XALQ, DÖVLƏT VƏ ORDUNUN BİRLİYİ  ZƏFƏR ÇALMAĞIMIZDA MÜHÜM AMİL OLDU”

Baş səhifə

 

Fəzail Ağamalı: “İkinci vacib amil ölkə başçısının ortaya qoyduğu vətənpərvərlik nümunəsi idi”

“Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu”. Bunu Prezident İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr-Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önündə çıxışı zamanı deyib: “Bu gün Azərbaycanda Anım Günüdür. Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Allah bütün şəhidlərimizə rəhmət etsin. Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər.

Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz-bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq”, – dövlət başçısı bildirib.

 

Millət vəkili Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, vaxtilə cəmiyyətdə gənclərin vətənpərvərliyi ilə bağlı müəyyən şübhələr olsa da, Vətən müharibəsi göstərdi ki, bu fikirlərin heç bir əsası yoxdur: “Qarabağ işğal edildikdən sonra gənclərin təsir altında düşdüyü, daha çox kosmopolit olduğu, vətənpərvərlik hisslərindən uzaq olduğu deyilirdi. Lakin bu fikirlər cəmiyyətdə həlledici təsirə malik deyildi. Gələcəyə ümid bəsləyən, genetik kodlarımızdan qaynaqlanan vətənpərvərlik hisslərinin daşıyıcıları olan gənclərin daha çox olduğuna inananlar üstünlük təşkil edirdi. Bir neçə fərqli mövqe nümayiş etdirən var idi. Mühafizəkar yaşlı nəsil adət-ənənələrə kifayət qədər əməl edilməməsindən şikayət edirdi. Onların fikirlərində bəzi həqiqətlər olsa da, tamamilə razılaşmaq mümkün deyildi. Qərb tərəfdən milli kimliyimizə, milli mənliyimizə, milli qürurumuza təsir edə biləcək layihələr həyata keçirilirdi. Cənubdan gələn dini kəsim də milli mənliyi daha çox dini düşüncələrlə əvəz etməyə çalışırdı. Lakin hər hansı xalqın dünyagörüşünü formalaşdırmaq, bu və ya digər şəkildə istiqamətləndirmək, milli kodlara söykənən xüsusiyyətlərini, milli kimliyini tamamilə yox etmək mümkün deyil. Genetik kodların diktə etdiyi şərtlər var, vətənpərvərliyimizi, Vətənə bağlılığımızı aradan qaldırmaq qeyri-mümkündür. İkinci vacib amil ölkə başçısının ortaya qoyduğu vətənpərvərlik nümunəsi idi. Prezident bütün platformalarda, bütün addımlarında özünü ən alovlu vətənpərvər kimi təqdim etdi. Vətən müharibəsində qələbəmizi şərtləndirən ən mühüm amillərdən biri vətənpərvərlikdir ki, bunu ölkə prezidenti 17 il ərzində sözlərlə deyil, atdığı addımlarla hər kəsə aşılaya bildi, gənclərdə formalaşdıra bildi. Eyni zamanda mətbuatda vətənpərvərliklə bağlı aparılan təbliğat öz rolunu oynadı”.

 

Millət vəkili vurğuladı ki, bundan sonrakı mərhələdə nəinki gənclər, hər kəs diqqətli olmalıdır: “Həm rəsmilər, həm millət vəkilləri, həm də media – bütün səviyyələrdə gənclərə aşılamalıyıq ki, biz müharibədə qalib gəlmişik, lakin müharibə tamamilə başa çatmayıb. Vandal, vəhşi, terrorçu, ayrı-ayrı dövlətlərin əlində maşaya çevrilən Ermənistan kimi qonşumuz varsa, biz ehtiyatı əldən verməməli, onların məkrli planlarını yaddan çıxarmalı deyilik. Prezident Anım günündə gənclərə əmanətin qorunması ilə bağlı çağırış etdi. Şəxsi nümunə ilə uşaq yaşlarından başlayaraq təhsildə, yaradıcılıqda və s. milli kimliyə bağlılığı, dövlətə sədaqəti aşılamalıyıq. 10 ildən sonra hansı ölkədən bizə qarşı düşmənçilik addımları atılacağını bilə bilmərik. Dövləti gücləndirmək üçün lazımi tədbirlər görülüb, görüləcək də. Lakin biz də atılan addımlara adekvat olaraq fəaliyyətimizi qurmalıyıq. Xüsusilə iki hadisəni yaddan çıxarmamalıyıq: azadlıq uğrunda xalq olaraq birləşdiyimiz, sona qədər mübarizə apardığımız 20 Yanvarı və 200 ildir bizə qarşı düşmənçilik edən, himayəçi dövlətlərin yardımı ilə torpaqlarımızı işğal edən ermənilər üzərində qazandığımız qələbəni, yəni 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfəri. Xalqın dövlət və ordu ilə birliyi, həmrəyliyimiz zəfərin əldə olunmasında mühüm amil oldu”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir