Azərbaycanın dövlət-vətəndaş birliyinin formalaşdığı ölkəyə çevrilməsi Ulu Öndərin müdrik siyasətinin nəticəsidir

Cəmiyyət

Bakı, 11 may, AZƏRTAC

Dünya siyasət tarixində fenomenal şəxsiyyətlərdən olan Heydər Əliyev azərbaycanlı olmağı ilə fəxr edirdi. Azərbaycan xalqı da ulu öndər Heydər Əliyevlə fəxr edir və bundan sonra da edəcək. Biz hamımız qürur duyuruq ki, Tanrı Azərbaycana Heydər Əliyev kimi dahi şəxsiyyət, müdrik siyasi xadim bəxş edib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) sədri Arzu Bağırova söyləyib.
Ümummilli Liderin Azərbaycanın tərəqqisi və qabaqcıl dünya ölkələri sırasına çıxması üçün misilsiz işlər gördüyünü diqqətə çatdıran QHT sədri qeyd edib: “Ulu öndər Heydər Əliyev talan edilmiş, viran qoyulmuş Azərbaycanı ayağa qaldırmağa müvəffəq oldu. Ulu Öndər nəinki respublikamızın müstəqilliyini qoruyub saxladı, həm də Azərbaycanımızı dünyaya tanıtdı. Ölkəmizin dünyanın ən böyük siyasi təşkilatına – BMT-yə üzv olması Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm addım oldu.
Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər ölkə həyatının bütün sahələrində köklü dəyişikliklərə, islahatlara start verdi. Ulu Öndər müharibəni səngərlərdən diplomatiya müstəvisinə keçirməklə həm də ölkədə möhkəm ictimai-siyasi sabitliyi bərpa etmək istiqamətində çox ciddi tədbirlər həyata keçirdi”.
A.Bağırova diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində təkcə dövlət strukturlarının gücünə deyil, həm də ictimai təşkilatların fəaliyyətinə geniş meydan verilib. Bu iki prinsip vəhdət halında Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında həlledici amil rolunu oynayıb. Vətəndaş cəmiyyətinin formalaşması isə hər şeydən əvvəl, ölkədə dayanıqlı sabitlik, vətəndaşların təhlükəsizliyinin təmin olunması, sosial ədalət prinsipinin bərpası, demokratik dəyərlərə hörmət, hüququn aliliyinin təmin olunması deməkdir. Dövlət müstəqilliyinin ilk illərində yaranmış müxtəlif ictimai birliklər, cəmiyyətlər ölkəmizin informasiya blokadasından çıxmasına, demokratik proseslərin dərinləşməsinə və vətəndaş cəmiyyəti quruculuğuna kömək etməyə çalışırdılar. Lakin bütün bu cəhdlər ictimai sektorun formalaşması üçün kifayət deyildi və bu sahənin inkişafı üçün dövlətin ciddi müdaxiləsinə ehtiyac vardı. Bu müdaxilə məhz Ulu Öndər tərəfindən edildi.
1995-ci ildə Heydər Əliyevin müəllifliyi ilə vətəndaşlara birləşmək, istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı, digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququ verildi. Bu hüquq Konstitusiyada da öz əksini tapdı. Hüquqi-demokratik dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanda ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının dövlət strukturu deyil, müstəqil qurum kimi formalaşması üçün əlavə imkanlar yarandı.
Ölkəmizdə qeyri-hökumət təşkilatlarının təşəkkülünün bir neçə mərhələdən keçdiyini qeyd edən QHT sədri bildirib ki, ilkin mərhələ özünü büruzə verən sistemsizlik və pərakəndəlik 1999-cu ildə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təsis olunması ilə tədricən aradan qalxdı. Milli QHT Forumu fəaliyyətə başladığı gündən müvafiq dövlət orqanları ilə sıx əməkdaşlıq edərək ictimai təşkilatların fəaliyyətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi, onların inkişafı üçün əlverişli mühitin yaradılması istiqamətində ardıcıl işlər aparmağa başladı. Həmçinin forum QHT sektorunun fəaliyyətini tənzimləyən qanun layihələrinin hazırlanmasında yaxından iştirak etdi.
İctimai Birliyinin sədri vurğulayıb ki, Ulu Öndərin kursunu uğurla davam etdirən Prezident İlham Əliyev bütün sahələrə olduğu kimi, bu sahəyə də xüsusi qayğı ilə yanaşır. Ötən müddət ərzində Forumun həyata keçirdiyi layihələr, gördüyü işlər QHT sektorunun fəaliyyətinin cəmiyyətə təsirinin sübutudur.
“Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası”nın qəbul edilməsi dövlətimizin bu sahəyə diqqət və qayğısının, dəstəyinin təcəssümüdür. Bu gün QHT-lərə Dövlət Dəstəyi Agentliyi hökumətlə ictimai sektor arasında körpü rolunu oynayır. Dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında münasibətlərin müasir modelinin formalaşdırılması baxımından mükəmməl mexanizm hesab olunan QHT-lərə Dövlət Dəstəyi Agentliyi də Heydər Əliyevin demokratikləşmə prosesi istiqamətində başladığı yolun davamıdır.
Bir sözlə, ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində müstəqil Azərbaycan etibarlı tərəfdaş, iqtisadi cəhətdən güclü, sabit və dövlət-vətəndaş birliyinin təşəkkül tapdığı ölkəyə çevrilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir