DÇ-2022: Fransa millisi 84 illik rekordu təkrarlayıb

İdman

Fransa millisi 84 ildən sonra ardıcıl iki dəfə dünya çempionatının finalına vəsiqə qazanan ikinci Avropa komandası olub.

“Report”un məlumatına görə, Didye Deşamın kollektivi Qətərdə baş tutan DÇ-2022-nin yarımfinal mərhələsində Mərakeş seçməsini 2:0 hesabı ilə məğlub edərək buna nail olub.

İlk dəfə İtaliya yığması 1934 və 1938-ci illərin mundiallarında həlledici görüşə yüksəlməklə bu uğura imza atıb. “Xoruzlar” isə DÇ-2018-dən sonra Qətərdəki yarışda da final həyəcanı yaşamaq hüququna yiyələniblər.

Fransızlar həmçinin dünya çempionatlarının pley-off mərhələlərində qələbə seriyasını 7 matça yüksəldiblər. Komanda dörd il əvvəl Rusiyada keçirilən mundialdan etibarən qrup mərhələsindən sonrakı qarşılaşmalarında rəqiblərini məğlubiyyətə uğradıb. Bu baxımdan rekord Braziliya millisinə məxsusdur. Cənubi Amerika təmsilçisi 1958-1970-ci illər aralığında baş tutan dünya çempionatlarının pley-offlarında ardıcıl 9 qələbəyə sevinib.

Qeyd edək ki, Fransa millisi finalda Argentina ilə qarşılaşacaq. Dekabrın 18-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.