər Əliyevdə olduğu kimi, Ulu Öndər Heydər Əliyevin gücü də xalqdadır. Xalq – Heydər Əliyev, Heydər Əliyev – xalq anlayışları bir-birindən ayrılmazdır. Bu baxımdan Naxçıvanda 1992-ci il oktyabrın 24-də ilk dövlət çevrilişi cəhdləri sonralar Bakıda baş verən dövlətəleyhinə qəsdlərin baş məşqi idi.

Lakin Heydər Əliyev – xalq, xalq – Heydər Əliyev birliyinin gücü bu mənfur planları beşiyində boğdu. Təxribat əməlləri bir nəticə vermədikdə, özünü demokratik qüvvələr kimi təqdim edən üzdəniraq liderlərin Naxçıvanda əl

atdıqları açıq dövlət çevrilişi cəhdləri baş tutmadı.

Azərbaycanda müstəqil dövlət quruculuğu ağrılı, əzablı yollar keçib. Bu yolun ən məsul məqamlarında ictimai-siyasi mühitin xüsusi həyəcanla vuran nəbzi xalqın uzun illər həsrətində olduğu müstəqilliyini itirmək nigarançılığı ilə bağlı olmuşdur. 1993-cü ilin iyununda da bu vəziyyət yaranmış, xalq real parçalanma, məhvolma təhlükəsi qarşısında qalmışdı. O günlərin dramatik faciəli gedişləri ilk baxışdan Azərbaycan xalqı üçün alternativ qoymamışdı. Lakin əsl yolu zaman özü seçdi: Xalqın iradəsi hər şeyə qalib gəldi və müstəqil Azərbaycan öz nicatını görkəmli siyasətçi, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışında tapdı.

Keçdiyimiz zaman məsafəsi xalqın düzgün qərar qəbul etdiyini, saysız-hesabsız problemlər məngənəsində sıxılan ölkəmizin bu ən ağır və məsul dövründə onu qurtuluş yolu ilə aparmağa qadir olan yeganə şəxsiyyətin məhz möhtərəm Heydər Əliyev olduğunu bir daha sübut etdi. Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə qayıdışı şərəfli xilaskar missiyasına – Azərbaycanı Azərbaycana qaytarmaq məramına xidmət edir.

Ulu Öndər Heydər Əliyev məktəbinin layiqli davamçısı Müzəffər Ali baş komandan Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuz torpaqlarımızı işğaldan azad etdi.

Bayram Xudayarov

AMEA Fizika İnstitutunun əməkdaşı,

YAP-ın fəal üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir