Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma Ermənistanda türk görmək istəmirlər”

Siyasət

“Elə bir vəziyyət yaranıb ki, Ermənistan hakimiyyəti ən azı sözdə Türkiyə ilə barışığın tərəfdarıdır, lakin Ermənistan cəmiyyəti və müxalifəti isə bunun əleyhinədir”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Türkiyədə yaşayan politoloq Ramiyə Məmmədova deyib.

O qeyd edib ki, Ermənistandakı bu ziddiyyətli vəziyyətə Türkiyədə də diqqət edirlər:  

“Bu mövzu Türkiyə mediasında aktiv şəkildə müzakirə olunur. Mənim fikrimcə, barışıq prosesi uzun çəkəcək. Azərbaycan Qarabağı azad edəndən sonra Ermənistan çətin seçim qarşısında qaldı: Ya Bakı və Ankara ilə münasibətləri normallaşdırmalıdır, ya da düşmənçiliyi davam etdirməlidir. Türkiyə hökuməti Ermənistana normal dövlət olmağı təklif edir ki, o, regiondakı proseslərdən kənarlaşdırımış vəziyyətdə qalmasın. Problem ondadır ki, erməni cəmiyyətinə bütünlüklə türklərə və azərbaycanlılara qarşı nifrət aşılanıb. Görünən odur ki, barışığın əleyhinə olmayan rəsmi İrəvan isə konkret qərarlar qəbul etmir. Burada Rusiya faktoru da var. Moskva regionda sabitliyin yaradılmasının zəruriliyindən danışır və burada Ermənistan-Türkiyə yaxınlaşması da nəzərdə tutulur. Amma eyni zamanda aydındır ki, hazırda Rusiya ilə Türkiyə arasında yaxşı münasibətlər olsa da, bu ölkələr potensial rəqiblərdir. Bu da Ermənistana təsir edir. Bundan əlavə, Ermənistanda daxili siyasi vəziyyət kifayət qədər mürəkkəbdir. Nikol Paşinyan Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq üçün nə isə etmək istəyir. Ancaq yaxın gələcəkdə nəyinsə nəticə verəcəyi ehtimalı azdır. Ayrı bir məqam Ankaranın özünün mövqeyidir ki, o, İrəvanla Bakı arasında tam hüquqlu sülh müqaviləsi imzalanmayana qədər Ermənistanla tam nizamlanmaya, bütün problemlərin həllinə heç vaxt razı olmayacaq”.

Politoloq Ramiyə Məmmədova Daşnaksütyun partiyasının yeni şüarı olan “Türklər İrəvanın mərkəzində əylənə bilməz” haqda fikirlərini, Türkiyədə 100 mindən çox qeyri-qanuni erməni mühacirin işləyib evlərinə pul göndərməsinə dair məlumatları, həmçinin ermənilərin Türkiyəyə tətilə getməsi, Türkiyə Respublikasında yaşayan erməni diasporu haqqında xəbərləri isə belə şərh edib:

“Türkiyə tolerant və çoxmillətli ölkədir, bura hər kəs üçün açıqdır. Burada çoxlu erməni kilsələri var ki, onları İstanbulun mərkəzində və başqa şəhərlərdə də görmək olar. Amma Ermənistanda, dediyim kimi, tamam başqa ideologiya var. Türklər və azərbaycanlılar ermənilərin əksəriyyəti üçün qatı düşməndirlər. Bu, daşnakların ideologiyasıdır – müharibə, qətllər, qondarma “soyqırımı”nın “qisası”… Amma onlar Türkiyəyə səfər edir, pul qazanırlar, istirahət edirlər. Lakin türkləri Ermənistanda görmək istəmirlər. Bax belə bir paradoks. Bu ideologiya və belə düşüncə ilə Ermənistan cəmiyyəti və dövləti inkişaf etməyəcək.

Nair Əliyev

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir