“Xocalıya ədalət!” ümumdünya sülh çağırışıdır

Cəmiyyət

Hər bir xalqın tarixində sevincli və faciəli günlər vardır. Azərbaycan xalqının təqvimində də faciəli günlər başqa xalqların acıları ilə müqayisədə az deyil. Əlbəttə, milli təqvimimizdə qara rənglə boyanan həmin günlərdə baş verənlər xalqımızın azadlıq, milli dövlətini qurmaq və qorumaq yolundakı yorulmaz mübarizələrini əks etdirir. Bununla bərabər, acınacaqlı haldır ki, aşağıda sadalayacağımız cinayətlərin hamısı dinc əhaliyə, günahsız insanlara, əsasən də qoca, qadın və uşaqlara qarşı törədilmişdir. Təəssüflə qeyd etməliyik ki, erməni təcavüzkarlığı ilə birbaşa bağlı olan bu faciəli günlər XX əsrdə, müasir dünyanın gözləri önündə baş vermişdir. 1905–1907-ci ilin qanlı olaylarını, 1918-ci ilin mart hadisələrini, 1920-ci ilin aprel işğalını, 1937-ci ilin repressiyalarını, 1948–1953 və 1988-1989-cu illərin deportasiyaları və nəhayət, 1990-cı ilin 20 Yanvar faciəsinin acı və ağrılarını heç zaman xalqımızın qan yaddaşından silinməyəcək. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin törətdiyi Xocalı soyqırımı isə unudulması mümkün olmayan bəşəri cinayətdir.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə 1994-cü ildə Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiymət verilmişdir. Ulu Öndər böyük qətiyyətlə Xocalı soyqırımının erməni faşizminin iç üzünü açıb ifşa edən bəşəri cinayət olduğunu bütün dünyaya bəyan etmişdir.
Qeyd etməliyik ki, XX əsr boyunca Azərbaycan xalqına qarşı törədilən soyqırımı, repressiya və deportasiya cinayətlərinin ağır nəticələrinin unutdurulması üçün keçmiş SSRİ dövründə sistemli və məqsədyönlü iş aparılmışdır. Lakin 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 Mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Aradan 80 il keçəndən sonra tarixi acıların üstünə işıq salan bu tarixi sənəd sonrakı illərdə erməni faşizminin ifşa edilməsi istiqamətində yol xəritəsinə çevrildi.

Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli və “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” 2022-ci il 28 yanvar tarixli sərəncamları Azərbaycan xalqına qarşı törədilən təxminən yüz illik ağır soyqırımı cinayətlərinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması üçün hüquqi bazanı daha da möhkəmləndirmişdir.
Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə təsis edilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində ötən dövrdə Xocalı soyqırımının dünya miqyasında tanıtdırılması və soyqırımı aktı olaraq qəbul etdirilməsi istiqamətində böyük işlər görülüb.
Bu il artıq Azərbaycan xalqı Xocalı soyqırımını, həlak olan insanlarımızın əziz xatirəsini yeni bir dövrdə yad edir. Bir tərəfdən təskinliklə qəhrəman övladlarımızın şücaətindən bəhs edərək şəhidlərimizin ruhunu şad edir, onların adlarının əbədiləşdirilməsini həyata keçiririk, digər bir tərəfdən isə ölkəmizin hərtərəfli inkişafına xidmət edəcək yeni strategiyanı müəyyən etməkdəyik.
Ulu Öndərin yaratdığı müasir Azərbaycanın qorunması məhz yeni nəslimizə miras qoyulub və hər bir Azərbaycan vətəndaşı müstəqilliyin, Azərbaycan tarixinin zəngin inkişafının təməl prinsiplərinin qorunmasında bundan sonra daha ardıcıl fəaliyyət göstərməlidir.
“Qürurverici haldır ki, öz doğma yurdundan, dədə-baba torpaqlarından didərgin düşmüş xocalılılar 32 ildən sonra evlərinə qayıdırlar. Xocalı şəhərində qurulacaq yeni abidələrlə, salınacaq yeni parklarla, həyat üçün zəruri olan yaradılacaq infrastrukturla Xocalı faciəsində dünyasını dəyişmiş insanlara hamılıqla öz ehtiramımızı bildirəcəyik.
Bu gün qalib xalqın yeganə istəyi, Xocalı qətliamının tanınması və Xocalı cinayətinin qatillərinin beynəlxalq arenada öz cəzalarını alması, yalnız o qanlı gecədə qurban olan insanların hüquqlarının yerinə yetirilməsi deyil, həmçinin gələcəkdə insanlığa qarşı baş verə biləcək soyqırımlarının və qırğınların qarşısının alınmasıdır.

Şamxal Əhmədov,
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Salyan rayonu üzrə nümayəndəsi,
YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir