Devid Satter: “Nüvə müharibəsi təhlükəsi olub və bu gün də qalmaqdadır”

Siyasət

“Təhlükə hər zaman mövcud idi və bu təhlükə bu gün də davam etməkdədir. Rusiyanın nüvə sazişindən çıxmasını simvolik hərəkət adlandırmaq olar. Məsələ ondan ibarətdir ki, Rusiyanın Strateji Hücum Silahlarının Məhdudlaşdırılması Müqaviləsində (“START-3”, sazişin ABŞ-dəki adı – red.) iştirakı əslində hərbi vəziyyətə heç bir təsir göstərmirdi. Vacib olan sözügedən müqavilədə iştirak deyil, Ukraynada döyüş meydanında baş verənlərdir”.

Bunu Oxu.Az-a açıqlamasında tanınmış amerikalı jurnalist, publisist, politoloq Devid Satter Rusiyanın strateji hücum silahları müqaviləsində iştirakını dayandırması ilə bağlı qərarını şərh edərkən söyləyib.

Devid Satter ABŞ Prezidentinin Kiyevə səfərinə də toxunub:  

“ABŞ Prezidenti Co Bayden çıxışında əvvəllər söylədiyi bütün məqamları təsdiqlədi. Bu, Ukraynaya dəstək və NATO nizamnaməsinin beşinci bəndinə aiddir. İndiki vəziyyətdə başqa heç nə gözləmək olmazdı. ABŞ-nin müdafiə naziri  Lloyd Ostin də Estoniya haqqında danışarkən deyib ki, NATO üzvü olan istənilən ölkə beşinci maddəyə əsasən qorunur”.

Amerikalı politoloq vurğulayıb ki, Rusiya hazırda müxtəlif psixoloji təzyiq üsullarından istifadə edir, ancaq əmindir ki, hər şey Ukraynada döyüş meydanında həll olunur:

“Nüvə təhlükəsi isə ona görə yaranmadı ki, Rusiya “START-3”dən geri çəkildi. Bu razılaşma tərəflər arasında heç olmasa minimum etimad səviyyəsini nəzərdə tuturdu, lakin Rusiyanın heç bir səbəb olmadan qonşu dövlətə hücumundan sonra bu etimad tamamilə aradan qalxdı”.

Devid Satter Rusiya Prezidenti Vladimir Putinin son açıqlamalarına və  Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin nüvə şantajına da münasibət bildirib.

Xatırladaq ki, Rusiya lideri son çıxışında bəyan edib ki, Moskvanı döyüş meydanında məğlub etmək mümkün deyil. Çoxları bunu nüvə silahından istifadənin mümkünlüyünə işarə kimi qəbul edib. Dmitri Medvedev isə mətbuata açıqlamasında bəyan edib ki, əgər ABŞ Rusiyanın məğlub olmasını istəyirsə, o zaman Rusiya Federasiyasının özünü istənilən silahla, o cümlədən nüvə silahı ilə müdafiə etmək hüququ var.

“Belə eyhamlar ilk dəfə səslənmir və onların gələcəkdə də davam edəcəyini gözləyə bilərik. Yeri gəlmişkən, Putin çıxışında bir çox başqa məsələlərdən də danışdı. Məsələn, onun Rusiya ərazisi adlandırdığı, lakin faktiki olaraq Rusiyanın öz nəzarətini təmin edə bilmədiyi Ukraynanın dörd bölgəsi haqqında. Təhdidlər – Rusiyanın müharibə aparmaq üçün əlində saxladığı mühüm alətdir. Təbii ki, buna göz yummaq olmaz, Qərb mümkün təhlükəni nəzərə almalı və cavab tədbirləri planlaşdırmalıdır, necə ki, bunu edir də. Lakin bu təhdidlər heç də o anlama gəlmir ki,  Kreml söylədiklərinə uyğun hərəkət edəcək. Orada yaxşı başa düşürlər ki, onların istənilən bir hərəkətinin, xüsusən də əgər söhbət nüvə silahına gedirsə, əks nəticələri olacaq. Bu, təbii ki, qorxulu vəziyyət olacaq, lakin bu dəhşətli vəziyyət Rusiyaya da təsirsiz ötüşməyəcək”, – deyə Satter vurğulayıb.

Devid Satter Birləşmiş Ştatların sabiq prezidenti Donald Trampın diqqət çəkən son açıqlamalarından birinə də öz münasibətini bildirib.

Qeyd edək ki, Tramp bəyan edib ki, əgər o hazırda ABŞ-ın prezidenti olsaydı, Ukraynadakı münaqişəni 24 saata həll edə bilərdi.

“Donald Tramp tez-tez müxtəlif məsuliyyətsiz bəyanatlar verir, bu, onun üslubudur. O öz qabiliyyətlərini həddindən artıq qiymətləndirməyə meyillidir. Mən bu sözləri ciddi qəbul etməzdim. Təəssüf ki, bu müharibəni dayandırmaq o qədər də asan deyil, baxmayaraq ki, hamı onun bitməsini istəyir”.

Nair Əliyev

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir