Ceyhun Bayramov Antonio Quterreşlə BMT-Azərbaycan münasibətlərini müzakirə edib – YENİLƏNİB + FOTO

Cəmiyyət

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə, Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyi, habelə bölgədə cari vəziyyət müzakirə olunub.

C.Bayramov, ölkəmizin BMT-yə üzv olmasından bəri təşkilat, o cümlədən onun ixtisaslaşmış qurumları ilə faydalı əməkdaşlıq etdiyini, BMT-nin ölkəmizdəki fəaliyyətinin əhəmiyyətli olduğu bildirilib.

Bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyi barədə məlumat verən nazir C.Bayramov, eyni zamanda, ötən günlərdə ölkəmiz tərəfindən ərazilərimizdə hələ işğal dövründə BMT TŞ-nin 4 qətnaməsinə zidd olaraq qeyri-qanuni mövcudluğunu davam etdirən, post-münaqişə dövründə Ermənistan tərəfindən saxlanan erməni silahlı qüvvələrinin varlığına son qoyulması ilə nəticələnən lokal antiterror tədbirləri barədə məlumat verib.

Sözügedən tədbirlərin 30 illik işğalın qalıqlarının aradan qaldırılması, o cümlədən bölgədə sülh və stabitliyə qarşı davamlı təxribatlar törədən qanunsuz silahlı qüvvələrin çıxarılması baxımından sülh prosesinə, o cümlədən Qarabağ bölgəsindəki yerli erməni sakinlərin reinteqrasiyasına töhfə verəcəyi əminliklə vurğulanıb.

Bu xüsusda, artıq ötən günlərdə Yevlax şəhərində Azərbaycan Hökuməti ilə erməni sakinlərin nümayəndəsi arasında görüşün baş tutması, habelə bu görüşün nəticələrinə uyğun olaraq sakinlərin ehtiyaclarının qarşılanması istiqamətində tərəfimizdən addımların atıldığı, humanirar yardımların göstərildiyi bildirilib.

C.Bayramov BMT baş katibinə hal-hazırda həyata keçirilən erməni silahlı qüvvələrinin tərk-silahı prosesi barədə məlumat verib, son üç gün ərzində müsadirə edilmiş hərbi texnikanın və silah-sursatın şəkillərini baş katibə təqdim edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

23 sentyabr, 23:20

“Ermənistanla Azərbaycan arasında sülh anlaşmasının yaxın zamanda reallaşacağına inanıram”.

“Report”un ABŞ bürosu xəbər verir ki, bunu BMT baş katibi Antonio Quterreş Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

Görüşdə baş katib regionda mövcud vəziyyət barəsində nazir tərəfindən məlumatlandırılıb.

Tərəflər, həmçinin BMT və Azərbaycan münasibətlərinin müxtəlif istiqamətlərini, regional məsələləri müzakirə ediblər.

Qeyd edək ki, görüş artıq başa çatıb.

22:28

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT baş katibi Antonio Quterreşlə görüşüb.

“Report”un ABŞ bürosu xəbər verir ki, nazir öncə BMT-nin xatirə dəftərinə ürək sözlərini yazıb. A.Quterreş və C.Bayramov diplomatlar görüşdən öncə xatirə fotosu çəkdiriblər.

Görüşdə BMT və Azərbaycan münasibətlərinin müxtəlif istiqamətləri və regional məsələlər, eləcə də, Ermənistan-Azərbaycan münasibətlərin müzakirəsi nəzərdə tutulub.

Təkbətək görüş hazırda davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir