Azərbaycanı daha firavan və xoşbəxt gələcəyə aparan Lider.

Cəmiyyət


“İnsanların həyat şəraitini yaxşılaşdırmaq qarşıda duran ən böyük vəzifədir. Bunu etmək üçün bizim hər cür imkanımız və yetərincə möhkəm iradəmiz var.Əminəm ki, Azərbaycan iqtisadi cəhətdən güclü ölkəyə çevriləcək və digər ölkələrə nümunə olacaqdır. Mən Azərbaycanı belə görmək istəyirəm” İlham Əliyev

Ulu öndər Heydər Əliyevin uzaqgörən dünyəvi dövlət quruculuğu və milli inkişaf konsepsiyasının 2003-cü ildən yeni dövrün lideri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmləndi, suverenliyimiz əbədi və dönməz xarakter aldı.
Ölkəmizdə 2018-ci il 11 aprel tarixində keçirilən prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 86,03%-nin səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezident seçilmişdir. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim etmişdir. Bu, Azərbaycanın müstəqillik tarixinə ilk növbədənkənar prezident seçkisi olmaqdan başqa, həm də güclü dövlət, güclü xalq və güclü liderin üzvü vəhdəti səviyyəsində qazanılan mühüm qələbə kimi də yaddaşlara yazılmışdır. Növbəti dəfə xalqdan etimad mandatı alan Prezident İlham Əliyevin rəhbərliyi altında son dörd ildə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuşdur. Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə xarakterizə olunur.
Ümummilli liderin layiqli davamçısı olan cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən ötən 2003- 2018 ci il ərzində ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb, dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqilliyimiz daha da güclənib, ölkənin davamlı və dayanıqlı inkişafı, sürətlə modernləşməsi təmin edilib, Azərbaycan inkişaf edən ölkələr sırasında layiqli yer tutub. Dahi siyasət korifeyinin böyük uzaqgörənliklə dediyi “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” kəlamı zamanın sınağından keçərək, reallığa çevrilıb və müasir Azərbaycan tarixinin hər anında tarixi təsdiqini tapır.
Düşünülmüş, qarşılıqlı etimada və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirən Azərbaycan bu gün beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı kimi tanınır. Səsi dünyanın ən mötəbər tribunalarından gələn müstəqil Azərbaycanın üçrəngli bayrağı irimiqyaslı ictimai-siyasi və mədəni tədbirlərdə, nüfuzlu təşkilatlarda əzəmətlə dalğalanır.
Bu gün ölkəmiz qlobal əhəmiyyətli beynəlxalq tədbirlərin, humanitar forumların, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun, mötəbər idman yarışlarının və mədəniyyət tədbirlərinin keçirildiyi məkana çevrilib.
Əsrə bərabər 19 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı.
Tarixə nəzər salsaq görərik ki, ötən bu illər ərzində Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Məhz bu ordu öz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başladı və dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.
Hər bir vədinin əməli fəaliyyəti ilə təsdiqləyən Prezidentə xalqın sevgisi şəksizdir. Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanı gücləndirdi, qalibiyyətimizi şərtləndirən bütün amillərin yaradılmasına nail oldu və sonda azadlığına qovuşacağını 30 il səbirsizliklə gözləyən torpaqlarımıza “Biz gəldik və burada əbədi olacağıq” söylədi. Bu günümüzün reallıqları, eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Qoy bizim üçrəngli bayrağımız suveren, qüdrətli Azərbaycan səmasında əbədi dalğalansın!”, “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” kimi istəklərinin təsdiqidir. Xalqımız əmindir ki, dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində hər bir hədəfə uğurla nail olacaq, Azərbaycanımız daha yüksək zirvələri fəth edəcəkdir.

Siyəzən Rayon Mərkəzi Kitabxanasının şöbə müdiri Ramilə Seyidova

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir