Azərbaycan ordusunun silah arsenalı: Modernləşmə, yoxsa yenilənmə? – TƏHLİL

Siyasət

Ölkəmizin təhlükəsizliyini daha yaxşı təmin etmək məqsədi ilə arsenalımızda olan köhnə silahlar modernləşdirilməli, eyni zamanda xüsusi tapşırıqların yerinə yetirilməsi üçün müasir texnologiyalara əsaslanan yeni silahlar alınmalıdır.
 
İkinci Qarabağ savaşında Azərbaycan Ordusunun arsenalında olan silahların uğurlu tətbiqi düşmən üzərində qələbə ilə nəticələndi. Onu qeyd etmək yerinə düşər ki, istismarda olan silahların bir hissəsi köhnə olsa da, modernləşmə aparılaraq effektivliyi artırılıb. Bütün bunlarla yanaşı həm də Ordumuzun arsenalında müasir silahlar da yer alıb ki, biz bunu Vətən müharibəsində də gördük.

İndi Rusiya ilə Ukrayna arasında gedən müharibədə də köhnə və yeni silahların təsir imkanlarını müşahidə edirik. Əgər köhnə silahlar daha çox dağıdıcı qüvvəyə malikdirsə, müasir silahlar dəqiq atış qabiliyyəti ilə məhvetmə üstünlüyünə sahibdir. Amma məsələ ondadır ki, dünyanın bir çox ölkələrində köhnə silahların modernləşdirilməsi də aparılır. Bəs görəsən, təhlükəsizliyimizi daha yaxşı təmin etmək üçün arsenalımızda olan köhnə silahları modernləşdirməliyik, yoxsa onlardan qurtulub müasir silahlar almalıyıq?
 
“Müasir müharibələrdə yüksək dəqiqlikli silahlar tətbiq edilir”
 
Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Müdafiə Nazirliyinin Raket-Artilleriya Silahları xidmətinin sabiq rəisi Əhəd Əzizov bildirdi ki, həm 44 günlük Vətən müharibəsində, həm də hazırda davam edən Ukrayna-Rusiya müharibəsində istər köhnə illərin istehsalı, istərsə də müasir silah nümunələri geniş tətbiq olunub:

“Aparılan döyüş əməliyyatlarının təhlili göstərir ki, şəxsi heyətin hazırlığı və döyüş ruhu yüksək olduqda, həmçinin silahlardan düzgün istifadə edildikdə onun istehsal tarixi bir o qədər də rol oynamır. Amma təbii ki, müasir müharibələrdə yüksək dəqiqlikli uzun mənzilli silahlar daha çox tətbiq edilir və bu da döyüş fəaliyyətlərinin xüsusiyyətlərinin dəyişməsindən irəli gələn faktordur. Əlbəttə ki, yeni, yüksək dəqiqlikli və uzunmənzilli silahlar müasir döyüşlərin əsasını təşkil edir. Belə silahlar, ilk növbədə həm düşmən hədəflərini dəqiqliklə məhv etmək, həm də öz bölmələrimizin şəxsi heyətinin qorunması əmsalının yüksək səviyyədə saxlanması üçün vacibdir”.
 
“Belə silah nümunələrinin yaradılmasından 40-50 il keçib”

Hərbi ekspert vurğuladı ki, aparılmış döyüş əməliyyatlarında Azərbaycan Ordusunun arsenalında olan bu tip silahlardan “LORA” əməliyyat-taktiki raket kompleksi (ƏTRK), “Polonez”, T-300 “Qasırğa” və 9K58 “Smerç” yaylım atəşli reaktiv sistemləri (YARS), “Spike” tank əleyhinə idarə olunan raket kompleksləri (TƏİRK) və zərbə pilotsuz uçuş aparatları (PUA) özünəməxsus yer tutub:

“Bu silahlar qarşılarına qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetiriblər. Bu arada qeyd etmək lazımdır ki, sözügedən müharibələrdə iştirak edən tərəflərin arsenalındakı silah nümunələrinin böyük əksəriyyətinin yaradılmasından, demək olar ki, 40-50 il keçib. Onlar artıq müasir müharibələrin tələblərinə tam cavab verə bilmirlər. Belə ki, uzun illər ərzində döyüş fəaliyyətlərinin aparılması xüsusiyyətləri xeyli dəyişib, həmçinin yeni növ idarə olunan döyüş sursatları yaradılıb ki, bu sursatların da mövcud silah nümunələrində tətbiqi bəzi hallarda çoxsaylı texniki səbəblərdən mümkün deyil”.

