Yoxsa “petliçka”nı tax yaxasına, videokameranı qoş ki, “tez ol, danış və üzr istə!”

Cəmiyyət

Kubra Məhərrəmova yazır…

Bu gün Müdafiə Nazirliyi 13 sentyabr erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçuların siyahısını yenilədi. 

Təəssüf ki, bu dəfə say 77 nəfərə çatdı. 

Buna qədər şəhidlərimizin sayı 71 idi.

Dünən gecədən isə sosial platformalarda “Şəhidin qardaşı üzr istədi” məzmunlu video viral oldu. 

Bir gün əvvəl isə Ermənistanın təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov qardaşından “komando”ya qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunması ilə bağlı məlumat vermişdi. Məsələ ilə bağlı həm Müdafiə Nazirliyi, həm də Baş Prokurorluq tərəfindən araşdırma aparıldığı bildirilmişdi.

Amma araşdırılmanın nəticəsi rəsmi qaydada cəmiyyətə çatdırılmadı. Xalqa mesajı şəhidin qardaşı “üzr videosunda” bildirdi. Qısaca dedi ki, 6 min manat söhbəti olmayıb. Diqqətinizə görə çox sağ olun. Amma bu məsələləri qaldırıb, ailəmizi də, qardaşımın ruhunu da incitməyək.

Videonun ab-havası, şəhid qardaşının onsuz da ağır mənəvi vəziyyətinin üstündə bir də “üzr videosunda” çıxış etməsi heç kimin gözündən yayınmadı. Aydın məsələdir ki, bu məmləkətdə heç kim könüllü “üzr videosu” çəkmir. Sənan Əhmədovun yaxasına vurulan “petliçka” (mikrofon) videonun peşəkarlar tərəfindən çəkilməsini və şablon ssenari ilə işləyən dövlət qurumlarının imzası durmasını üzə vurur. Videoya da haqlı olaraq cəmiyyət mənfi əks-səda verdi. Çünki heç kimin ağlına gəlməyən şey hansısa dövlət qurumunun ağlına gəldi. Ən yaxın adamını dünən dəfn edən adamdan “üzr videosu” tələb etmək. Hələ bu adam Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda canını fəda etmişsə. Məsələni daha da acınacaqlı edən məqam isə o idi ki, bu iki qardaşın elə Azərbaycandan başqa heç kimi yoxdur. Nə vəzifədə olan dayısı, nə də tabutunu çiyninə alacaq ata-anası. Xalq kimsəsiz şəhidə ən yüksək səviyyədə sayğısını göstərdi, məcburi “üzr istəmək” videosuna da sərt münasibətini bildirdi. Xalq bu məsələnin araşdırılmasını və günahkar olanların cəzalandırılmasını tələb edir. Haqqı da var. Bu gün döyüşə oğul göndərən ana-atanın haqqı var ki, onun övladına qarşı doğru-düzgün münasibət göstərilsin. Onun mənliyi və şərəfi alçaldılmasın. Vətən uğrunda şəhid olub, torpağa qarışanda da ruhu və xatirəsi uca tutulsun. 

O zaman bu hörmətsizliyi edənlər nə əldə etmək istəyirlər? Xalqın mənliyi, şəxsiyyətini, uzun illərdən sonra əldə olunan qalib ruhunu sındırmaqmı? 

Yoxsa, 2020-ci ildə əldə olunmuş ordu, xalq, Ali Baş Komandan birliyinə xələl gətirməkmi? Nədir məqsəd? 

Yoxsa öz etdiyi hansısa gizlin əməllərin üstünü ört-basdır etmək üçün atılan tələm-tələsik addımmı? 

Məsələ araşdırılmadığı və qarşımızda heç bir fakt olmadığı üçün (jurnalistika faktlara əsaslanan işdir. əgər hər deyilən sözə inansaq bu olacaq qeybət) tam iddia edə bilmirik ki, 6000 manat rüşvət verilib, yoxsa yox. 

Lap ehtimal edək ki, şəhidin qardaşı nəyisə düz anlamayıb, ya da nəsə başqa məqamlar olub. Bunu daha səliqəli formada, tələb olunan şəkildə araşdırılandan sonra yumşaq surətdə adama bildirmək olmazdımı? Demək olardı ki, əziz qardaşım, başa düşürəm qardaşımız Vətən uğrunda şəhid olub, sənin üçün bu ağır itkidir. Sənin cəmiyyətə rüşvətlə bağlı verdiyin məlumatı araşdırdıq, həqiqətəuyğun deyil. Səni incidən, narahat edən hansısa məsələ olubsa üzrlü say. Yoxsa “petliçka”nı tax yaxasına, videokameranı qoş ki, “tez ol, danış və üzr istə!”. 

Ümumiyyətlə bu “üzr videosu” xəstəlik olub düşüb millətin canına. Nə oldu, “üzr videosu” çəkilir. 

Pandemiyanın qızğın dövrlərində tibbi maska taxmayandan, “professorun” toyunda iştirak edənlərə qədər xeyli sayda video çəkildi. Bu ənənəyə birdəfəlik son qoymaq lazımdır. Onsuz da bilinir ki, hamısı məcbur olunub.

İndicə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat yayıldı ki, “Ötən gün qeyd edildiyi kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun 1-ci videoda səsləndirdiyi fikirlərlə bağlı hazırda prokurorluq orqanları tərəfindən araşdırma aparılır”. 

“Eyni zamanda, Sənan Əhmədovun sosial mediada yayılmış 2-ci videoda (oxu, “üzr videosu”) göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Ümid edirəm Dövlət baba Vətən uğrunda canını vermiş şəhid qardaşına yiyə durar. 

Onu da qeyd edim ki, hər bir məmur hər bir şəhidin ailəsinə, övladına, qardaşına, bacısına borcludur.

Vaxtınızı aldığım üçün üzr istəyirəm!

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir