Azərbaycana qarşı mövqeyilə tanınan Baronessa Koksun anti-islamçılar tərəfindən maliyyələşdirildiyi üzə çıxdı

Siyasət

Britaniyanın Lordlar Palatasının qalmaqallı üzvü Baronessa Koks ortodoks xristian qrupları ilə əlaqəli yevangelist xeyriyyəçilər tərəfindən idarə olunan Amerika təşkilatından və eynicinsli nikahlara qarşı çıxan təşkilatlardan maliyyə dəstəyi alıb.

Onun İslamın tanınmış tənqidçiləri ilə müntəzəm görüşdüyü də bildirilir.

Azərbaycana qarşı mövqeyi ilə ad çıxarmış Baronessa onun qaranlıq fəaliyyətini əks etdirən sənədlərin kütləvi şəkildə mediaya sızmasından sonra maliyyə maraqlarını bəyan etmək məcburiyyətində qalıb. O bildirib ki, parlament təmsilçisini maliyyələşdirmək üçün istifadə edilən “Equal and Free Limited” qeyri-kommersiya şirkətinin maliyyə qaynaqlarının düzgün qeydiyyata almaması “sadə bir səhvdən” doğur. Əsində isə bu “səhv” Koksun təkcə ermənipərəst olması ilə deyil, həm də qatı irqçi və islam düşməni xisləti ilə izah olunur.

Belə ki, irqçilik əleyhinə olan “Hope not Hate” təşkilatının əldə etdiyi və”Sky News” ilə paylaşdığı görüşlərin protokolları göstərir ki, “Equal and Free Limited” iki yevangelist xeyriyyəçi tərəfindən idarə olunan Amerika təşkilatından maliyyə alıb.

Parlament qaydaları lordlardan kənar təşkilatlardan alınan dəstəyi açıqlamağı tələb etsə də, onlardan maliyyənin ilkin olaraq haradan qaynaqlandığının detalları tələb olunmur. Odur ki, Baronessa bu boşluqan istifadə edərək uzun illər əsl maliyyə mənbələrini gizlədib.

“Hope Not Hate”in yaydığı sənədlər arasında Baronessa Koksun parlament malikanəsində topladığı və İslamın tanınmış tənqidçilərinin iştirak etdiyi müntəzəm görüşlərin protokolları da var.

Sənədlər göstərir ki, 2013-cü ildə “Yeni Məsələlər Qrupu” adı ilə başlayan görüşlər 2023-cü ilə qədər davam edib və burada Lord Person da iştirak edib.

Baronessa Koks və Lord Person 2010-cu ildə ifrat sağçı niderlandlı siyasətçi Hert Vildersi Böyük Britaniyaya gətirərkən mübahisələrə səbəb olmuşdular.

2015-ci il iclasının protokollarında qrup üzvü Maqnus Nilsen tərəfindən yazılmış memorandumda İslamın “müsəlman olmayanların hamısına qarşı düşmənçilik niyyəti” təsvir edilir.

Həmçinin, təşkilatın 2008-ci ildə Kaliforniyada eynicinsli nikahları qadağan edən kampaniya və ortodoks xristian qrupu olan Amerika Anqlikan Şurası ilə əlaqəsi olduğu bildirilir.

Baronessanın təşkilatını maliyyələşdirənlərdən biri də mərhum multimilyonçu və iş adamı Hovard Ahmansonun oğludur. O, qatı dini baxışları ilə seçilən və Darvinin təkamül nəzəriyyəsini tənqid edən Sietldə yerləşən Kəşflər İnstitutunun direktorlar şurasının üzvüdür.

Ekspertlərin fikrincə, Koks ilə bağlı qalmaqallı sənədlər Britaniyada hökumət üzvlərinə birbaşa çıxışı olan lordların maliyyə qaynaqlarının daha dəqiq araşdırılmasını tələb edir.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir