Ukraynada silaha sarılan karateçi dünyanın ən yaxşı idmançısı seçildi – FOTO/VİDEO

İdman

Ukraynalı karateçi, olimpiya mükafatçısı, X Ümumdünya Oyunları və II Avropa Oyunlarının qalibi Stanislav Qoruna Beynəlxalq Ümumdünya Oyunları Assosiasiyası (IWGA) tərəfindən mart ayının ən yaxşı idmançısı seçilib.

Oxu.Az xəbər verir ki, son Avropa çempionu olan və 2020-ci ilin ikinci ən yaxşı atleti seçilmiş Qoruna martın 1-də Ümumdünya Oyunlarına vəsiqə də qazanıb. O, dünya reytinqində 75 kq çəki dərəcəsində ikinci olmaqla bu hüququ əldə edib.

Lakin 33 yaşlı idmançının ABŞ-ın Birmingem şəhərində (Alabama ştatı) 7-17 iyul tarixlərində keçiriləcək XI Ümumdünya Oyunlarında iştirakı sual altına düşüb. Buna səbəb Lvovdan olan idmançının əlinə silah alıb vətənini müdafiə etməsi üçün Ukrayna ordusuna qoşulmasıdır.

Bu barədə IWGA-nın prezidenti Xose Perurena və Birmingem Təşkilat Komitəsinin rəhbəri Nik Selers çıxış edib: “Biz hər şeyi edəcəyik ki, Stanislav Qoruna və Ukraynadan olan digər idmançılar (ümumilikdə 137 Ukrayna idmançısı bu yarışa vəsiqə qazanıb – S.M.) öz ölkələrini Ümumdünya Oyunlarında təmsil etsinlər”.

Qeyd edək ki, 75 kq çəki dərəcəsində Ümumdünya Oyunlarına Azərbaycandan Rafael Ağayev vəsiqə qazana bilməyib. O, son dünya çempionatında ilk “üçlüy”ə düşə bilmədiyi və martın 1-də açıqlanmış reytinqdə ilk sıralarda qərarlaşmadığı üçün bu mötəbər yarışdan kənarda qalıb.

Azərbaycanı katada Roman Heydərov, kumitedə Asiman Qurbanlı (+84 kq) və İrina Zaretskaya (-68 kq) təmsil edəcəklər. Asiman ötən il Dubayda keçirilmiş dünya çempionatında bürünc, İrina isə qızıl medal qazandığı üçün bu hüquqa yiyələnib.

Səbuhi Musa

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir