Güneyli rejissor Xoyda zəlzələyə görə evsiz qalmış soydaşlarımızın vəziyyətindən danışdı – VİDEO

Dünya

Güneyli kinorejissor Məhəmməd Əlimuradi İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində zəlzələ nəticəsində evsiz qalmış əhalinin vəziyyəti haqda reportaj hazırlayıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

O, çəkiliş zamanı müxtəlif məntəqələrdə bir çox zərərçəkənlərlə görüşdüyünü deyib.

“Səlahiyyətlilər öz vəzifələrini yerinə yetirmirlər. Sakinlər soyuqda, qarda, qışda ağır vəziyyətdə qalıblar. Bu vəziyyətdə çadırda qalmaq çox çətindir. Amma onu belə, normal paylamırlar. Sakinlərin sözlərinə görə, hətta səkkiz evə bir çadır verilib”, – deyə tanınmış rejissor bildirib.

Xatırladaq ki, Güney Azərbaycanın Xoy bölgəsində baş verən 5,9 bal gücündə zəlzələ insan itkilərinə və ciddi dağıntılara səbəb olub. Yeraltı təkanların sonrakı günlərdə də davam etməsi, eləcə də qarlı-şaxtalı hava şəraiti əhalinin durumunu xeyli ağırlaşdırıb. Lakin daha dəhşətlisi isə – təbii fəlakətdən günlər keçməsinə baxmayaraq, İran rejiminin zəlzələdən zərər çəkən və soyuq havada çöldə qalan insanlara səmərəli kömək göstərməməsi və ya göstərmək istəməməsi, kənardan təklif olunan yardımı rədd etməsi, bununla da əhalini bir növ taleyin ixtiyarına buraxmasıdır.

Bu azmış kimi, hakimiyyət orqanlarına yardım üçün müraciət edən əhali “Bəsic” qüvvələrinin kobudluğu və təzyiqləri ilə üzləşib. Yayılan məlumatlara görə, Tehran hökuməti yaşam mücadiləsi verən Xoy camaatına zəruri yardım yollamaq əvəzinə, onların üzərinə xüsusi təyinatlı polis qüvvələri və su şırnağı maşınları göndərib.

Yeri gəlmişkən, Azərbaycan dövləti də Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza hər cür yardım göstərməyə hazırdır və bunun üçün bütün resurslar da var. Lakin İran dövləti Azərbaycanın bu yardımı soydaşlarımıza çatdırmasına imkan vermir.