“Modernləşdirilmə daima həyata keçirilməlidir”

Ekspert vurğuladı ki, son lokal müharibələri təhlil edən bir çox silah istehsalı üzrə aparıcı ölkələrin hərbi mütəxəssisləri hesab edirlər ki, yeni silah nümunələrinin yaradılması və silahlanmaya daxil edilməsi ilə yanaşı, mövcud olanların modernləşdirilməsi də daima həyata keçirilməlidir:

“Buna misal olaraq, ABŞ-da, İsraildə, Almaniyada, İsveçrədə, Türkiyədə və Müstəqil Dövlətlər Birliyinə daxil olan bəzi ölkələrdə uzun müddət istismarda olan, müasir tələblərə cavab verməyən silah nümunələrinin modernləşdirilməsini göstərmək olar. Ona görə də bu döyüşlərdə uğurla tətbiq edilmiş və uzun müddət istismar olunan 2S1 “Qvozdika”, 2S3 “Akatsiya” və 2S7 “Pion” özüyeriyən artilleriya qurğuları (ÖAQ), 9K51 “Qrad” və RM70/85 YARS, 9К114 “Şturm-S”, həmçinin 2S19 “Msta-S”, 2S31 “Vena” və “Dana M1 CZ” ÖAQ, 9K58 “Smerç” YARS, 9K23 “Xrizantema-S” (TƏİRK) kimi özünü müsbət cəhətdən göstərmiş silah nümunələrini silahlanmadan çıxarmaq düzgün hesab edilmir. Silahlanmada olan bu sistemlərin hamısı mərhələli şəkildə modernləşdirilməli, onların bütün köhnə rabitə avadanlıqları və atəşi idarəetmə sistemləri yeni rəqəmsal sistemlərlə əvəz edilməli, köhnə müşahidə və nişanalma cihazları yeni optik-elektron sistemlərlə dəyişdirilməli, tərkiblərinə qlobal mövqeləmə sistemi (GPS) daxil edilməlidir. Eyni zamanda silah nümunələrinin şassisi modernləşdirilməlidir”.

“Müasir texnologiyalara əsaslanan yeni silahlar alınmalıdır”

Ə.Əzizov qeyd etdi ki, modernləşdirmə, ordunun silah nümunələrinin xidmət müddətinin artırılmasına, rabitə və atəşi idarəetmə vasitələrinin yeni elektron avadanlıq və element bazasının tətbiqinə, həmçinin alınan məlumatların rəqəmsal işlənilməsi hesabına müasirləşdirilməsinə vəsilə olacaq:

“Bunun da nəticəsində raket-artilleriya bölmələrinin manevr qabiliyyəti, atəş gücü, atış məsafəsi, dəqiqliyi və məhvetmə əmsalı yüksələcək, tapşırıqların yerinə yetirilməsinə sərf olunan vaxtın azaldılmasına nail olunacaq. Həmçinin silahlanmada olan sistemlərlə eyni təyinatlı, lakin yeni markalı silah nümunələrinin alınmasına ehtiyac qalmayacaq. Ümumilikdə onu deyə bilərəm ki, ölkəmizin təhlükəsizliyini daha yaxşı təmin etmək məqsədi ilə arsenalımızda olan və ümumqoşun döyüşünün əsasını təşkil edən köhnə silahlar müasir döyüşün tələblərinə uyğun şəkildə modernləşdirilməli, eyni zamanda xüsusi tapşırıqların yerinə yetirilməsi üçün müasir texnologiyalara əsaslanan yeni silahlar alınmalıdır”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.