Xankəndidə Bayrağın ucaldılması böyük xoşbəxtlik və qürurdur

Siyasət

“Son üç ildə hər birimiz üçün qürurverici məqamlardan biri ölkəmizin həyatında əhəmiyyətli rol oynayan tarixlərin, bayramların işğaldan azad edilmiş ərazilərimizdə qeyd olunması və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu məkanlardan mesajlarını çatdırmasıdır. Torpaqlarımızın 30 ildən sonra tarixi sahibinə qovuşması, ölkəmizin həyatında yeni mərhələnin başlanması tariximizin zəfər səhifəsi kimi daim vərəqlənəcək, xalqımız hər zaman ölkə Prezidentinə, rəşadətli Ordumuza minnətdarlığını ifadə edəcək. Oktyabrın 15-də, ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda Azərbaycan Bayrağını ucaldan Müzəffər Ali Baş Komandan İlham Əliyev tariximizin zəfər səhifələrini daha da zənginləşdirdi. Bundan xoşbəxt nə olar bilər ki? 30 il xalqımız bütün bayramlarda, tarixi günlərdə bu arzunu ifadə edirdi: “Gün gələcək üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq. Arzuları gerçəkliyə çevirən Prezident İlham Əliyevin Azərbaycan Bayrağını bu məkanlarda ucaldarkən keçirdiyi qürur hissi hər birimizi qürurlandırdı. Dövlətimizin başçısı Xankəndidən bu mesajı ünvanladı: “Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın”. SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, “Heydər Əliyev İli”ndə Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda ucaldan dövlətimizin başçısı Ümummilli Liderin 20 il bundan öncə Ona olan inamını, etimadını doğrultdu, verdiyi bütün vədləri yerinə yetirdi. Üçrəngli bayrağımızı ucaltdıqdan sonra xalqa müraciətində bildirdi ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyini il boyunca qeyd edirik: “Necə qeyd edirik? Onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik. Mən Ulu Öndərin ad gününü Şuşada keçirdim. Bilirəm, o vaxt bəziləri sual verirdi ki, təntənəli iclas harada keçiriləcək, təntənəli iclasda kim çıxış edəcək, hansı xarici qonaqlar gələcək? Sonra da gördülər ki, heç bir təntənəli iclas keçirilməmişdir. Nə üçün? Ona görə ki, bizim Ulu Öndərin xatirəsinə hörmətimiz əməli işlərlə ölçülməlidir”.

Millət vəkili onu da əlavə edib ki, dövlət başçısı İlham Əliyevin Qarabağa hər bir səfəri tarixi hadisə olmaqla yanaşı, bu torpaqlarımızın bərpası və yenidən qurulması istiqamətində mühüm addımlarla yadda qalır: “Cənab İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 20 illiyini tariximizə qürurverici hadisə kimi yazdığı bu səfəri zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışı, Suqovuşan su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi, Sərsəng su anbarının ərazisində, Ağdərə, Xocalı, Xocavənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində Dövlət Bayrağımızın ucaldılması mərasimləri keçirildi, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin, Şuşa rayonunun Malıbəyli kəndinin ərazisinə, Əsgəran qalasına və ərazisinə baxış, Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanışlıq oldu”.ğ

Malik Həsənov diqqəti bir daha 2003-cü ildən başlanan Böyük Yolun davamına yönəldərək bildirib ki, 20 il bundan əvvəl Prezident seçilən İlham Əliyev Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyinə və ərazi bütövlüyümüzü qoruyacağına söz vermişdir: “Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi. Hər gün Azərbaycan xalqı müqəddəs anı yaxınlaşdırırdı. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan dövlət başçısı İlham Əliyev qarşısına bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, torpaqlarda, şəhər və kəndlərdə qaldırılsın. Bu gün həmin qürurlu anların sevincini və xoşbətliyini yaşayırıq. Müzəffər Ali Baş Komandan bir daha nəyi, necə, nə vaxt etmək lazım olduğunu nümayiş etdirdi. İşğaldan azad olunmuş torpaqlarda dalğalanan üçrəngli bayrağımız qürurumuz, kimliyimiz və dünyaya ünvanlanan bu mesajımızdır ki, bu torpaqlar bizimdir və burada əbədi olacağıq. Bu gün Xankəndinin mərkəzində, Azərbaycan Gerbi, Bayrağı altında olmaq böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə tariximizdə əbədi olacaq. Yeni nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir