İran humanitar yardım adı altında Suriyaya silah göndərə bilər – FOTO

Dünya

İran Suriyanın zəlzələ olan bölgələrində vəziyyətdən istifadə edərək, zərər çəkmiş insanlara yardım adı altında döyüş silahları göndərə bilər.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə “Nüvə İranına Qarşı Alyans” təşkilatının siyasi direktoru Ceyson Brodski İsrailin “i24” telekanalına müsahibəsində xəbərdarlıq edib.

O bildirib ki, SEPAH və “Hizbullah” daha öncə də humanitar yardım adı altında Suriyaya müharibə silahları göndəriblər.

“Beynəlxalq ictimaiyyət ayıq-sayıq olmalıdır. Çünki İslam Respublikasının kəşfiyyat agentləri, Qüds qüvvələri sızmaq və silah göndərmək üçün əvvəllər də İranın Qızıl Aypara Cəmiyyətindən sui-istifadə hallarına yol veriblər”, – deyə Brodski açıqlamasına əlavə edib.

Xatırladaq ki, fevralın 9-da İran hökuməti “humanitar yardım” daşıyan təyyarəni Dəməşq hava limanına göndərib.