Rəcəb Tayyib Ərdoğandan gənclər üçün paylaşım – FOTO

Dünya

“Əvvəllər Türkiyədə insanların ilk xəyalı başını girələyəcək ev tapmaq olub. Biz gənclərimizin və bütün xalqımızın ev arzusunun üfüqünü dəyişdik”.

Oxu.Az-ın məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərə müraciətində deyib. Dövlət başçısı bununla bağlı paylaşımı özünün “Twitter” hesabından edib.

O, 21 il ərzində Türkiyədə 10,5 milyon yaşayış evinin inşa edildiyini xatırladıb.

“Bu gün ev sahibi olmaq istəyən gənclərimizin arzularını gerçəkləşdirəcək olan bizik. “Mənim İlk Evim”, “Mənim İlk Torpağım”, ödənişinin yarısı dövlət tərəfindən qarşılanan “şəhərə çevrilmə” layihələri ilə ölkəmizdə öz evinə sahib olma xəyalına qovuşmayan qalmayacaq”, – deyə prezident qeyd edib.

Dövlət başçısı ölkədə əvvəllər avtomobil əldə etməyin müstəsna hal olduğunu vurğulayaraq, hazırda orta gəliri olan hər kəs üçün bunun əlçatan fürsətə çevrildiyini deyib.

“Hazırda biz “Togg” kimi yerli və milli avtomobil markamızla bu qüruru daha da irəli aparırıq”.

Türkiyə prezidenti müraciətində gənclərin təhsil və iş problemlərinin də həll olunduğunu deyib.

“Əvvəllər bizdə elə sistem var idi ki, ali məktəblərə qəbul imtahanında iştirak edən hər 10 uşaqdan yalnız biri ali məktəblərə daxil ola bilirdi. Bu gün tələbələrimizin rəqabəti istədikləri universitetin fakültəsinə daxil ola bilmək üzərində qurulub. Əvvəlki Türkiyədə iş tapmaq və işə düzəlmək o qədər də asan deyildi. Son 20 ildə işçi qüvvəmizin 22 milyondan 35 milyon nəfərə yüksəlməsinə baxmayaraq, biz iş yerlərini 11,5 milyon nəfər artıraraq tariximizin ən yüksək işçi sayına çatdıq”.

O, yaşanılan bütün çətinliklərə, hücumlara, tələlərə, maneələrə baxmayaraq, bu cür inkişafa nail olduqlarını qeyd edib.

“Allah ömür, millətimiz isə səlahiyyət verərsə, “Türk Yüz ili” ilə birlikdə layiq olduğumuz yerlərə çıxacağıq. Bunu da yenə siz gənclərlə birlikdə nail olacağıq. İnşallah”, – deyə R.T.Ərdoğan sözlərini yekunlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir